Qurban bayramının sirləri


          İslama görə Qurban bayramının kökü, İbrahim peyğəmbərlə bağlıdır. Qurana görə Allah İbrahim peyğəmbərə oğlu İsmaili qurban kəsməyi əmr edir və İbrahim də oğlunu qurban vermək istədikdə, Allah İsmaili bağışladığını bildirir. Əvəzində isə bir qoçu qurban kəsməyi məsləhət bilir. Tövratda İsmail əvəzində İbrahimin digər oğlu İsaak qeyd olunur.

Sufilər dahisi ibn Ərəbiyə görə, qurban mərasimi rəmzi mənadadır və Allahın göydəki dünyanı yaratması prosesi ilə bağlıdır. İbn Ərəbi İbrahimin oğlunu qurban gətirməsini Yaradıcı Allah və onun təcəssümü olan Yaradılmış Varlıqla əlaqələndirir. Burada İbrahim - Allahın ruhu mənasında, qurban isə - öz-özünü qurban gətirən İbrahimin bu ruhunun sağ qalması mənasında göstərilir (İbn Arabi, “Qemmı mudrosti, böl. 4, 5).

Ərəbiyə görə insan öldükdə onun yalnız bədəni ölür, ruhu isə sağ qalaraq cənnətə düşür. Qurana görə bu cənnət - İbrahim tərəfindən yaradılmış Kəbə evidir və Allah, ilahi oddan yaradılmış bu evi İbrahim üçün sərin, zərərsiz ölkəyə çevirmiş və onun nəslinə vermişdir (Quran, 2:125-127 və s.).

Quranda İbrahim rəmzi özü “İbrahim məqamı” kimi də qeyd edilir və Bəkkədəki beytlə, yəni evlə əlaqələndirilir (Quran, 3:96,97). Qədim Misir yazılarında Bəkkə rəmzi Biqqe kimi yazılır və “möminlər adası” mənasında “ruhlar dünyası” fikrini ifadə edir. Qədim Misirin “Ölülər kitabı”nda Ra-Amon (Ra-Əman - Rəhman) Allahı bildirir ki, O qurbanları Beytdə yerləşdirmiş və burada Allah taxtı üçün su (subasma rəmzi) yaratmışdır. Digər tərəfdən, mətnlərə görə göydəki Qeb aləmi (İslamda Qeyb) yaradılanda, Amon Allahı Beyt-də peyğəmbər olmuşdur və o biri dünyadakı bütün hakimlər də burada yerləşmişlər (F.G.B., “Batini-Quran” səh.644). Belə çıxır ki, qurban qədim Misirdə Amon Allahı tərəfindən göydə yaradılmış ruhlar dünyası ilə bağlıdır.

Sufilikdə Bəkkə rəmzi Bəqa mənasındadır ki, bu da sufi tərikəsinin ən ali məqamı olan “Allahla vəhdəti”, yəni ilkin materiya ilə birləşmiş insan ruhunu bildirir. İbrahim məqamı da bu mənada sufiliyin ən ali məqamı olan Bəqa səviyyəsi mənasındadır. Deməli, sufiliyə görə Bəkkədəki ev, sufiliyin Bəqa səviyyəsində yaradılmış ev mənasındadır.

“Bxaqavad-Gitada” kitabında Bəqa səviyyəsi “Braxma-bxuta” kimi qeyd olunur ki, burada Braxma [BRXM] rəmzi İbraxim [BRXM] rəmzi ilə eyni mənalıdır. Bxuta rəmzi isə Bəqa-Ata, yəni Bəg-Ata fikrini ifadə edir. Sufilikdə İbraxim/Avraqam rəmzləri “qamlıqla (şamanlıq), Ra günəşi ilə birləşmiş Ba ruhu” deməkdir ki, bu da “Vəhdət əl Vücud” mənasında göyləri özünə tabe edərək onu idarə edən Ruh anlamındadır. Qədim Misir mətnlərinə görə bu Ba-ruhu Biqqe məbədgahındakı Gel şəhərində, bütün olmuş və olacaqların yazıldığı kitabı qoruyur. İslamda Ba-Allahı - Vallah kimi, kitab isə “Lövhi-Məhfuz” kimi qeyd edilir. Bu isə o deməkdir ki, “Lövhi-Məhfuz”, yəni olmuş və olacaqların yazıldığı kitab bu gün də Bəkkədə qorunur.

Qədim Misir mənbələrdə açıq qeyd olunur ki, Misir torpağı məhz subasma (Nuhun daşqını) vasitəsi ilə yaradılmışdır. Quranda (13:17) subasma hadisəsi magik ritual kimi göstərilir. “Əhdi-Ətiq”də qeyd olunur ki, Allah bu subasma üzərində təntənəli surətdə əyləşmişdir və şah kimi əbədi olaraq əyləşəcəkdir. Digər bir sənəddə isə bildirilir ki, daşqın gələndən sonra şah hakimiyyəti Göydən yerə göndərilmişdir. Subasmanın Babil variantına görə isə su çəkiləndən sonra, insan qurban kəsmiş və Allahlar səviyyəsinə yüksəlmişdir (“Batini-Quran”, səh.92). Belə çıxır ki, subasma – göydə Misir “torpağı” (Yuxarı Misir) yaratmaq üçün keçirilmiş magik ritualdır və bu ritual nəticəsində göy okeanında, ada kimi təsəvvür edilən Biqqe (Bəkkə) ruhlar dünyası yaranmışdır.

Brahman fəlsəfəsinə görə göydə bir şey yaratmaq üçün, qurbanların ruhlarını - söz, fikir və əməllə, yəni qurban kəsməklə, himn oxumaqla və prosesi beyində təsəvvür etməklə, yəni Bəqa səviyyəsində göydə toplamaq lazımdır. Hədislərdə, qurbanların ruhlarının göydə toplanması ritualı, peyğəmbərin həcc prosesi zamanı qurbanlıq heyvanı qovaraq, özü ilə Məkkəyə aparması kimi rəmzləşdirilir və “hədy” adlanır (orada, səh.420). Qədim Misir mətnlərində dörd yüz min öküz, bir milyon dörd yüz iyirmi iki min qoyun qurbanından danışılır ki, bu da Allahın göydə ruhlar dünyası və s. yaratdığı zaman kəsilən qurbanlardır.

Quranda (22:26,27) Kəbənin həcc vasitəsi ilə, yəni bir yerdə durub, ekstatik vəziyyətdə ruhun göyə səyahəti rəmzində yaradılması qeyd edilir ki, sufilikdə bu səyahət (suluq) Bəqa səviyyəsində mümkün olur. Quranda atası İbrahimə, ondan bir müddət kənar durmağı tapşırır. İbrahim atasından ayrılandan sonra Allah ona İsaqı və Yaqubu verir (Quran., 19:41-50). İsaq rəmzi qədim Misir məndələrində Saxu və s. kimi yazılır və insanın öləndən sonra ruhunun aldığı yeni bədən mənasında göstərilir. Yaqub rəmzi isə mətnlərdə Qeb aləmi, yəni Qeyb dünyası mənasındadır. Deməli, İbrahimin “ata”sından ayrılandan sonra Allahın ona İsaqı və Yaqubu verməsi, insanın öləndən sonra da ruhunun sağ qalması və Qeb, yəni Qeyb aləminin yaradılması üçün Amonun ekstatik vəziyyətdə keçirdiyi ritual mənasındadır.

Tövratda, Allah İbrahim peyğəmbərin “dayandığı” bu yerdə ona, bəsirət gözlərini açmağı əmr edir və ekstatik vəziyyətdə gördüyü göydəki ruhlar dünyasını onun nəslinə əbədi verir. Hədislərdə İbrahim peyğəmbərin Kəbəni yaratdığı zaman “dayandığı” bu yer “Sədd” haqqındakı ayə ilə əlaqələndirilir ki, bu da iki dünyanın birləşdiyi Bərzax keçidinə aiddir (B-Q, səh.70). Belə çıxır ki, Kəbə evi – iki dünyanın birləşdiyi yerdə yaradılmışdır ki, İbn Xordadbehə, Yaqut əl-Həməviyə və s. görə bu yer Şirvan ərazisində yerləşir. İncildə “İbrahimin qucağı” adlandırılan bu yer, ölənlərin ruhlarının aparıldığı yerdir və burada İbrahim özü Allah rolunda onu sorğu-sual edir (Luka, 16:22-25). Deməli, Kəbənin, yəni qədim Misirin göydəki Qeb (Qeyb) dünyasının yaradıldığı yer - iki dünyanın birləşdiyi yer mənasındadır və İbrahimin obrazı da Allahın obrazıdır.

Bütün bunlar o deməkdir ki, qurban mərasimi, insan öləndən sonra da ruhunun sağ qalması üçün keçirilmiş mərasimdir. Və bu mərasim nəticəsində göydə Qeyb aləmi, yəni ruhlar dünyası yaradılmışdır. İsmail rəmzi də sufilikdə İslam rəmzi ilə eyni mənada olub “İssi-Aləm”, yəni göydəki aləmin ruhu deməkdir. Deməli, İsmail qurbanı, göydə ruhlar dünyasının yaradılması prosesinin rəmzidir.

Bütün bunlar haqqında daha geniş məlumatlar müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir” (www.gilarbeg.com).

Firudin Gilar Bəg
firudin@gilarbeg.com , firudin@rambler.ru 




Tarix:      www.gilarbeg.com Saytı