Axirət haqqında həqiqətlər


Bu gün insanları düşündürən ən aktual mövzulardan biri Axirət mövzusudur. Bütün dinlərdə və bir çox qədim mənbələrdə yer alan bu mövzu haqqında çox məqalələr yazılmış, verilişlər və hətta kinolar çəkilmişdir. Buna baxmayaraq insanlar hələ də bu mövzunun mənasını dərk etməmişlər. Axirətin və ümumiyyətlə bütün qədim sirlərin, elmlərin düzgün başa düşülməməsi gətirib o yerə çıxarmışdır ki, həqiqi elmdən uzaq adamlar dini şou-biznesə çevirib, dərk etmədikləri şeylər haqqında fikirlər söyləyirlər. İndi artıq sadəcə ərəb dilini bilən və özünü ilahiyyatçı hesab edən Elşad Miri kimi cavanlar televiziya ekranlarında ekspert kimi çıxışlar edir, özlərini bu sahənin bilicisi kimi göstərirlər. Təkcə savadsızlığı ilə yox, eyni zamanda mədəniyyət və tərbiyəsinin kasadlığı ilə seçilən bu tip insanlar ekran qarşısında, ömürlərini elmə həsr etmiş yaşlı nəslin nümayəndələrini savadsızlıqda günahlandırır və onları təhqir etməkdən belə çəkinmirlər. Bu faktın özü onu göstərir ki, qədim yazılarda qeyd olunan Axirət zamanı həqiqətən yetişmişdir. Lakin bu axirətin nədə özünü büruzə verməsi, necə başlaması və s. proseslər hələ də qaranlıqdır.
 
Axır zaman haqqında söz deməkdən üçün, bu axırın əvvəlini, başlanğıcını bilmək vacibdir. Çünki istənilən bir nəticənin səbəbi də olmalıdır. Bu mövzunun əksər qədim mənbələrdə çox geniş şəkildə təsvir olunmasına baxmayaraq, tədqiqatçılar qədim rəmzlərin oxunuş mexanizmini, məntiqini bilmədikləri üçün, yazılanların həqiqi mənalarını dərk etməmişlər. Deyilənə görə, peyğəmbərimiz də müqəddəs yazıların adi məntiqlə dərk edilməsinin qeyri-mümkünlüyünü xüsusi vurğulamışdır: “Kim ki, müqəddəs yazılara ağılla izah edir və təfsirdə düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir”. Bu o deməkdir ki, qədim sirləri adi məntiqlə dərk etmək qeyri-mümkündür. Qədim sirlərin bilicilərindən olan Əflatun, Filon, İbn Ərəbi və s. kimi dahilərə görə bu mətnləri yalnız ilahi məntiqlə dərk etmək mümkündür.
 
Hər şeydən əvvəl bilmək vacibdir ki, bütün qədim yazılar, Əflatunun xüsusi qeyd etdiyi kimi yalnız bir kosmik hadisəyə həsr olunmuşdur ki, bu haqda insanlar demək olar ki, heç nə bilmirlər. Qədim Misir mətnlərində bu hadisə Nut göyündə Qeb dünyasının (İslamda Qeyb aləmi, Kəbə evi) yaradılması hadisəsi kimi təsvir olunur. Tövratda, Quranda bu hadisə dünyanın yeddi “günə” yaranması kimi göstərilir ki, insanlar səhvən bunu yaşadığımız fiziki aləmə aid edirlər. Həqiqətdə isə, bütün qədim yazılarda söhbət, qədim Misirin Ra-Amon (Rəhman) Allahının milyonlarla qurban və magik rituallar vasitəsi ilə Alban dağlarının üstündəki səmada yaratdığı ruhlar aləmindən gedir. Erməni mənbələrində bu, zahid və möminlərin Sünikdə tikdiyi böyük səhra kimi təsvir olunur ki, yunan mənbələrində bu dünya Xaosda yaradılmış Ereb səhrası mənasında göstərilir.
 
 
Qədim Misir mətnlərinə görə, dünyanın yaradılışının Geliopol variantında bildirilir ki, göydə yaradılmış ruhlar dünyası, bir-birini əvəzləyən yaranışlarla törənmişdir. İlkin Nun sularındakı təpəyə əvvəl “hər şey” mənasını verən və “Enneadanın doqquz Allahı” olan Atum Allahı yüksəlmişdir. O Özündən Şu və Tefnut cütlüyünü, yəni hava və nəmlik rəmzli obrazlarını yaradır. Bunlardan Qeb və Nut, yəni göydəki Qeyb aləmi və sistemləşdirilmiş yeni Göy yaradılır. Allahın ruhu mənasında olan Şu “qalxaraq” göyü qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut öz növbəsində Oziri/Osiris (Azər), İsida, Set və Neftidanı yaradırlar.
 
Quranda da Rəhman Allahın ilkin materiyadan Nut göyünü sistemləşdirməsi və onu qaldırıb saxlaması, göydə Qeb torpağını, yəni Qeyb aləmini, dağları yaratması qeyd olunmuşdur (Quran, 4:154, 5:21, 7:171, 21:30-34, 22:65, 35:41, 43:11). Burada Atum rəmzi Adəm kimi qeyd olunur ki, Allah onu yaradandan sonra mələklərə, Adəmə səcdə etməyə əmr edir və iblisdən başqa hamı ona səcdə edir (Quran; 38:71,72, 15:29, 32:7-9, 7:11). Rəhman Allahın ilk yaratdığı insana, mələklərin səcdə etməsini əmr etməsi o deməkdir ki, O məhz Atum Allahını yaratmışdır.
 
Sufilər dahisi İbn Ərəbi yazır ki, Allah, Öz şanlı adlarının sahibi kimi, onların təcəssümünü yığcam bir varlıqda görmək istədi və bu mənada hər şeyi əhatə edən Adəmin obrazını yaratdı. Daha sonra ona, həmişə olub, olan və olacaq ilkin materiyanın ən müqəddəs tökülməsini təşkil etdi, yəni ona ruh verdi. Bu isə o deməkdir ki, Atum/Adəm obrazı, yer kürəsini əhatə etmiş kosmik insanın, yəni Kəbir/Əkbər rəmzinin obrazıdır. Tövrata görə də Adəm yaradılanda dünyanın bu başından o başına qədər olmuşdur.
Kosmik insan obrazında yaradılmış Adəm özündən, yəni ilkin materiyadan Şu və Tefnut cütlüyünü yaradır ki, burada Şu rəmzi bir neçə məna daşıyır. İlkin materiyanın qanunlarına görə, göydə bir şey yaratmaq üçün mütləq bənzətmə obrazı olmalıdır və buna görə də hər bir rəmz bir neçə məna ifadə edir. Şu rəmzi qədim Misir mənbələrində həm Amon Allahının ruhunu, bu ruh işıq (nur) rəmzli ilkin materiyadan ibarət olduğu üçün həm də ilkin materiyanı, nuru bildirir.
 
Lakin Şu rəmzi qədim Misir mətnlərində eyni zamanda axirətdə gəlməli olan Mehdinin də ruhudur ki, mətnlərdə bu rəmz eyni zamanda Nu-Oziri kimi qeyd olunur. İslamda Nu-Oziri [N-ZR] rəmzi Nizar [NZR] kimi məlumdur ki, bu da ismailiyə şiələrinin müqəddəs imamıdır. Mənbələrə görə O ölməmişdir, gözəgörünmür, yaşayır və öz məlahidlərinin dövləti olan Kuhistanda şahlıq edir. Məlahid rəmzi bütün qədim mənbələrdə mələküt kimi məlumdur və göydəki mələklər ölkəsi deməkdir. Və bu mələklər ölkəsi Ələmut qalasından başlanır. Digər tərəfdən, Nu-Oziri eyni zamanda mənbələrdə Sebek Allahı kimi yenidən diriləcəyini bildirir. Əgər nəzərə alsaq ki, Sebek obrazı nizari-ismaili şiələrinin müqəddəsi Həsən ibn Sabbahın obrazıdır, razılaşarıq ki, “şiə” rəmzi də məhz qədim Misirdə bir neçə məna verən Şu Allahının rəmzidir. Və bu rəmzlər axirətdə gəlməli olan Mehdinin tərəfdarlarının nəsli olduğu üçün sünnə əhlindən fərqli “seçilmişlər”, “müqəddəslər nəsli” (əl-Xassə) hesab edilirlər.
 
Adəm, Şu obrazı ilə eyni zamanda Tefnut obrazını da yaradır ki, sağa və sola oxunuşda eyni məna verən sufilikdə və Qədim Misir dilçiliyində bu rəmz Afet/Apet/Pta Allahının Nut/Ten vilayəti deməkdir. Nut/Ten [NT-TN] rəmzləri qədim Misir mənbələrindəki “Qaldırılmış torpaq” mənasında olan “Ta-tanen” [TTNN] rəmzindən yaranmışdır ki, bu da ilkin Nun sularından yaranmış Tet, yəni Duat – ölüm şahlığı mənasındadır. Əs-Suyuti də Ten/Tina kəndini, məhkəmə günü kafirlərin ruhlarının yığışacağı yer kimi göstərir.
Lakin Adəmin, yəni “Enneadanın doqquz Allahının” ürək və dili, mənbələrdə Yafət (Apet) kimi qalmış Ptah (Pta – Apa Ata) Allahıdır və məhz onun ürəyindəki fikri və dilə gətirdiyi sözün hesabına dünya yaranmışdır. Mənbələrdə Pta/Apet rəmzi müxtəlif formada yazılmasına baxmayaraq Qafqaz dağlarına aid edilir ki, Tefnut rəmzinin də bilavasitə buradakı ölüm şahlığı rəmzində olan Sokar (Duat) mağarasında olması deməkdir. Quranda (54:48, 74:26-28,43) Sokar rəmzi Sakar [SK-R] kimi yazılır və “cəhənnəm odu” mənasını verir. Digər mənbələrdə Arsak [R-SK] kimi yazılan və bilavasitə ilahi odun (Nuri-Azər) qorunduğu yerlə bağlı olan Arsak/Arşak yeri Əl-Kufiyə görə Ərdəbildən 45 km yol məsafəsində yerləşir ki, bu da kaduslar (Qades – ölüm şahlığı) diyarı olan Talış dağlarının ərazisinə düşür. Deməli, Atum Allahının Özündən Şu və Tefnut cütlüyünü, yəni hava və nəmlik rəmzli obrazlarını yaratması dedikdə, Atumun eyni zamanda fəzada Mehdinin obrazını və yeraltı mağarada dirilik suyu rəmzində olan ilkin materiyadan bütün yaranacaqların rəmzlərini yaratması başa düşülməlidir.
 
İsmailiyə fəlsəfəsində də göydəki ruhlar dünyası yeraltı ölüm şahlığı ilə əlaqələndirilir və 12 «ada»dan («əl-cəzair») ibarət hesab olunur ki, hərəsinin öz ali xətibi var və onları «Dai Duat əl-cəzirə» adlandırırlar. Duat rəmzi qədim misirlilərin («Amduat kitabı» - «Duatda olanlar») «Ölüm şahlığı» olan Sokarisin gizli mağarasıdır ki, axirətdə bura gətirilən ölmüş Mehdinin ruhu burada Ra-günəş rəmzli Amon Allahı ilə birləşəcək və Ra-Amon Allahının doğuşunu, yəni Rəhmanın ərşə yüksəlməsini təkrar edəcək. Qədim Misirin “Ölülər kitabı”nda bu “gecə günəşi”nin (ay) qocalmış Ra günəşinin yerini tutması kimi qeyd olunur. Və məhz bundan sonra göydə yeni ruhlar dünyası yaranacaq ki, buranın da sahibi artıq Mehdinin ruhu olacaq. Quranda bu yenidən dirilmə, torpaqların dəyişdirilməsi və s. kimi qeyd olunur (Quran, 30:11, 30:27, 50:15, 14:19, 14:48, 53:47, 61:8). Bəşəriyyətə həyat verən ilkin materiyanın Mehdinin ruhuna tabe edilməsi və onunla vəhdət təşkil etməsi (“Vəhdət əl Vücud”), onun bundan sonra hər iki dünyanın sahibinə çevrilməsi deməkdir ki, mənbələr bunu “zamanın sahibi“ adlandırır. Məhz bu yaranışı nəzərdə tutan Buxari hədislərinin birində qeyd edir ki, peyğəmbərin söylədiyinə görə, Allah demişdir: «Mən öz möminlərim üçün elə bir şey hazırlamışam ki, göz görməmiş, qulaq eşitməmiş və hətta insan ürəyinə belə gəlməmişdir, Mən hələ onu demirəm ki, kimsə bunu başa düşə bilər».
 
Oten/Tina rəmzi islamda Din kimi qeyd olunur ki, ibn Ərəbiyə görə Allah bu dini İbrahim oğullarına və Yaquba vəsiyyət etmişdir. Burada Din rəmzi «əlif» və «lam» səsləri ilə qeyd olunmuşdur ki, bu da - Əl, yəni El – «Göydəki el», «ruhlar dünyası» deməkdir. Məhz “Din” rəmzindən “Dünya” və “Ədn” rəmzləri yaranmışdır ki, bu göydəki cənnətə və ruhlar dünyasına aiddir.
 
Lakin El və Din rəmzləri mənbələrdə Aldan kimi də yazılır ki, Kartirin (III əsr) yazısında bu rəmz Albaniyaya aid edilir. Tarixçi M. Xorenatsiyə görə Alban torpaqları Gel elində doğulmuş Sisaka (sak) nəslindən olan kiməsə əbədi verilmişdir.
 
Yazdıqlarımızdan belə çıxır ki, Axirətdə Gel şəhərində, yəni Geliopolda yaradılmış Atum (Adəm) adlandırılan kosmik ansambl yox olacaq, onun yerinə isə onun bənzəri olan yeni sistem yaranacaq ki, mənbələrdə bu əvəzləmə Oziri, Kibela (Qeyb Eli), Adonis və s. Allahların ölüb-dirilməsi adlanır. Bütün bunlar isə o deməkdir ki, dünyanın axırı dedikdə, 5500 il bundan əvvəl göydə yaradılmış ruhlar dünyasını axırı başa düşülməlidir.
 
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir” (www.gilarbeg.com).
 
Firudin Gilar Bəg 
firudin@gilarbeg.com 
 




Tarix:      www.gilarbeg.com Saytı