Qədim müdriklərin ilahi məntiqi (və ya “Allah Azərbaycandan ərşə yüksəlmişdir”)


           
Elm-texnika inkişaf etdikcə insanlar reallığı tam qavradıqlarına inanır, qəbul olunmuş elmlərdən kənarda heç bir elmin olmaması qənaətinə gəlirlər. Lakin son araşdırmalar onu göstərir ki, bizim qəbul etdiyimiz elm heç də bütün suallara cavab verə bilmir. Qədim yazılarda yazılanlar isə ümumiyyətlə düzgün dərk edilməmişdir. Bu gün insanlar, minilliklər boyu aksioma kimi qəbul edilmiş Əflatunun (Platon) və digər dahilərin fəlsəfəsinə səhv kimi baxır, onların dövründə elmlərin tam inkişaf etmədiyini əsas gətirirlər. Lakin elmlə dərindən məşğul olanlar bilirlər ki, bu günkü elmlər qədimdəki kamil elmin tör-töküntüləridir. Əgər bu gün ulduzlar arasındakı məsafəni ölçmək üçün çox müasir teleskoplar və s. avadanlıqlar kəşf olunmalıdırsa, qədimdə bunun üçün ekstatik vəziyyətə, yəni sufiliyin tərikə yolunu keçib bəqa pilləsinə qalxmaq kifayət idi. Bunu “Kimiyai-səadət” kitabında xüsusi nəzərə çatdıran Əbu Həmid əl-Qəzaliyə görə həqiqi elmi yalnız daxili biliyə malik sufilər ekstaz və zahidlik yolu ilə dərk edə bilərlər (sayt: http://www.sufizm.ru/lib/gasali/selected/). Dahi İbn Ərəbiyə görə də Quranı və digər sirli yazıları yalnız sufi arifləri dərk edə bilərlər. İbn Sina isə “Biliklər kitabı”nda bildirir ki, insan bir saat ərzində bütün elmləri ardıcıl – başlanğıcdan sona qədər dərk edə bilər. Əgər nəzərə alsaq ki, alimlərin və arxeoloqların araşdırmalarına görə təxminən 6 min il bundan əvvəl naməlum səbəbdən elm və cəmiyyət birdən və tam kamil surətdə inkişaf etməyə başlamışdır, razılaşarıq ki, bu inkişafın da səbəbi məhz sufilərin tərikə yolu olmuşdur.

Esxilin “Qandallanmış Prometey” əsərinə görə bütün inkişafın səbəbi - türklərin əcdadı olan Yafətin oğlu Prometeydir. Məhz o, uşaq kimi ağılsız insanlara düşünmə qabiliyyəti vermiş, onlara elm, mədəniyyət və s. öyrətmişdir (Esxil, “Qandallanmış Prometey” 490-520). Prometey haqqındakı rəvayətdə isə bildirilir ki, Baş Allah Zevsin icazəsi ilə Prometey öz əlləri ilə gildən, Allahlardan zəif, lakin düşünmə qabiliyyətinə malik insan düzəldir. Zevs isə bu insana ruh verib onu dirildir. Quranda Prometey və Zevs rolunda Rəhman Allah özü çıxış edir: “Budur sənin Allahın mələklərə dedi: “Mən gildən insan düzəldərəm və mən qurtaranda ona öz ruhumdan üfürəcəyəm və ona səcdə edin!...” (Quran; 38:71,72, 15:29, 32:7-9, 7:11). Quranda, bütləri Allaha çevirən eyni zamanda İbrahim peyğəmbərin atası Azərdir (Quran; 6:74). Əgər qədim Misir rəvayətlərinə görə ilk qadın və kişini duluzçu dəzgahında Xnum Allahı düzəldirsə, məhz Oziri (Osiris), yəni Azər Allahı insanları heyvan səviyyəsindən çıxarıb, onlara elm, mədəniyyət və s. verir.

Həməviyə görə Azər pəhləvicə “od” deməkdir. İslamda Azər rəmzi həm mələk və həm də “odun himayəçisi” mənasını verir ki, Azərbaycan ədəbiyyatında “nuri-Azər”, yəni “Azər odu” rəmzi mövcud olmuşdur. Nəzərə alsaq ki, rəvayətlərdə Qafqaz dağlarına qandallanmış Prometey yerə məhz ilahi od gətirmişdir, razılaşarıq ki, məhz bu ilahi odun vasitəsi ilə Allah insanlara düşünmə qabiliyyəti vermişdir.

Od rəmzi qədim yazılarda ilkin materiya mənasında işlənmişdir. Əflatunun “Xora” və s. adlandırdığı bu od bütün həyatın səbəbkarıdır. Yer kürəsindəki bütün varlıqlar məhz ilkin materiyanın təzahürüdür. İnsanlarda bu - sinir sistemi kimi, digər varlıqlarda isə energetik sahə və s. kimi formalaşmışdır. İlkin materiyanı idarə etməyi öyrənən şəxs istədiyi formada istədiyi canlını yarada bilər. Onu idarə etməyi öyrənmək üçün isə, tərikə yolunu keçib ekstatik vəziyyətdə ona daxil olmaq lazımdır. Tərikə yolunun ən son pilləsi olan bəqa (bəg/baqa/boq rəmzləri) pilləsinə daxil olan sufi ilkin materiyadan istədiyi suala cavab ala və istədiyi varlığı yaratma texnologiyasını öyrənə bilər və s.

Məhşur sufi Əziz Əd-din ibn Mühəmməd Nəsəfi özünün “Zubdat əl-Xakaik” əsərində ilkin materiyanı cövhər adlandırır və bildirir ki, ağıl da bu vahid cövhərin bir adıdır (sayt: http://www.upelsinka.com/Russian/text_zubdat.htm). Fərabi ilkin materiyanı “fəal ağıl” kimi, ibtidai insanın ağlını isə “əzabkeş ağıl” kimi rəmzləndirir. Fəal ağılın sonradan, süni surətdə əzabkeş ağıla “axdırılması” prosesini o “qazanılmış ağıl” adlandırır ki, bu ağıl da elə Prometeyin ilk insana verdiyi ilahi od mənasındadır (Ал-Фараби, «Сушество вопросов», sayt: http://enoth.narod.ru/Philosophy/ph02_farabi.txt, “Xeyirxah şəhərin əhalisinin baxışları haqqında traktat”: 26,28). Fəal ağılın, yəni ilkin materiyanın insan beynində qəbulunu Fərabi peyğəmbərlik kimi qeyd edir ki, vəhylər məhz bunun sayəsində baş verir. Misir tarixçisi Əhməd Əmin bu prosesi “Allahla vəhdət” (sufilikdə “Vəhdət əl-Vücud”) adlandırır və bu ilahi mahiyyətin (laxut) insana (nasut) axması mənasındadır. İslamda “axma” rəmzi və Allahla vəhdət - “Xulul” kimi də rəmzləndirilmişdir ki, Xəlilullah, yəni Xəlil Allah rəmzi də məhz bu mənada insanın Allahla vəhdətini bildirir. Deməli, Allah dedikdə, bütün həyatın səbəbi olan ilkin materiyanı (ilahi od, dirilik suyu və s. rəmzlər) özünə tabe edib onu idarə edən varlıq (ruh) başa düşülməlidir. Qədim Misir yazılarında bu obraz Ra-Əman/Ra-Amon, yəni Rəhman Allahının obrazıdır ki, O özünün, ilkin materiyadan yaratdığı Ra günəşi ilə birləşmiş və əbədi tək Allaha çevrilmişdir.

Bütün bunlar o deməkdir ki, Prometeyin insanlara od verməsi - Allahın insanlara ağıl verib, onları düşünən insana (Homo sapiens) çevirməsi mənasındadır. Əflatun, Rəhman Allahın insan beynini yaratmasını belə təsvir edir: “Sümüyü O, bax belə düzəltmişdir. Ələnmiş təmiz və hamar torpaqdan seçib yoğurmağa başladı və beyinlə islatdı: bundan sonra O, qarışığı oda qoydu, sonra suya saldı. Beləcə bir neçə dəfə suda və odda möhkəmləndirdikdən sonra o onu, onun üçün və özü üçün dağılmaz etdi” (Əflatun, “Timey”, 73E). Belə çıxır ki, Allah insan beynində dəyişiklik də aparmışdır. Bu gün bütün tibb alimləri bilir ki, insan beynində ən yeni qat var ki, bu da sonradan yaradılmışdır. Alimlər bu qatın təbii surətdə, yəni düşünmə prosesində inkişaf etməsini qəbul edirlər ki, bu da təbii ki, səhvdir. Çünki, Rəhman Allah bu qatı təbii prosesin tam əksinə olaraq süni surətdə yaratmışdır. Allah eyni zamanda peyğəmbərlər nəsli üçün xüsusi qaraciyər növü yaratmışdır və onlara gələcəyi görmə, Özü ilə əlaqə funksiyası vermişdir (Əflatun, “Timey”, 71E, 72B).

Biz, “Azadlıq” (1,2-3 mart, 2008), qəzetindəki “Allah Azəriləri, onlar isə insanı yaratdılar” məqaləsində sitatlarla, elmi surətdə göstərdik ki, Allah əvvəl 120 min (islamda 124 min) nəhəng ölümsüz Azəriləri, onlar isə adi ölümlü insanları yaratmışlar. Bu nəhəng oğuzların adi insanlardan fərqi ondan ibarət olmuşdur ki, onlar da Rəhman Allahın özü qüdrətində olmuşlar, yəni onun kimi ilkin materiya ilə vəhdət təşkil etmişlər. Oziri, yəni Azər haqqindaki rəvayətdə xüsusi nəzərə çatdırılır ki, Allah Azəriləri ilk olaraq dünyada ağalar, padişahlar nəsli kimi yaratdı və onları bütün bəşəriyyətə hakim təyin etdi. Buna görə də ən qədim mənbələrə, o cümlədən qədim Misir, yəhudi, ərəb, hind və s. görə insanlar əsasən iki növ: ilahi və heyvani insanlara bölünürlər. “Kitabi Dədə Qorqud”a görə dünyanın sahibləri, yəni “dünya mənim” deyərək öyünənlər məhz Azəri “bəg ərənlər”i olmuşlar. Qəzaliyə, Ərəbiyə və s. sufilərə görə bu ilahi insanlar kosmik insan olan Məhəmməd peyğəmbərin törəmələridir və buna görə də möcüzələr göstərmək qabiliyyətinə malikdirlər. Adi insanların həyat tərzi isə heyvanın həyat tərzindən fərqlənmədiyi üçün onlar hətta mənbələrdə də qeyd edilməyə layiq görülmürlər. Bu mənada, qədim müdriklərin məntiqinə görə bütün mənbələrdə söhbət yalnız Allah kimi ilkin materiyadan istifadə edərək yaratma qabiliyyəti olan insanlardan gedə bilər. Bu isə o deməkdir ki, bütün qədim ədəbiyyatda, müqəddəs kitablarda müxtəlif adlar altında yalnız və yalnız müqəddəslər nəsli olan Azərilər və onların Allahla münasibəti nəzərdə tutulur. Burada Azəri müqəddəslərinin Allahla münasibəti dedikdə, onların, Allahın qoyduğu qanunları pozması və Allahın da axirətdə onları cəzalandırması başa düşülməlidir. “Kitabi Dədə Qorqud”da bu hadisə - “İç Oğuza Taş Oğuz asi olub, Beyrək öldüyü boy” kimi rəmzləndirilmişdir ki, burada Azər rəmzi Aruz kimi qeyd olunur. Çünki, sufilikdə də qədim Misir yazıları kimi mənanı yalnız samitlər daşıyır və sağa, sola oxunan bu samitlər eyni fikri ifadə edir.

Bildirmək istərdik ki, sufilikdə zaman mövhumu mövcud deyildir. Bu elmdə tarix – Allahın dünyanı yaratması prosesi ilə sonu arasındakı məqamlar mənasındadır. Buna görə də tarix [TRX] rəmzi sufilikdə tərikə [TRK] rəmzi ilə eyni kökdəndir. Eyni mənalı ingilis sözü - “history” (his story) kimi yazılır və “O kişinin tarixi” mənasını verir ki, buradakı “kişi” anlamında Allah başa düşülməlidir. Bu isə o deməkdir ki, bütün qədim yazılar rəmzlərlə Allaha, onun insanı, göydə ruhlar dünyası yaratmasına və axirətdə bu dünyanın dəyişdirilməsinə həsr olunmuşdur. Çünki bu dünyada Rəhman Allahdan başqa heç kim heç nə yaratmamışdır. Bütün düşünən insanlar yaranışına, insan kimi yaşamalarına və öləndən də sonra ruh qismində minilliklər boyu düşünmə qabiliyyətini özündə saxlamaqla mövcudluqlarına görə məhz Rəhman Allaha borcludurlar. Allah insanların taleyini əvvəlcədən “Lövhi-Məhvuz”da rəmzləşdirmiş və axirətə qədər öz yazdığını həyata keçirməklə məşğuldur.

Əflatun özünün “Politik” (269C) əsərində bildirir ki, bütün qədim yazı və deyimlər bir hadisə ilə bağlıdır ki, zaman keçdikcə onlar yaddan çıxmışdır. Bunun kökündə nəyin olduğu barəsində isə heç kim danışmır. Əgər biz hürufi deyimi olan “Vəhdətin günəşi ilk kəs Azərbaycanda göründü, Tanrı bu ölkəni kutlamışdır, peyğəmbərlərin və müqəddəslərin parıldayan almazıdır” ifadəsini nəzərə alsaq razılaşarıq ki, Allahın yaradılışla bağlı hadisəsi də məhz Azərbaycanda baş vermişdir.
Bütün bunlar haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Bu kitabı tam dərk etmiş hər bir kəs özünü sufi pirləri cərgəsində hesab edə bilər.

Firudin Gilar Bəg
firudin@gilarbeg.com
firudin@rambler.ru   




Tarix:      www.gilarbeg.com Saytı