Namazın və dəstamazın batini mənası


    İslamın vacib əməllərindən biri namaz sayılır. Bu gün namazı idman, sağlamlıq, təmizlik və s. əməllərlə əlaqələndirirlər və bu da namazın zahiri mənasına aid hesab olunmalıdır. Namazın gizli mənası isə çox mürəkkəb bir elmlə bağlıdır ki, islamda bu batin elmi adlanır. Bütün müqəddəs kitabların, o cümlədən Quranın da batini mənası vardır və bunlar ən qədimdə baş vermiş mistik bir hadisənin rəmzlə ifadəsidir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə bütün dinlərin bir olduğunu və onların bir hadisə ilə bağlı olduğunu sübut etmişəm. Ona görə də bu məqalədə gizli-batin elminin ümumi nəticələrini qeyd edəcəyəm.

Bildirdiyim kimi, bütün qədim yazılar ən qədimdə baş vermiş sirli bir hadisə ilə bağlıdır və mənbələrdə bu hadisə “Dünya”nın yaranması kimi qeyd olunur. Lakin burada söhbət yaşadığımız bu dünyadan yox, tarixdən Misir fironu kimi tanıdığımız Amon (Əman) tərəfindən göydə yaradılmış Qeb aləmindən, yəni ruhlar dünyasından gedir. Misir mənbələrinə görə bu “Dünya”, göyləri əhatə etmiş Adəmin bədənində yerləşir. Tövrata görə, Adəm yaradılanda kosmik ölçülü, yəni dünyanın bu başından o başına qədər olmuşdur. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi də Adəmi Allah mənasında kosmik insan kimi göstərərək, onu Kamil İnsan adlandırır. Digər sufi dahisi Əl Qəzali isə bu göy insanını Məhəmməd (s.a.v) adlandırır və bu da peyğəmbərimizin qədim Misirdə yaradılmış Adəm, yəni Atum (Atam) Allahı obrazında olması deməkdir.

“Dünya”nın yaranışının qədim Misir variantına görə, əvvəl göylə-yer (Nut - Qeb) bir olmuşdur. Firon Amon özünü Adəm adlandıraraq bu obrazda Qeb torpağını Nut göyündən ayırır və göyləri əlləri ilə saxlayır. Quranda (21:30-34) da Allahın göyü yerdən ayırması xüsusi nəzərə çatdırılır və bu hadisə ölümsüzlüklə əlaqələndirilir. Deməli, göylər və göydəki ruhlar dünyası olan Qeb (Qeyb) aləmi məhz Adəmin hesabına göylərdə dayanır. Qəzalinin yazdığından da belə çıxır ki, göyləri Məhəmməd peyğəmbər saxlayır və Adəmin nəsli də məhz Onun obrazı ilə yaradılmışdır. Sufizmdə və qədim dünyanın vahid dilində Məhəmməd rəmzi “hər şeyi bilən Adəm” mənasını verir. Başqa sözlə, Məhəmməd peyğəmbər göydə Qeyb aləmini yaratmış Allahın obrazıdır.

Təbiət qanunu sayılan magiyanın “bənzər bənzər yaradar” (qomeopatik magiya) qanununa görə, göydə yaradılmış Qeyb aləminə düşmək üçün, insan onun yaradılışını təkrar etməlidir və bununla da göyləri əhatə edən ilkin materiyaya “sübut etməyə” çalışmalıdır ki, o elə göylərdə ölümsüzlük qazanmış Adəmdir. Bu sübut isə namazdır. Namaz hərəkətləri, Adəm obrazında olan firon Amonun, yeri göydən ayırması və onu göydə saxlaması prosesinin rəmzləşdirilmiş variantıdır. Namaz vaxtı deyilən sözlər – yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufizmdə rəmzlər hesab olunur və bu rəmzlərdə Adəmin Qeyb aləmini yaratması, ayağa qalxıb onu göydə saxlaması və s. hadisələr qeyd olunur.

Deməli, namaz - müsəlmanın Adəm olmasını ilkin materiyaya sübut etməyə çalışmasıdır. Bu “sübut” isə onunla nəticələnir ki, o da Adəm kimi müqəddəsləşir. Yəni insan, arzuları həyata keçən, hər sözü ilkin materiya tərəfindən “Allahın əmri” kimi qəbul edilən müqəddəsə çevrilir. Sufilərin dili ilə desək, namaz qılan müsəlman Allahın vücudu ilə vəhdət təşkil etməyə başlayır.

Namaz qılmaq üçün ayaq üstə duraraq Həmd-Surə demək - firon Amonun Adəm obrazında magik rituala başlaması, özünü ilkin materiya ilə eyniləşdirməsi və onun obrazına girməsi mənasındadır.

Səcdə vəziyyəti və alnın möhürə vurulması qədim Misir rəsmlərində çox təsvir olunan vəziyyətlərdir və rəsmlərdə bu vəziyyət geniş şəkildə təsvir olunur. Möhür rəmzi – yerlə göyü ayıran Betil daşının rəmzidir ki, digər dinlərdə də bu mənada olan Beyt-El (İslamda Əl-Beyt) rəmzi, bu daşın üstündəki səmada yaradılmış Allahın Evini bildirir. Namaz qılanın alnını bu möhürə vurması Nut göyünü təmsil edən Allahın məhz burada Qeyb torpağından ayrılması mənasındadır.

Diz üstə oturaraq Təşəhhüd demək, Qeyb aləminin yaradılışı zamanı kahinin bütün mərasim səhnəsini təsəvvür etməsi və beynində yaradılış prosesini canlandırmasına işarədir. “Batini-Quran” kitabında bu prosesə mən faktlarla geniş izah vermişəm.

Namaz qılanın Rükü vəziyyətində əyilib əllərini diz üstünə qoyması və düzələrək Təkbir deməsi, səmadakı Qeyb aləmini saxlayan “sütun”un axirətdə yenidən düzəldilməsinin rəmzi hərəkətlərlə təqlididir.

Qunut vəziyyətində əlləri açaraq Salavat demək - Allahın böyüklüyünü etiraf etmə və ondan bərəkət diləmək mənasındadır.

Deməli, namaz qılan müsəlman hərəkətləri ilə, Qeyb aləmini yaratmış firon Amonun hərəkətlərini təqlid edir. Qədim Misir rəsmlərində bu hərəkətlər daha çox variantlarda göstərilir ki, gündəlik həyatda onların təqlidi praktiki olaraq çox çətinliklər yaradır. Buna görə də müqəddəs əcdadlarımız, qıldığımız namazın bu hərəkətlərinin ən optimal vəziyyətini bizə məsləhət görmüşlər. Namazın sağlamlıq baxımından da xeyirli olduğunu nəzərə alsaq, razılaşarıq ki, namaz - əcdadlarımız bizim üçün yaratdığı əvəzedilməz qeyri-maddi mədəni irsdir.

Namaz qılmazdan əvvəl dəstamaz (abdəst) alınması da Adəmin ilkin materiyadan, yəni dirilik suyundan yaradılması ilə bağlıdır. Sufizmdə və qədim fəlsəfədə su - bəşəriyyətə həyat vermiş ilkin materiyanın, yəni efirin rəmzidir. Qurana (21:30) görə Allah bütün canlıları sudan yaratmışdır. İbn Ərəbi də Allahın taxtını saxlayan bu suyu ilkin materiya kimi təsvir edir. Deməli, dəstamaz alınması, Adəmin dirilik suyundan yaradılmasının rəmzlərlə ifadəsidir.

Dəstamazı təriqətlər müxtəlif variantlarda alırlar ki, mən yalnız bunun qədim Misir variantına izah verəcəm. Xüsusi qeyd etmək istərdim ki, tədqiqatçıların gəldiyi son nəticələrə görə qədim Misir Allahları Mesopotamiya qəhrəmanlarıdır. Bu qəhrəmanlar isə mənbələrdə “zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış” Deyləm türkləri adlandırılır. Onları mənbələrdə batinilər, nizarilər və s. də adlandırırlar və onların gizli elmi qədim Misir fəlsəfəsi ilə eynidir. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenə görə, şiə ezoterizmi İranda, müsəlmanlığın bura gəlişindən də əvvəl olmuşdur. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə isə bu müdrikləri Allah özü himayə edir və s. Bütün bunlar o deməkdir ki, bu gün qıldığımız namaz və aldığımız dəstamaz - “zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış” batini türklərinin qeyri-maddi mədəni irsidir.

Salavatla, yəni Allahın böyüklüyünün təqdimi ilə müşayət olunan dəstamazda ilk öncə üz iki dəfə yuyulur. Çünki, Allah əvvəl özünün Ra simasını yaratmışdır ki, qədim rəsmlərdə günəş Allahının siması insan sifətində göstərilir. Daha sonra sağ əl və sol əl iki dəfə yuyulur.

İbn Ərəbiyə və digər mənbələrə görə də Allahın iki əli var və hər ikisi sağ əldir. Bunu başa düşmək üçün bilmək lazımdır ki, firon Amon əvvəl göylərdə Ka adlanan Ələm yaradır və onu öz sağ əlinin kölgəsi adlandırır. Ka Ələmi, Amonun sağ əlinin yerdəki hərəkətlərini təkrarlayaraq, göydəki ilkin materiyadan varlıqlara həyat verməyə başlayır. Deməli, Allahın iki sağ əli var dedikdə, firon Amonun sağ əli və onun göydəki “kölgə”si olan Ka Ələmi başa düşülməlidir.

İki dəfə yuyulma, Adəmin yaradılışının axirətdə təkrar olunacağı ilə bağlıdır. Yəni axirətdə göyləri əhatə edən birinci Adəmin yerinə ikinci Adəm keçəcək ki, bu da dirilik suyundan formalaşacaqdır.

Bundan sonra sağ əl ilə başa bir dəfə məsh çəkilir. Məsh, insan başının adətən saç tökülən hissəsinə çəkilməlidir. Çünki, Ra-Amon (Rəhman) Allah insanın baş beyninə yeni qat əlavə edərək, onu düşünən insana çevirmişdir. Məshin bir dəfə çəkilməsi isə bu hadisənin yalnız bir dəfə, yəni yaradılış zamanı olması ilə bağlıdır. Daha sonra, sağ ayaqdan başlayaraq hər ayağın üstünə sağ əl ilə iki dəfə məsh çəkilməlidir.

Ayaq rəmzi, qədim mənbələrdə firon “Amonun ruhu” mənasında olan Şu Allahının ayağa durduğu dağla bağlıdır. Misir yazılarına görə, bu sirli dağın altında Biqqe (İslamda Bəkkə) mağarası vardır və burada Oziri, yəni Osiris Allahının sağ ayağı “saxlanır”. Mənbələrdə buranın digər adı Maryut şəhərdir ki, bu da marlar (əmirlər) şəhəri, yəni Midiya eli mənasındadır. Əhdi-Ətiqə (İezek.43:7 və s.) görə də Allahın Evi, Onun ayaq üstə durduğu Moria dağında yerləşir və burada O İzrail xalqı arasında əbədi yaşayır. Bu yer, kitab və məqalələrimdə yazdığım kimi həqiqi İzraildə (Ozir-El), yəni Oziri Allahının El-ində (Azər-El) yerləşir.

Qeyd etmək istərdim ki, Oziri Allahınin bu şəhəri mənbələrdə Nu kimi də qeyd edilir və mətnlərdə Nu şəhərindəki Oziri – Nazar/Nizar, yəni Nu-Ozir kimi yazılır. Xristian mənbələrinə görə Şu Allahının bu şəhərində Yeşua nazoreyləri, yəni İsa peyğəmbərin nazorey nəsli yaşayır. İslama görə isə bura Şiə nizarilərinin, yəni ənsarilərin Ələmut (El-Midiya) qalasıdır.

Qədim möhürlərin birində Allahın ayağa durduğu yer, bədənindən dirilik suyu axan Şumerin (Şu-mar/Şiə-əmir) Enki Allahının ayağını dağın üstünə qoyması kimi təsvir olunur. Sufilər dahisi ibn Ərəbi də ayağını yerə qoymuş bu Adəmi Allah kimi təqdim edir. Deməli, ayağın üstü, Allahın ayağının yerləşdiyi dağ mənasındadır ki, burada dirilik suyu mövcuddur. Ayağın məsh çəkilən üst hissəsi də ilk Allah evinin yerləşdiyi dağın rəmzidir.

Belə çıxır ki, dəstamaz, bu gün qəbul edildiyi kimi sağlamlıq mənasında yox, Allahın Adəmi yaratması prosesinin çox müdrikliklə rəmzləşdirilməsidir. Əgər nəzərə alsaq ki, namaz və dəstamaz, sufi mənası da çox dərin olan sözlər ilə müşayət olunur, razılaşarıq ki, Allah namaz və dəstamaz vasitəsi ilə öz mömin bəndələrinin ölümdən sonra da cənnətdə yaşamalarını təmin etmişdir. Çünki, “Dünya”nın yaranışı üçlükdən: beyində təsəvvür etmədən, sözlə ifadədən və əməldə hərəkətlərin təqlidindən törəmişdir. Göyləri əhatə edən ilkin materiyada yalnız bu üçlüklə canlı varlıq yaratmaq mümkündür.

Yazdıqlarımızdan çıxan nəticə odur ki, namaz və dəstamaz - firon Amonun Adəmi və onun üçün göydə cənnət yaratması prosesinin təqlididir. Bu təqlidə əməl edən müsəlman Adəm kimi cənnətə düşəcəkdir və orada onun ruhu əbədi xoşbəxt yaşayacaqdır. Bu xoşbəxtliyi insanlara firon Amon və onun “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri vermişlər. Məhz bu türklər mənbələrdə “mühacirlər” adlandırılırlar.

Bütün bunlar namaz və dəstamazın batini, yəni gizli mənasıdır və bunları yalnız sufi müdrikləri bilmişlər. İslamın gizli olan batin elmi haqda daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.ıxır ki, dəstamaz, bu g

Yazdıqlarımızdan ç



Firudin Gilar Bəg
firudin@gilarbeg.com , firudin@rambl




Tarix:      www.gilarbeg.com Saytı