Axirətin batinilərdə elmi izahı


   Bu gün insanları düşündürən ən aktual mövzulardan biri də Axirət mövzusudur. Bu mövzu haqda danışmaq üçün, bu axırın əvvəlini, başlanğıcını bilmək vacibdir. Çünki istənilən bir nəticənin səbəbi olmalıdır. Başlanğıc və səbəb isə çox dərin kainat elmi ilə bağlıdır ki, qədimdə bu müdriklik elmi – sofi elmi kimi məlum idi və sonralar sufi elmi adlanmağa başladı. Müəllifi olduğum “Batini-Quran” kitabında mən bu müdriklik elminin ilkin materiyanın qanunları əsasında olmasını və onun mahiyyətini tam şəkildə açıb göstərmişəm. Deməli, dünyanın sonunu bilmək üçün, insanda onun yaranışı haqda təsəvvür olmalıdır.

Ən qədim inama görə, yer - qayaya söykənmiş mələyin çiyinlərində durur, qayanı isə üzən balığın üstündə dayanan öküz daşıyır. Hədislərin birində bu mənada deyilir: “Torpaq öküzün buynuzunda, öküz balıqda, balıq suda, su havada, hava isə nəmlikdə dayanır və nəmlikdə bilənlərin biliyi hüdudlanır”. Bu o deməkdir ki, ən qədim dövrlərdə yer, torpaq dedikdə, yaşadığımız bu dünya yox, başqa dünya nəzərdə tutulmuşdur və biz bu haqda demək olar ki, heç nə bilmirik.

Qədim Misir mənbələrdə “dünya” dedikdə, Misir fironu Amonun göydə yaratdığı Atum Allahının bədənində yerləşən Qeb aləmi nəzərdə tutulur. Mətnlərə görə, qədim Misirin Ra-Amon Allahı, qurban və magiya vasitəsi ilə, yer kürəsini əhatə edən və hər şeyi özünə daxil etmiş Atum Allahını yaradır. Tövratda, hər şeyi əhatə edən kosmik Atum Allahının yaradılması, dünyanın yeddi günə yaradılması kimi qeyd olunur. “Книга Гора или расшифровка Торы” adlı kitabımda mən faktlarla göstərmişəm ki, dünyanı altı günə yaradan və yeddinci gün dincələn Allah elə qədim Misirin Ra-Amon Allahıdır və “Allah dünyanı yaratdı” dedikdə də söhbət yaşadığımız fiziki dünyadan yox, göydə, Atum Allahının bədənində yaradılmış ruhlar dünyasından gedir. Deməli, ən qədim mənbələrdə “dünya” dedikdə, Misir fironu Amonun milyonlarla qurban və magiya ilə göydə yaratdığı ruhlar dünyası nəzərdə tutulurdu.

Dünyanın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyanın sirlərini öyrənən Amon, əvvəl Şu, sonra isə Tefnut Allahını yaradır. Onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu qalxaraq yeri göydən ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Usiri (Osiris/Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan Allah yaranır. Sonrakı mənbələrdə Adəm adlanan bu kosmik Atumun bədənində isə Qeb (İslamda Qeyb aləmi) ruhlar dünyası yaradılır ki, digər mənbələrdə bu dünya Adəm [DM] adına uyğun olaraq Edem [DM] cənnəti adlandırılır. Bütövlükdə Atum adlanan adların hamısı vahid Allahın müxtəlif adları hesab olunurdu. Müsəlmanların Əsədulla (İsida-Allah), Sayədulla (Set-Allah), Niftulla (Neftida-Allah) və s. adları, qədim Misir Tanrılarının İslamda da nə vaxtsa Allah kimi qəbul olunduğu deməkdir.

Mənbələrdəki Usiri Allahı, hərfi mənasına görə Ra günəşini bildirir ki, bu da Ra-Amon və Atum Allahlarının ruhu mənasındadır. Ona görə də Usiri Allahının doğumu mətnlərdə bəşəriyyətin sahibinin, hökmdarının doğulması kimi qeyd olunur.

Lakin yaranışından bir müddət sonra Usiri Allahına həsəd aparan qardaşı Set, yəni şeytan obrazı onu öldürür. Sufizmdə, yəni dünyanın ən qədim “vahid dil”ində, hər bir fikir bir neçə məna verir ki, Setin Usirini öldürməsinin də əsas mənası, ilkin materiyanın, onun daxilində qeyri-təbii yolla yaradılmış bu varlığa minilliklər sonra qalib gəlməsi, yəni onu öldürməsi mənasındadır. Deməli, Usiri Allahının ölümü, Atum Allahının ruhunun ölümü mənasındadır ki, bu da kosmosu əhatə edən Atumun axirətdə, yəni yaranışdan 5500 il sonra məhv olması deməkdir. Qədim Misir mənbələrində bu ölüm, Usiri Allahın “ölməsi və dirilməsi” kimi qeyd olunur və sonrakı mənbələrdə bu hadisə Adonis, Attis, Tammuz, İsa və s. Allahların “ölüb-dirilməsi” kimi qalmışdır. İsa rəmzinin “ruh” mənasında olmasını nəzər alsaq razılaşarıq ki, Usirinin, yəni “İssi-Ra” (İsa-Ra) rəmzinin ölüb-dirilməsi elə İsanın (İisus) ölüb-dirilməsi mənasındadır. Qədim Misirdə Şu (yəhud. Yeşua) adlanan bu Allah göydəki Qeb dünyasını saxladığı üçün, onun ölümü, elə Atum Allahının ölümü deməkdir. Belə çıxır ki, ən qədim mənbələrdə axirət, dünyanın sonu dedikdə, Misir fironu Amonun göydə yaratdığı ruhlar dünyasının sonu başa düşülməlidir.

İslamda Ra-Amon (Ra-Əman) Allahı Rəhman kimi, Atum isə Adəm formasında qalmışdır. Məşhur sufi Mühiddin ibn Ərəbi də Adəmi Allah kimi təsvir edir və “Xəlq edilmiş” adlandırır. Sufilər dahisi Qəzaliyə görə isə, Allah mənasında olan bu nəhəng göy insanı elə Məhəmməd peyğəmbərdir. Deməli, sufilər də Məhəmməd peyğəmbəri “Allah ruhu” mənasında qəbul edirmişlər. Mən “Batini-Quran” kitabında və məqalələrimdə qeyd etmişəm ki, sufizmdə, peyğəmbər mənasında olan nəbi [NB] rəmzi, qədim Misir yazılarında Benu [BN] kimi qeyd olunan “fironun ruhu” rəmzi ilə eynidir. Benu - mətnlərdə fironun ruhu, ürəyi olan Ba quşu mənasındadır. Quranda (17:13) da ruh obrazı quşa bənzədilir və bildirilir ki, hər bir insanın quşu onun boynuna bərkidilmişdir. Bədənin ölümündən sonra Ba (Ab) ruhu göyə qalxaraq Benu [BN] qiyafəsi alır və bu rəmz də Nəbi [NB] rəmzi ilə eyni mənalıdır. Bu isə Məhəmməd peyğəmbərin – qədim Misirin Ra-Amon Allahının ruhu mənasında olması deməkdir. Hədislərdə Məhəmməd peyğəmbərin “iki dünyanın şahı” adlandırılması, onun Aşağı (yer) və Yuxarı (göy) Misirin fironu Amonun obrazında olmasına işarədir.

Xristian mənbələrinin birinə görə, Məhəmməd peyğəmbər ölüm ayağında öz ardıcıllarını başına yığıb bildirmişdi ki, “Mənim üçün dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Hədislərdə də peyğəmbər ənsarilərə məsləhət görür ki, onunla hovuz yanında görüşənədək dözsünlər. Belə çıxır ki, Məhəmməd peyğəmbər adi insan yox, ən qədim mənbələrdə “Ölüb-dirilən Allah” kimi qeyd olunan sirli obrazdır.

Qeyd etdiyimiz kimi, firon Amon əvvəl Şu, sonra isə Tefnut Allahını yaradır ki, onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Qeb torpağı İslamda “Qeyb aləmi”, yəhudi mənbələrində və “Kitabi-Dədə Qorqud”da “Olam Qaba”, “Qaba aləm” kimi qeyd edilir. Nut [NT] göyü isə İslam mənbələrində Tina, Atina [TN] və s. kimi qeyd olunmuş, daha sonralar isə Din rəmzinə çevrilmişdir ki, sufizmdə bu rəmzlər eynidir. Din [DN] rəmzi ilə eyni mənalı Ədn [DN] rəmzi Quranda cənnət adlandırılır və Nut göyündəki cənnət mənasında göstərilir. Dilimizdəki “dünya” [DN-Y] rəmzi də “din” [DN] rəmzindən yaranmışdır.

Mənbələrdə Ədn [DN] cənnəti Eden [DN], Edem və s. kimi də yazılır. Edem isə elə Adəm rəmzi mənasında göy insanı deməkdir və ruhların göydəki bu cənnəti də məhz Adəmin bədənində, yəni Atum Allahının daxilində yaradılmışdır. Bütün bunlar o deməkdir ki, axirət, “dünyanın sonu” dedikdə, Misir fironunun göydə yaratdığı ruhlar dünyasının sonu başa düşülməlidir. Mənbələrdə bu ölüm Adonis, Attis, Tammuz, İsa və s. Allahların “ölüb-dirilməsi” kimi qalmışdır. Belə çıxır ki, göydə yaradılmış ruhlar dünyası məhv olduqdan sonra, onun yerinə yeni dünya yaranacaqdır ki, bu da bu Allahların dirilməsi mənasındadır.

Quranda (14:48, 21:104) yeni ruhlar dünyasının yaranması - torpaqların dəyişdirilməsi, əvəz olunması kimi göstərilir. Hədislərdə bu mənada bildirilir ki, axirətdə Allah Göyləri bir barmağına, bütün torpağı – digər barmağına, ağacları – üçüncü barmağına, su və torpağı – dördüncü, qalan yaratdıqlarını isə beşinci barmağına yerləşdirəcək. Qurana (39:67, 81:1-3) görə də axirətdə bütün torpaqlar Allahın əlində olacaq və Göylər Onun sağ əlində büküləcək. Quran (21:104) açıq yazır ki, “O gün ki Biz Göyü, kitablar üçün dəftər girər lülə kimi bükəcəyik; ilk yaratdığımız varlıq kimi, verdiyimiz sözə əməl edərək, yenidən yaradacağıq. Həqiqətən Biz bunları edəcəyik!”. Bu o deməkdir ki, axirətdə yeni Adəm yaranacaq və onun bədənində yeni cənnət peyda olacaq. Qurana görə, bu zaman “Suur çalınacaq və yerin-göyün bütün əhalisi, Allahın rəhm etmək istədiyindən başqa hamı yıxılacaq. Sonra ikinci dəfə çalınacaq və insanlar qəbirdən görərək qalxacaqlar” (Quran, 39:68). Quranın bu ayəsinə görə, cənnətdəki ruhlar, dirilən Adəmin bədənindəki cənnətdə yenidən dirləcək və yeni “dünya”da həyatlarını davam etdirəcəklər.

Bütün bunlar onu göstərir ki, bizim, Allahın yaratdıqları haqda təsəvvürlərimiz yox səviyyəsindədir və dünyanın sonu ilə bağlı proses müasir elmə məlum olmayan təbiət qanunları vasitəsi ilə baş verəcəkdir. Məhz bu mənada Buxarinin hədislərinin birində Allah demişdir: “Mən öz möminlərim üçün elə bir şey hazırlamışam ki, göz görməmiş, qulaq eşitməmiş və hətta insan ürəyinə belə gəlməmişdir. Mən hələ onu demirəm ki, kimsə bunu başa düşə bilər”. Bu o deməkdir ki, axirətdə baş verəcək prosesləri müasir elm vasitəsi ilə izah etmək mümkün deyildir. Bu hadisələr, göyləri əhatə edən ilkin materiyanın qanunlarına əsasən baş verəcək və normal insan məntiqi bunu dərk etmək iqtidarında olmayacaq.

Belə çıxır ki, qədim mənbələrdə axirət dedikdə, yaşadığımız fiziki dünyanın sonu yox, qədim Misir fironu Amonun göydə yaratdığı birinci ruhlar dünyasının sonu başa düşülməlidir. Mənbələrə görə, bu ruhlar dünyasının yerində ikinci ruhlar dünyası yaranacaq ki, bu da ikinci Adəmin, yəni qədim Misirin Atum Allahının yaranışı deməkdir. İbn Ərəbi də, Kamil İnsan mənasında olan Adəmi – “Dünya” adlandırır və Allahın möhürü kimi təqdim edərək bildirir ki, Kamil İnsan yaşadıqca Dünya qorunacaq. Ərəbi, varisi də Adəm adlandırır və qeyd edir ki, Böyük Allah onunla öz Xəlq etdiyini, möhür xəzinəni gözlədiyi kimi gözləyir. Ərəbiyə görə Adəm, məhz möhür mənasında olan varis vasitəsi ilə diriləcək. Bu dirilmə, ən qədim zamanlarda yaradılmış göy dünyasının əvvəlki vəziyyətini alması mənasındadır. Bu isə o deməkdir ki, zaman sanki geriyə dönəcək. Ən qədim zamanlarda olduğu kimi yerdə yalnız Allahın yaratdığı qayda-qanun işləyəcək və yeni “Qızıl əsr” başlayacaq. Haqsızlıq, cinayət yox olacaq, insanlar Allahın qorxusundan yalnız onun qoyduğu qanunlarla yaşayacaqlar. Çünki, Adəmin (Atum) dirilməsi ilə eyni zamanda, qədim Misirdə Maat adlandırılan haqq-ədalət Allahı da yaranacaq.

Qədim Misirdə Maat rəmzi – həqiqət, qayda-qanun, etik norma, Allahın təbiətdəki və cəmiyyətdəki təyini və s. mənasını verirdi. Belə ki, əgər insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsızdır, pakdır və o yenidən dirilib Yaru çöllərində xoşbəxt yaşayacaqdır. Hesab olunurdu ki, insanlar “Maatın hesabına, Maatda və Maat üçün” yaşayırlar. Qədim mətnlərdə Maatın bərpa edilməsi – “Yalanın murdara çevrilməsi və ölkənin əvvəlki kimi olması” mənasını verirdi. Ölkənin əvvəlki kimi olması isə, Maatın, böyük Allahların vaxtında Göydən yerə enməsi və onlara yaxınlaşması, yerdə yaşayanlarla birləşməsi və s. kimi qeyd olunur.

Sufizmdə Maat [MT] rəmzi Atum [TM] rəmzi ilə eyni məna kəsb edir ki, bu da həqiqət qanunları mənasında olan ilkin materiyanın bu obrazlarda təzahür etməsi deməkdir. Günahsız və pak insanların Maatda və Maat üçün yaşamaları, Maatın, bədəni cənnət mənasında olan Atum Allahı ilə eyniliyinə işarədir.

İslamda Maat [MT] rəmzi maad/miad/mada [MD] kimi qalmışdır və qayıdış mənasında gələcək həyat, məhkəmə günündən sonrakı dövr deməkdir ki, bu da axirətdən sonrakı dövrdə, dağılmış birinci ruhlar dünyasının yerinə ikinci ruhlar dünyasının gəlməsi mənasındadır. Əl-Maad rəmzinin sinoniminin “əl-axir”, yəni axirət olması, Maatın axirətdə yenidən bərpa olunması deməkdir. Buradan belə nəticə çıxarmaq olar ki, misirlilərin Maatı elə İslamın Maad rəmzidir və bu rəmzlər axirətdə baş verməli olan məhkəmə günü ilə əlaqədardır.

Bütün bunlar o deməkdir ki, Axirət prosesi göydə baş verəcək çox mürəkkəb bir prosesdir. Bu proses zamanı göyləri təşkil edən ilkin materiyada yaradılmış birinci göy insanı işıqda parçalanacaq. Onun yerinə isə göydə yeni Adəm yaranacaq ki, onun də bədəni əvvəlki kimi bütün varlıqları əhatə edəcək. Eyni zamanda bu göy insanının bədənində yeni ruhlar dünyası, yəni cənnət yaranacaq və iman gətirənlər qədimdə olduğu kimi burada ölümsüzlük qazanacaqlar.

Bütün bunlar haqqında daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Bu kitab qədim sirləri izah edən yeganə kitabdır. Əgər Quran kitabı İslam dininin məbədgahıdırsa, “Batini-Quran” – bu məbədgahın giriş qapısıdır. Yalnız bu qapıdan keçəndən sonra “İslam aləmi”ni dərk etmək mümkündür.


Firudin Gilar Bəg
firudin@gilarbeg.com , firudin@rambler.ru