Qaib imam Mehdi - danışan Qurandır


Dövri mətbuatdakı məqalələrimizdə biz yazdıq ki, Allah «dünya»nı yaratdığı zaman ilk əvvəl kosmik insan simasında olan Adəm obrazlı türkləri (Azəri-Osman nəsli) yaratmışdır. Onlar isə Allahın göstərişinə əsasən indiki düşünən insanları (Homo sapiens), yəni adi yer əhlini yaratmışlar. İlk yaranmış Azəri-Osman türkləri - ilkin materiyanın qəlibdəki məhlula «axması» ilə (İslamda «fayd» rəmzi) yaranmışlar və onların sayı 120000 olmuşdur. İslamın 124000 peyğəmbərləri də məhz bu nəhəng türklərdir ki, buradakı əlavə 4000 peyğəmbər yaranışdan sonrakı dövrlərdə dünyaya gəlmişlər. Mənbələrdə qamərlər (kimmir), yəni qam ərləri adlandırılan bu Allahqüdrətli varlıqlar göydə ruhlar dünyası yaratdıqdan sonra eyni vaxtda o dünyaya «köçmüş» və əzraillərə çevrilmişlər. Türklərin bu «köçmüş» nəsli İslamda «mühacirlər», onların yerdə qalan qolu isə «ənsarilər» adlanır.
 
Ənsari [NSR] rəmzi mənbələrdən nizari [NZR] kimi də məlumdur və İbrahim peyğəmbərin oğlu İsmaillə bağlıdır. Qurana görə İsmail, atası İbrahimlə birlikdə Beytin, yəni göydəki ruhlar dünyasının təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin «Batini» elmi də bu mənada ismaililərin və nizarilərin elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Biz «Batini-Quran» kitabında göstərmişik ki, İbrahim peyğəmbər - «İbrahim məqamında» sehr, magiya vasitəsi ilə göydəki Kəbə evini tikmişdir. Qurana görə Kəbənin bu «müqəddəs ev»i insanlara təsdiq üçün yaradılmışdır. İsmail də bu yaranışda «iştirak etdiyi» üçün bütün sirlərdən agah olmuşdur.
 
Kəbə evində, yəni sehr və cadu vasitəsilə tikilən «bina»nın içində İlahi od, yəni ilkin materiya mövcuddur ki, Qurana görə Azər oğlu İbrahim məhz bu oda atılmış və bura onun üçün «sərin və zərərsiz bir ölkə»yə çevrilmişdir (Quran, 37:97, 21:69, 2:126-127). Bu isə o deməkdir ki, İbrahim peyğəmbərin tikdiyi «təhlükədən uzaq bir ölkə» elə bütün dinlərdə cənnət adlandırılan ruhlar dünyasıdır. Tövrata görə Musa peyğəmbər də göydən «ilahi od» gətirmiş və onu qurduğu «Vəhy çadırı»nda yerləşdirmişdir. Belə çıxır ki, Musanın «vəhy çadırı» elə İbrahimin yaratdığı «sərin və zərərsiz bir ölkə» mənasında olan cənnətdir.
 
İbrahim peyğəmbərin oda atılması - onun ilkin materiyaya qovuşması, yəni sufiliyin ən ali fazası olan «bəqa» - bəglik fazasına yüksəlməsi və Allahla vəhdət (xulul) təşkil etməsi mənasındadır. Sufilikdə bu vəhdət - «vəhdət əl vücud», bu yaranışı seyr edən İsmailin obrazı isə «vəhdət əl şühud», yəni «şahidlikdə vəhdət» adlanır.
 
Digər tərəfdən, ismaililərin inamına görə həqiqi imam - irqin fəxri olan Nizardır, hansı ki, deyilənə görə sağdır, lakin onu heç kim görə bilməz. O həmişə - əbədi yaşayır və şahlıq edir. Nizarın əbədi yaşayıb şahlıq etməsi, onun Allah rolunda (Xızır peyğəmbər obrazı) olması mənasındadır ki, qədim misir yazılarında bu rəmz bilavasitə Misirin Oziri/Osiris Allahına şamil edilir. Qədim misir yazılarında Nizar [NZR] rəmzi İunu/On [N] şəhəri ilə bağlı olan Oziri (Osiris) Allahına aid edildiyi üçün Osiris-Nu, yəni N-Oziri [NZR] şəklində yazılır. Mehdi rolunda cıxış edən bu Osiris Allahının bədəni mətnlərə görə məhz İunu, yəni Geliopolda – Gel şəhərində uyuyur. İunu/On [N] rəmzinin ilkin Nun [NN] suları rəmzi ilə eyniliyi isə o deməkdir ki, Mehdinin rəmzi bədəni ilkin materiyada formalaşmamış vəziyyətdə mövcuddur və yaranması üçün axirəti gözləyir. Osiris-Nu obrazının: “Mən, kəsiləndən sonra öz başını geri alan Od oğlu Odam... Mən yenidən öz hissələrimi yığdım, mən özümü sağlam və toxunulmaz etdim, mən özümə cavanlığımı qaytardım” və s. deməsi, Osiris-Nu, yəni Nizar obrazının, qədim misir yazılarındakı “ölüb-dirilən Osiris” Allahının obrazı olması deməkdir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.439,214,571,433). Mətnlərə görə məhz Osiris-Nu (N-Oziri) axirətdə ilk yaranışı təkrarlayacaq və göydə yeni Qaba aləm yaranacaq ki, sonrakı dövrlərdə dünyanı məhz bu Mehdi obrazı idarə edəcəkdir.
 
Qeyd etmək istərdik ki, Mehdinin “Qaib” [QB] adlanması, onun ruhunun Qaba [QB] aləmin ruhuna çevriləcəyi ilə bağlıdır. Axirət mövzusunda yazan H. Yəhyanın yazılarının birində bildirilir ki, yer üzü öldükdən sonra Allah Mehdinin vasitəsi ilə təkrar ona həyat verəcək (onu ihya edəcək) və müşriklər istəməsə də Allahın Haq dini digər dinlərə müzəffər qılacaq. Onun gəlişi hüzündən sonra müthiş bir Fetihin (Fateh – qədim Misirin Ptah Allahı) gəlişi olacaqdır. Mehdinin ləqəbi və ismlərindən birinin, uzun müddət yox olması ilə bağlı, “qaib” adlanması, onun həbsi kimi qiymətləndirilir ki, bu səbəbdən onun öldüyü, öldürüldüyü və birdəfəlik getməsi haqqında mənbələrdə məlumatlar var. Burada həbs dedikdə, İbrahim peyğəmbərin dövründə yaradılmış İsmail obrazının axirətə qədər göydə həbs rəmzində qalması başa düşülməlidir. Mehdinin Qaim adlanması, onun qam – yəni Midiya maqlarının (qam – şaman) nəslindən olması deməkdir.
 
Yazdıqlarımızdan belə çıxır ki, Nizar deyəndə qədim Misirdə dirilik suyu, ilahi od və s. mənalarda olan Oziri/Osiris, yəni Azər Allahı başa düşülməlidir. Dilimizdə bu ilahi od, yəni ilkin materiya - «Azər odu» («Nuri-Azər») kimi qalmışdır. Sufilikdə isə Azər [ZR] və Nizar [N-ZR] rəmzləri eyni mənalıdır. Çünki buradakı «N» rəmzi ilkin materiyanın «yaradılış anı»nı bildirir (tur-turan, ər-ərən). Belə çıxır ki, mənbələrdəki Ənsari/Nizar [NSR/NZR] rəmzi də Xəzər rəmzi kimi Azər rəmzinin yazılış formalarındandır. Nizarilərin mənbələrdə ismaili adlandırılması, İsmail obrazının, dünyanan yaranışı vaxtı yaranmış və axirətə qədər göydə qalmış Mehdinin obrazı olması deməkdir.
 
Gilqameş haqqındakı rəvayətdə, Nuh peyğəmbərin obrazında olan Ut-Napiştim (Atraxasis) məhz Nisir (Nizir) dağında lövbər salır ki, Tövratda Nuhun lövbər saldığı bu dağ Ararat (Ağrı) dağı adlanır. Və məhz burada Qədim Misirin İunu, yəni Geliopol şəhəri yerləşir ki, buradaki Duat – “ölüm şahlığı”nda axirətdə Osiris-Nu, yəni Nizar diriləcəkdir. Quranda Mehdi obrazında olan lövbər salacaq Nuhun vaxtının qeyri müəyyənliyi nəzərə çatdırılır (Quran, 7:187). Bu isə o deməkdir ki, axirətdə Allah rolunda olan Nuh obrazı öz lövbərini məhz Nisir rəmzi ilə bağlı olan nizarilərin Ələmut qalasında salacaqdır.
 
İ. Xarakskiyə görə əbədi olan ilahi od, yəni Azər odu - «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılır. Əl Kufi isə Arşak, yəni Arsakın bu yerinin Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsində olmasını yazır. Deməli, İbrahim peyğəmbərin sehr vasitəsi ilə göydə «ilahi od»dan yaratdığı ruhlar dünyası olan cənnət Azərbaycan ərazisində yerləşir. Hürufi deyimlərinin birinə görə də “Vəhdətin Günəşi”, yəni ilkin materiya ilə vəhdət təşkil edən Günəş Allahı Ra-Amon (Rəhman) ilk kəs məhz Azərbaycanda görünmüşdür və məhz bura peyğəmbərlərin və müqəddəslərin vətənidir (Ş. Keçəli, “Alevilik. Bozkırda yanan ateş”, Ankara, səh.147). Təsadüfi deyil ki, məşhur ingilis alimi Devid Rol «Cənnət axtarışı» sənədli filmində cənnəti Azərbaycanın Təbriz şəhəri ətrafında axtarır.
 
Nizari-ismaililər müxtəlif dövlətlərdə «əl-batiniyyə», «əs-səbiyyə», «əl-qəramilər» (qərmətilər), «ət-təlimiyyə», «əl-mülhidə» və s. adlarla adlanmışlar. Mənbələrə görə, «batini»ləri: Bağdadda – qarmatilər, Kufədə – mübarəkilər, Reydə – xələfilər, Cürcanda – mühəmmirələr, Bəhreyndə isə seyidlər adlandırırdılar. Batin rəmzi eyni zamanda qızılbaşlara aid olan «bidin mülhidi» rəmzi ilə bağlıdır. Bidin, bodun rəmzləri bit/beyt/bodi rəmzləri ilə bağlıdır ki, bu da sufilikdə «tam kamilliyə çatmış», «gizli sirləri bilən» və «ev» mənasındadır. İsmaililərin mənbələrdə mələhi, məlahi, əl-mülhid, əl-məlahid və s. adlandırılması isə o deməkdir ki, ismaili-nizarilər adı altında mələklər nəsli və Mələküt rəmzləri başa düşülməlidir. Çünki, məlahi, mülhid rəmzləri sufilikdə mələk, Mələküt mənasındadır. Belə çıxır ki, «bidin mülhidləri» rəmzi «tam kamilliyə çatmış mələklərin evi, məkanı» fikrini ifadə edir ki, bu da göydə yaradılmış «cənnət əhli» deməkdir. Sufilər dahisi Qəzaliyə görə mələklər üç növ olur ki, bu da Yer, Göy və Allahın taxtını daşıyan mələkləridir. Tarixçi M. Xorenatsinin «türk» rəmzini («Tork-Anqelea») «mələk» rəmzi ilə eyniləşdirməsi onu göstərir ki, mənbələrdə yer mələkləri deyəndə sufiliyin tərikə silsiləsini keçmiş türklər başa düşülməlidir. Türk [TRK] rəmzinin kürd [KRD/KRT] rəmzi ilə eyniliyi isə bu iki rəmzin eyni xalqa aid olması deməkdir.
 
Nizari–batinilərin mənbələrdə xələfi, mühəmmirə, seyid və s. adlandırılması, axirətdə gələn Mehdinin məhz nizarilərdən olması deməkdir. Biz əvvəlki məqalələrimizdə yazdıq ki, seyid adlandırılan və soyadlarının qarşısına «mir» sözləri yazılan əmir nəsli (qədim mənbələrdə amorey-sutilər) – qədim amoreylər, yəni midiyalı marların nəslidir ki, mar (mir) rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəsli olan Heraklın nəslinə aid edilmişdir. Mühəmmirə rəmzi də bu mənada “maq-mar” fikrini ifadə edir ki, bu rəmz sufiliyə görə Məhəmməd (Maq-Midiya) rəmzi ilə eyni mənalıdır. Midiyanın elə marlar ölkəsi olmasını nəzərə alsaq razılaşarıq ki, axirətdə gələm Mehdi də məhz Midiya maqı olmalıdır. H. Yəhya və s. yazarların araşdırmalarına görə Mehdi məhz Peyğəmbərin soyundan (seyyid) olacaqdır. Onun ismi, künyəsi, şəkli, sünnəti də peyğəmbərin ismi, künyəsi, şəkli, sünnəti olacaqdır və ona itaət etmişlər, peyğəmbərə itaət etmiş sayılacaqdır.
 
Lakin “Mehdi” [MH-D] rəmzi eyni zamanda “maq-ata” [MQ-T] fikrini ifadə edir ki, Qəzaliyə görə “ata” rəmzindən sirli Muta rəmzi yaranmışdır. Məhəmməd rəmzinin maq və mada/muta rəmzlərindən yaranması ona işarədir ki, axirətdə gəlməli olan Mehdi [MH-D] elə Əhməd [HM-D] adlandırılan Məhəmməd peyğəmbərin obrazıdır.
 
Mehdi ilə bağlı İmam Zeynalabdin demişdir: “Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir çox bənzərlik var. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd peyğəmbərlərin hər biri ilə oxşarlığı vardır. Nuh ilə uzun ömürlü olmasında; İbrahim ilə doğumunun gizli olması və xalqdan uzaq durmasında; Musa ilə qorxu halı və qeybdə yaşamasında; İsa ilə xalqın onun haqqında ixtilafa düşməsində; Əyyub ilə bəladan sonra qurtuluşun yetişməsində; Məhəmməd ilə də elm qılıncı ilə qiyam etməsində bənzəri vardır”. Bu o deməkdir ki, Mehdi obrazı qədim peyğəmbərlərin obrazı və təcəssümüdür.
 
Nizarilərin müstəqil dövlətinin paytaxtı İranın Ələmut qalası hesab edilir və buna görə də ismaililəri İranda «qala adamları» adlandırırdılar. Deməli, Ələmut (Muta/Midiya eli) qalası – Göydəki ruhlar dünyasının, yəni mələklər məkanı olan Mələkütün qalasıdır. İbn Fərabinin və İbn Sinanın yazılarında Mələküt - ilkin ağıl olan «əl-əql əl-əvvəl»ə, yəni ilkin materiyaya uyğundur. Quranda Mələküt - yerdəki Mülkün hakimiyyətinin əksi, Allahın ali hakimiyyəti, Allahın əmri və İlahi sirlərin əsası mənasındadır. Deməli, Ələmut, yəni qədim Midiya qalası adi qala yox, göydəki ruhlar dünyasının qapısıdır və məhz buradan mələklər dünyası olan cənnətə yol başlanır. Bütün bunlar isə ona işarədir ki, İbrahim peyğəmbərin tikdiyi «müqəddəs ev» olan Beyt məhz mələklərin yaşadığı Ələmut qalasıdır.
 
İnama görə, Məhəmməd ibn İsmailin ölümündən sonra o yeddinci - sonuncu imam kimi qayıtmalıdır. İsmail obrazının ölümündən sonra sonuncu imam kimi qayıtması, göyün sirlərini bilənin, yəni «vəhdət əl şühud» obrazının qayıdışı mənasındadır. Quranda bu obraz «yada salma» kimi qeyd olunur. Qurana görə, bu kitab özü elə yadasalmadan ibarətdir və bu kitabı - yada salaraq yazmışlar: «Biz heç bir məmləkəti, ora yada salan bir peyğəmbər göndərmədən məhv etmədik. Biz zalım olmamışıq!... Yadasalmadan ibarət olan Qurana and olsun... Məgər aramızda yadasalma onamı nazil olmuşdur? Bəli onlar Mənim yadasalmama şübhə edirlər. Bəli, onlar hələ mənim cəzamı dadmamışlar!... Doğrudanmı yadasalma bizim aramızda məhz ona atılmışdır? Yox, o yalançı, lovğadır!... Biz Quranı yadasalma üçün sadələşdirdik, lakin bir nəfər də olsun yada salan varmı?... Biz onu yadasalma və səhradan olan adamlar üçün sursat etdik!» (Quran, 26:208,209, 38:1,7, 54:25,32, 56:73). Göründüyü kimi, Qurana görə, axirətdə gələn sonuncu imam Mehdinin obrazı elə qədimdə baş verən hadisələri yada salan müjdəçinin, yəni Beytin yaradılmasının şahidi olmuş və sirləri bilən İsmailin obrazıdır.
 
Qəzali Quranın yada salınaraq yazılmasını işarə edərək bildirir ki, qədim sirləri yalnız ürəyində İlahi nur olan dərk edə bilər. Onun yazdığına görə, bu gizli elmi qəbul etmək üçün insanın təbii və təcrübədən asılı olmayan fitri istedadı olmalıdır ki, bu da «vacib bilik» sayılır.
 
Müasir ismaililərdə axirətdə gələn imamın məhz imam Əli olacağı inamı mövcuddur. Bununla bağlı onlarda olan xüsusi qəsidələrdə bildirilir ki, Əli əzəldən mövcud olmuşdur. O, özünün qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltmışdır. Əli – əbədi var olan və hər yerdə mövcud olan, hər şeyi meydana çıxarandır. Əli qüdrətlidir və oxşarı yoxdur və vahid kimi yaşayır. O insanların bütün hərəkətlərini örtür və bağışlayır. İnama görə, imamların bütün bilikləri Həzrət-Əliyə, onun bilikləri Rəsuli-Əkrəmə, Rəsuli-Əkrəmin bilikləri isə vəhyə əsaslanır. Bu isə o deməkdir ki, Həzrət-Əli burada axırıncı peyğəmbər kimi qeyd olunur. Əlinin Allah olmasını qəbul edən Əli-İlahi təliminə görə, Allah – Nuhda, İbrahimdə, Musada, İsada təcəssüm etmiş və nəhayət Əli şəxsiyyətində axırıncı dəfə təcəssüm edəndə o «Şah Cahan» adını alacaqdır. Belə çıxır ki, «qədim yaranışı seyr etmiş» İsmail obrazı elə imam Əlinin obrazıdır və sufilikdə «İsmail» [SM-L] rəmzi «Səma Əli» [SM-L] kimi də oxunur ki, bu da axirətdə Əlinin ruhunun bütün göy səmasını tutacağı ilə bağlıdır. Bu isə o deməkdir ki, Qurandakı «torpaqların dəyişdirilməsi» rəmzi, yəni axirətdə göydə yaradılacaq ikinci ruhlar dünyası (ikinci cənnət) da İsmail nəsli ilə bağlı olacaqdır.
 
Əli-İlahi təliminə görə, Quran yaradılmışdır, yazılmamışdır. Allah-Əli imam Əli simasında zühur etmişdir ki, öz Quranını yaysın. Lakin bu Quran Məhəmməd vasitəsi ilə xalqa verilən Quran deyil, başqasıdır, xüsusidir və içindəkilər yalnız insanları düz yola gətirmək üçün çox az şeyx və dərvişlərə məlum olmuşdur. Bu təlimə görə Məhəmməd - Allahın müjdəçisi, xəbərçisidir ki, Əli şəxsiyyətində təcəssüm etmişdir. Bu isə o deməkdir ki, axirətdə Əlinin obrazında gəlməli olan müjdəçi insanlara məlum olmayan qədim sirləri yada salaraq öz kitabında açacaqdır. Məhəmməd peyğəmbərin imam Əlini “Danışan Quran” (“Natık-i Əli’yel Quran”) adlandırması, Əlinin həqiqətən də axirətdə gəlməli olan Mehdi obrazında olması deməkdir.
 
Quran bildirir ki, axirətdə gələn peyğəmbər yeni Quran gətirməklə bərabər, vərəsəliklə ona çatacaq Süleyman peyğəmbərin qızıldan tikdiyi evin də yerini göstərəcək: “Onlar dedilər: “Nə qədər ki sən yerdən çeşmə çıxarmamısan və ya nə qədər ki sənin Xurma ağacı və üzümlüyü olan bağın olmayacaq və sən onların arasında arx çəkməmisən, və ya iddia etdiyin kimi Göyü parça-parça edib üstümüzə endirməyncə və ya Allahla birgə gəlməyincə və mələkləri də gətirməyincə, və yaxud qızıldan bir evin olmayınca və ya sən göyə qalxmayınca biz sənə inanmayacağıq. Biz sənin, oxuyacağımız kitabı Göydən endirməyincə, sənin göyə qalxmağına da inanmayacağıq. De: “Mənim Rəbbimin şanı ucadır! Mən sadəcə bəşər olan peyğəmbərəm!” (Quran, 17:90-93). Deməli, axirətdə gəlməli olan peyğəmbər Allahla və 124000 əzraillə birgə gələcək və Allah ona, aralarında dirilik suyu axan öz cənnət bağını da verəcək. Mehdi öz göydəki taxtında bər-qərar olmamışdan əvvəl, göydə ilk yaradılmış birinci ruhlar dünyası parçalanacaq. Mehdinin fiziki ölümündən sonra isə ilkin materiyada Sahib əz-Zamanın ikinci ruhlar dünyası yaranacaq. Quranda bu hadisə «torpaqların dəyişdirilməsi» adlanır (Quran, 30:11,27, 50:15, 14:19,48, 53:47, 61:8). Bu isə o deməkdir ki, axirət - göylə, ilkin materiya ilə bağlı olan kosmik hadisədir ki, bu zaman göydə, bütün dünyanı öz ağuşuna almış yeni kosmik insan yaranacaq. Salvador Dali, özünün “Yeni insanın yaranmasını seyr edən geopolitik oğlan” rəsmində kosmik insanı və onun yaranacağı yeri xəritədə çox dəqiq göstərmişdir və s. (sayt: http://www.starat.narod.ru/pictures/dali/mix5/pic175.htm).
 
Quranda qeyd olunan “qızıldan ev” - axirətlə bağlı deyimlərdə dağ və mağara kimi qeyd olunur ki, bu da qızıldan olan evin hansı-sa dağın altında olması deməkdir. H. Yəhyanın və s. tədqiqatçıların gətirdiyi sitatlara görə axirətdə gələn Mehdi dağa (Şam, Antakya və s. dağlar) doğru yönələrək oradan Tövratı, digər səmavi kitabların cildlərini çıxaracaq və yəhudilərə Tövratı, xristianlara isə İncilı başa salacaqdır. O, Tövratın, İncilin, Quranın və s. səmavi kitabların məğzini xalqa anladacaq və onların eyni mənalı və eyni köklə bağlı olmasını açıb göstərəcəkdir. Xalq onu məhz bu “iman nuru” ilə tanıyacaq ki, bu da onun biliyinin üstün olması, yalnız Allaha məlum olan həqiqətləri bilməsi ilə bağlıdır. Haqsızlığa məruz qalmış günahsız Mehdi bazarlarda adi insanlar kimi gəzəcək, ancaq insanlar onu tanımayacaqlar və onu qəbul etməyəcəklər. Lakin onun, qədin dünyanın bütün sirlərinə nur saçan biliyi ilə insanlar nəhayət ki həqiqətləri dərk edəcəklər.
 
Əhdi-Cədiddə İsa peyğəmbərin də Nizar rəmzi ilə bağlı olması nəzərə çatdırılır ki, mənbələrə görə o Nazaretin Qaliley şəhərindən, yəni «Nizarın xəlil xanəsi»ndən olmuşdur. Qaliley [QLL] , yəni xəlil [XLL] rəmzinin Nazaret, yəni nizar rəmzinə aid edilməsi isə onu göstərir ki, axirətdə gəlməli olan İsa peyğəmbərin obrazı da məhz İsmail rəmzinin obrazlarındandır. İsmail [S-ML] rəmzinin İsa-Aləm [S-LM] kimi oxunuşu onu göstərir ki, İsa peyğəmbərin ruhu, axirətdə göy aləminin ruhuna çevriləcək və axirətdən sonra “dünya”nı məhz onun ruhu idarə edəcəkdir.
 
Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir.
 




Tarix:      www.gilarbeg.com Saytı