Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır


    

Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir" və ya "O, da camaatdır" demişdi (bax. http://incemeseleler.com/itikadi-meseleler/600-te-73-frkann-listesi.html ).

“Batini-Quran” kitabında və məqlələrimdə mən göstərmişəm ki, peyğəmbərimizin qeyd etdiyi cənnətə düşənlər, mənbələrdə batini adlandırılan “Qor ardıcıllarıdır”. Onlar, İslamda Rəhman, qədim Misir mənbələrində isə Ra-Amon adlandırılan Allahının törəmələri olduğu üçün, öz yaradılış xüsusiyyətlərinə görə cənnətə düşürlər. Peyğəmbərimiz – “Mənim və səhabələrimin yolu ilə gedənlər” deyəndə də “Qor ardıcılları”, yəni “Qor Allahının yolu ilə gedənlər” başa düşülməlidir. Qədim Misir mənbələrində bu möminlər “Nu şəhərində yaşayan Oziri/Usiri” [N-ZR/N-SR], yəni Nu-Usiri [N-SR] və ya Nu-Oziri [N-ZR] nəsli kimi qeyd olunurdu. Bu mənbələrə görə Usiri (Osiris) Allahı göy dünyasında ölümsüzlük qazanmışdır və ondan sonra doğulan bütün Usiri törəmələri də ölümsüzlük qazanırlar.

Yəhudi mənbələrində Nu-Oziri [N-ZR] müqəddəsləri - öz həyatlarını Allaha həsr etmiş nazoreylər [NZR] kimi qeyd olunur. Xristianlıq dönəmində bu insanlar İsa peyğəmbərin nəsli olan nazaretlilər (nasara) [NZR/NSR] adlanmağa başladı. İslam dövründə isə, Allaha qulluq üçün yaradılan bu müqəddəslər nəsli - ənsarilər [NSR] və nizarilər [NZR] adı ilə tanındı. Deməli, üç dinin müqəddəsləri eyni kökə mənsub müqəddəslər nəslidir və İslam mənbələrində bu insanlar - Quranın gizli mənalarını dərk edən ismaili batiniləri kimi məlumdurlar. El içində biz bu nəsli - pir, seyid, bəg, şıx və s. adlarla tanıyırıq.

İslamda Təvil və ya Quran əhli adlandırılan “Qor ardıcılları”nın yaradılış prosesi, adi insanların yaradılışından tam fərqlidir. “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı  məqalədə mən bu müqəddəslər nəslinin yaradılışını, qədim Misirin Qor Allahının yaranış prosesinin təqlidi ilə yaradıldığını qeyd etmişəm. Bildirmişəm ki, onların elmi istedadları və möcüzələr göstərmə qabiliyyətləri də, onların ilkin materiya ilə vəhdət (“Vəhdət əl Vücud”) təşkil etmələri ilə bağlıdır. Quranda və digər mənbələrdə bu xüsusiyyətli insanlar İsrail oğulları adlandırılır. Quran açıq yazır ki, bu kitab, Allahın aləmlərdən üstün etdiyi İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və varislər olaraq ucaldılmışlar.

Hər samitin xüsusi məna ifadə etdiyi süfizmdə İsrail rəmzi - qədim Misirin Usiri/Oziri (Osiris) Allahının Eli (Usiri-El) mənasını verir. Bütün bunlar o deməkdir ki, cənnətə, əsasən peyğəmbərimiz və onun səhabələrinin yolu ilə gedən nizarilər, yəni Nu-Usiri nəsli düşür. Qədim Misir yazılarında cənnət deyəndə Amenti şahlığı nəzərdə tutulur ki, burada yenidən doğulanlara Amenti şahı Nu-Usiri, yəni Osiris Allahı köməklik edir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh. 579, 580, 213). Amentu eyni zamanda Abtu [BT] adlandırılır və bu da Beyt [BT] mənasında Allahın Evi deməkdir. Bu Evdə Ra-Amon Allahı, özünün Ra günəş simasında yaşayır və Usiri/Osiris dedikdə də “İssi-Ra”, yəni bu Ra Allahın ruhu, ürəyi nəzərdə tutulur.

İslamda “İssi” rəmzi “Üzzə” kimi, Amenti rəmzi isə Aməntü, Manat, Mund və s. kimi qalmışdır. İslamda imanın kökləri və təməli Aməntü adlanır və “Mən Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qismətə, xeyr və şərə - hər şeyin Allahın yaratmasıyla olduğuna inandım” fikrini ifadə edir. Aməntü sözü də “Amene”, “Amenu”, “Amenna” rəmzindən yaranmışdır ki, bu da inam mənasındadır. Quranda “iman edənlər” sözü - “Amenu olanlar” kimi yazılır və “ölmədən əvvəl ruhunu Allaha çatdırmağı diləyənlər” mənasında, “ölümdən sonra ruhunun Amon Allahı kimi çənnətə düşməsini istəyənlər” deməkdir (Quran, 11:23,29,  22:54, 49:14 və s.). İmanın köklərinin və təməlinin Aməntü [MN-T] adlanması, Allah deyəndə bilavasitə Əman-Atanın [MN-T], yəni qədim Misirin Ra-Amon (Rəhman) Allahının nəzərdə tutulması deməkdir. Allahın 99 şərəfli adlarından olan Məni, Mund, Münt-əqim adları da məhz Əman Allahının adı ilə bağlıdır. Aməntü [MNT] rəmzinin Manat [MNT] variantı isə ərəblərdə ilahə və hökmran Allah mənasındadır ki, inama görə, o ölüm Allahı sayılmış və Qüdsə gedən yolda onun məbədgahının üstündə daş büt olmuşdur.

Aməntü, Amenu rəmzləri Quranda “Billah” rəmzi ilə birlikdə də qeyd edilir ki, bu rəmz də “Bi-Allah” (Vallah – Va-Allah) mənasındadır. Billah rəmzi Bismillah rəmzinin qısa varianmtıdır və imam Əliyə görə Bəsmələ Ba hərfindən başlanır. Batin elmində Bismillah rəmzi -  «Göylərin sahibi olan Allahın ruhu» və ya «Göy çadırının sahibi olan Amon (Əman) Allahın ruhu» fikrini ifadə edir. Qədim Misir yazılarında Ba rəmzi quş mənasında fironun göydə ölümsüzlük qazanmış ruhunu bildirirdi. Deməli, “Amenu Billahi” dedikdə Amon Allahının göydə, Allah obrazında olan Ba ruhu başa düşülməlidir (Quran, 49:15).

Bütün bunlar o deməkdir ki, bədənin fiziki ölümündın sonra cənnətdə ölümsüzlük qazanan müqəddəslərlərin ruhları, Amon Allahının qurban ruhlarından göydə yaratdığı Amentu dünyasında yaşayırlar. İman gətirmək və ya “Amenu olmaq” da Amon Allahının kecdiyi yolu təkrarlayaraq, onun kimi ölümsüzlük qazanmaq deməkdir. Yer kürəsini əhatə edən və bəşəriyyətə həyat vermiş ilkin materiyanın “bənzər bənzər yaradar” qanununa görə (qomeopatik magiya), bu mühitdə bir iş görmək üşün mütləq təqlid obyekti olmalıdır. Yəni mütləq bənzər bir şey olmalıdır ki, insanın ruhu da buna əsasən onun kimi etsin. Deməli, “Amenu olmaq” da, Amon Allahı kimi olub, göydə gözəgörünməz quş formasında ömrünü davam etdirmək deməkdir.

Adi insanın “Amenu olması”, İslamın qanunlarını yerinə yetirməsi deməkdir ki, yalnız bu halda adi insan ilkin materiyanı “aldadaraq” özünü Amon kimi qələmə verib, Amonun yaratdığı göy cənnətinə düşə bilər. Bunun üçün namaz və dəstamazın batini mənalarını anlamaq kifayətdir  ( http://gilarbeg.blogspot.com/2011/12/namaz-ve-abdestin-batini-anlami.html ).

Qədim Misirin ilk fironu sayılan Amon, göy cənnətini - özü və törəmələrinin əbədi yaşamaları üçün yaratmışdır və “Qor ardıcılları” olan müqəddəslər nəsli də bilavasitə onun törəmələridir. Bu nəsildən əlavə, indiki adi insanları da Amon Allah Özünə qulluq üçün yaratmışdır (Quran, 51:56). Allaha iman edən adi insanların da Onun göy cənnətinə düşməsi üçün, Amon - İslam dinini yaratmışdır. İslamın qanunlara dəqiqliklə əməl edən hər bir insan da bu göy cənnətinə düşərək burada ömrünü davam etdirə bilər.

Lakin burada bir əsas məsələ də insanın bu dinin batini mənasını bilməsidir. Bu məna, yaradılış prosesi yox, Allahın Özü haqqında ümumi məlumatdır. Bu o deməkdir ki, iman gətirən insan, haradan gəlib hara getdiyini bilməlidir. Qədim Misir yazılarında bu - Allahların, yəni ilkin materiyanı təşkil edən ünsürlərin və göy dünyasını yaradanların kimlər olduğunu bilməsi mənasında qeyd olunur.

 İlkin materiyanın qanununa görə, yalnız sirləri bilən ona çevrilərək Allah ola bilər. Çünki Allah sirlər dünyasıdır və bu dünyanı bilən ona çevrilib əbədiləşir. Qədim Misirin “Ölülər kitabı”na görə, ölən insanın ruhu məhkəmə salonundakı 42 hakimin qarşısında Allahların adlarını bilməsini və heç bir günah işlətməməsini sübut etməyə çalışmalıdır (bax. http://deadbook.narod.ru/e51.htm ). Bu gün heç kim, Allah haqqındakı ümumi məlumata belə malik deyildir. Bu isə o deməkdir ki, günümüzün mömin müsəlmanlarının da cənnətə düşmə ehtimalı yoxdur. Məhəmməd peyğəmbərin ümmətinin yetmiş iki təriqətinin cəhənnəmə düşməsi də məhz bununla bağlıdır.

Yetmiş iki təriqətin cəhənnəmə düşməsi mənbələrdə Adəmin cənnətdən qovulması kimi qeyd olunur. Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi anlama ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi Batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Bilməmək isə qeyri müəyyənlikdir və heç yerə aparmır.

Xristian mənbələrinə görə bu qeyri müəyyənlik bir də axirətdə sona yetəcək ki, İsa peyğəmbər gəlib qədim sirləri açacaq. Onun dövründə göydə ikinci Atum Allahı yaranacaq və bu ruhlar dünyasının sahibi də İsa olacaqdır. İslamda imam Əli kimi tanınan bu El Allahında (göy Vilayətində) ölmüş ruhlar yenidən diriləcək. Qədim Misir mənbələrində Şu Allahı, yəhudilərdə Yeşua, müsəlmanlarda isə Şiə adlandırılan İsa peyğəmbər axirətdə insanlarla yeni müqavilə (“Əhdi-Cədid”) bağlayacaq və insanlar Onun vasitəsi ilə yenidən cənnəti qazanacaqlar. Quranda, dəyişdiriləcək bu cənnət ikinci cənnət adlandırılır (Quran, 14:48, 55:46,62).

Əvvəlki məqalələrimdə mən bildirmişəm ki, çənnət mənasında olan göydəki Qeyb aləmi, digər mənbələrdə Albaniya kimi qeyd olunur ki, bu da nizarilərin Ələmut qalasının yerləşdiyi Alban dağının üstündə yaradılmışdır. Alban [L-BN] rəmzi, yalnız samitlərin məna ifadə etdiyi Ledun (Batin) elmində “Nəbi-Eli” [NB-L] mənasını da verir və bu da peyğəmbərlərin əbədi yaşadığı cənnət mənasındadır. I Şapurun (III əsr) yazılarında, yunan variantında «Albaniya» kimi qeyd olunan ölkə – parfiya variantında Ardan [RDN], yəni İordan [RDN] kimi, Kartirin (III əsr) yazısında isə Aldan [LDN] kimi qeyd edilir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh. 58). Aldan [LDN] rəmzi isə Ledun [LDN] rəmzi kimi “Din Eli” [DN-L] fikrini ifadə edir və bu rəmz ən qədim Misir yazılarında “Nut Eli” [TN-L] mənasında Nut göyündə yaradılmış Eli, Vilayəti bildirirdi.

Erməni mənbələrinə görə, Albaniya ölkəsi - qədim dünyanın ən adlı-sanlı nəsli olan  Gelarküni nəslindən kiməsə vərəsəliklə əbədi veriləcək və məhz burada İsa peyğəmbərin xaç ağacı yenidən insanlara həyat bəxş edəcəkdir. İslamda cənnət ağacı kimi tanınan bu ağac, Ba ruhlarının quş simasında yaşadığı həyat ağacıdır. Albaniya da, qədim Misirdə Benu forması almış Ba-Allahlarının (İslamda Billah/Vallah) yaşadığı El (El-Benu/Alban) deməkdir.

Yazdıqlarımızdan belə çıxır ki, yetmiş iki təriqət əhlinin cəhənnəmə düşməsinin əsas səbəbi, onların Quranın batini yox, zahiri mənasına üstünlük verməsi və Allah haqqında ən adi şeyləri bilməməsidir. İnsanı özünə qulluq üçün yaratmış Allahı tanımamaq, uşağın atasını tanımaması kimi qiymətləndirilir ki, bu da Yaradıcı Allaha edilən sayğısızlıq, Ona şəruk qoşma deməkdir. Bunun əsas səbəbi isə, din xadimlərinin İslamı öz dərk etdiyi kimi izah etməyə çalışması, yəni təhrif etməsidir. İslam dini - Allah elminin ən kamil vəziyyətdə insanlara təqdim omunmuş variantıdır və sufi kitablarında bunlar açıq izah olunur. Bu kitabları anlamayan din xadimləri, öz mənfəətlərinə görə İslamın batini yox, zahiri anlamını önə çəkmiş və bunula, bütün həqiqi möminlərin də cənnətə düşmələrini əngəlləmişlər.

Qədim sirlərin açıldığı bu gün, din “xadimləri” Quranın batini mənalarını bilmədikləri üçün, bu haqda danışmaq belə istəmir və bilə-bilə möminlərin cəhənnəmə düşmələrinə səbəb olurlar. Adi insanlar isə, Mühiddin ibn Ərəbinin yazdığı kimi məntiqsiz və dini savadsızdırlar və bu səbəbdən də öz-özlərini aldadırlar. Əgər insan Tək Allahın kim olduğunu bilmirsə, İslamın zahiri anlamının qaydalarını kortəbii icra edirsə, bu ona əsas vermir ki, Amon Allah bu insanların ruhlarını, Onun Şəxsi Mülkü olan Cənnətinə götürsün. Cənnət - Amon Allahının əziyyətlə göydə yaratdığı Mülküdür (Mələkütü) və ora yalnız Amon Allahına itaət və səcdə edən insanlar düşə bilər. İnsanlar isə cahillikdən özlərinə mücərrəd Allah yaratmış və ona itaət edirlər. Buna görə də qədim mənbələrdə bu günkü axirət dövrü cəhalət və bütpərəstlik dövrü adlanırdı.

Yazılanlara görə axirətdə Amon Allah göydə yaratdığı ruhlar dünyasını, Öz istədiyi bir insana verəcəkdir ki, şiə ezoterizmində bu insan imam Əli kimi təqdim olunur. Yəhudi mənbələrində Musa, xristianlarda isə İsa adlandırdığı bu insan öləndən sonra, onun ruhu göydəki El Allahına çevriləcək və özünün göy Vilayətində, yalnız ona itaət edənlərə ölümsüzlük verəcəkdir. Bu o deməkdir ki, axirətdən sonra insanlar yenidən cənnətə düşə biləcəklər və bunu yeganə şərti də İsa peyğəmbərin insanlarla yeni bağlanacaq Əhdə (Əhdi-Cədid) sadiq olmalarıdır.

Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə vardır (http://gilarbeg.blogspot.com/).

 

                                                                                      Firudin Gilar Bəg






Tarix:      www.gilarbeg.com Saytı