Türk, Türkiyə nə deməkdir? Ağlasığmaz həqiqətlər


    

Bidin mülhidlərinin “sorxsər” adlandırılması isə, bu türklərin - qədim Misirin ölümsüz Usiri/Oziri, yəni Osiris Allahının nəsli olması deməkdir. Çünki sufizmdə sorxsər (SR-XSR) rəmzi “Usiri-Xısır” kimi də oxunur ki, bu də “ölümsüz Osiris” anlamındadır.

Budun [BDN] rəmzi ərəb mənbələrində İranın Beduin [BDN] tayfası kimi də qeyd olunur. Beduin, yəni bədəvə rəmzi ərəb terminləri lüğətinə görə “köçəri vəziyyəti” (İbn Xalduna görə) mənasındadır. Sufizmdə bu mistik yol sayılır ki, Qədiriyə və Rifaiyə qardaşlığına yaxındır. Mənbələrə görə bu ad – “əl bədəviyə” sufi qardaşlığı olan türklərlə bağlıdır. İnama görə, 12 ana qardaşlıqdan ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. “Köçəri vəziyyəti” mənasını verən bədəvi rəmzinin bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” - səyahət mənasındadır. Buradakı “bədəvi” rəmzi, sufizmdə “bodi”, yəni tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir.

Beduin hökmdarı yazılarda Buid [BD] kimi qeyd olunur və bu rəmzin kökündə duran bodi [BD] rəmzi, islamda (şiəlikdə) “əl-bədə” – “görünmə”, “yaranma”, “qabaqcadan xəbərvermə” və s. mənalarındadır. Allahın 99 şərəfli adlarından olan Bədi (yaradan) və Vədud (sevən) adları da məhz “bodi” və “budda” fikrini ifadə edir. Bu kökdən olan “bidə” (bədəə) rəmzi isə yenilik, kahinlik, bidət kimi də mənalandırılır. Yazdıqlarımızdan belə çıxır ki, bədəvi rəmzi elə sufilərin “bodi” rəmzidir və bu da tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində görən sufi pirləri mənasındadır.

Herodot 6 Midiya tayfalarından birini “Budi” adlandırır və bu rəmz Bubun rəmzinin qısa variantıdır (Herodot, I/101). Türk Budununun Tolis (Töliş) adlandırılması isə, göydəki Mələküt dünyasının bilavasitə Talış dağlarında olması mənasındadır və bu ərazi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığında mövcud olmuş qədim Midiya ərazisinə düşür.

Qədim Şumer ədəbiyyatında Tolis [TLS] rəmzi ilə eyni mənalı olan Tilos [TLS] rəmzi mənbələrdə Tilmun/Dilmun kimi də qeyd olunaraq, “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Tolis Budunudur (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б., 1993, səh.104-107).

Sufizmdə Tolis [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas [TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılmışdır. Quranda “sütunlar şəhəri” – İrəm adlanır (Quran, 89:7). Yəmənin Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə görə isə, cinlərin bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün inşa etdirdiyi Yerusəlim (Qüds) şəhəridir. Sufizmdə İrəm [RM] rəmzinin Rum [RM] rəmzi ilə eyni mənalı olmasını nəzərə alsaq, razılaşarıq ki, Türkiyə mənasında olan “Diyari Rum” - Talış dağlarının göylərində yaradılmış cənnət mənasındadır və atlantidalılar da Göy-Türk Budunudur.

Tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində “Şərqin Ərəbləri” ölkəsi mövcud olmuşdur (И.Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). “Şərq” rəmzi dahi filosof Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində, göyləri və göydəki Mələküt dünyasını bildirir. “Ərəb” (Ereb) rəmzi də Yunan mifologiyasında Xaos mənasında, göydə yaradılmış El fikrini ifadə edir. Sufizmdə “Ərəb” deyəndə milliyət yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasından (metamorfoza), yəni ölümündən sonra (mələk nəslinin) bədən formasını dəyişib, göylərdə yeni forması başa düşülür (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72). Ərəb dili də cənnətdə danışılan dil, yəni ilkin materiyanın vahid dilidir. Buradakı ərəblər isə - cənnətdə ölümsüzlük qazanmış Rəbblər (peyğəmbərlər) mənasındadır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb (Vəhy) dilində Ruh-ül-Əmin tərəfindən endirilmişdir (Quran, 26:192-196). Burada Ruh-ül-Əminin endirdiyi Ərəb dili – göydə ölümsüzlük qazanmış Misir Allahı Amonun Ruhunun göndərdiyi vəhy mənasındadır.

Bütün bunlar o deməkdir ki, Midiya ərazisindəki “Şərqin Ərəbləri” ölkəsi bilavasitə göylərlə bağlıdır və bura yalnız insan öldükdən sonra onun ruhu düşə bilər. Mənbələrdə Midiya əhalisi “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlandırılır ki, bu da Midiya dağları və bu dağların üstündə, ilkin materiya səhralarında ekstatik vəziyyətdə (“suluq”) dolaşanlar (türüklər) mənasındadır.

Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironlar) Sünikdə səhra tikib bərqərar etdilər. Paronterlər, yəni pirlər öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya - insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda, can verən balığa bənzəyir və geriyə qayıtdıqdan sonra yenidən canlanır (А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, yəni göy Ərəbistanında yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün həyat yoxdur.

Budun rəmzinin kökü olan Bodi [BD] rəmzi mənbələrdə Beyt [BT] kimi də yazılaraq göydəki Ev mənasında işlədilir. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni Ev mənasını daşıyır. Bu isə o deməkdir ki, pir Amon – bodi, yəni sufizmin tərikə yolu ilə, ekstatik vəziyyətdə (teurqiya) göydə Beyt (Ev) yaratmış və Türk Budunu da burada öıümsüzlük qazanmışdır.

Teurqların qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Möhürlərdə, çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Burada qəhrəman Enkidunun adı “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozulur. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da Beyt-El – “Allahın Evi” mənasındadır (В.К.Афанасьева, «Гильгамеш и Энкиду», M., 1979, səh.120,137). Belə çıxır ki, hökmdar tərəfindən yaradılmış Allah Evi - türklərin teurqiya mərasimi ilə göydə yaratdığı Evdir.

İslamda Əl-Beyt dedikdə, Məhəmməd peyğəmbər, Əli və ailəsi nəzərdə tutulur. Batinilikdə Əl-Beyt rəmzi, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) deməkdir və bu da Quranın batini mənasını bilən türk bəglərinə aiddir. Mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin Levit [L-VT] Evi də Əl-Beyt [L-BT] rəmzi ilə eyni mənalıdır. Mən, “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm. Bütün bunlar isə o deməkdir ki, Əl-Beyt müqəddəsləri, Quranın və bütün qədim yazıların gizli mənalarını dərk edən türk bəgləridir. Kitabi-Dədə Qorqudda - “bu dünyayı ərənlər əqllə bulmuşlardır” deyəndə də, söhbət türk ərənlərinin göydəki “dünyanı” ağılla “tapması”ndan gedir (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh.88).                                                                

Mühiddin ibn Ərəbiyə görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 8). Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.

Qeyd etmək istərdim ki, mənbələrdə “Aldan” [L-DN] kimi qeyd olunan rəmz “El-Din” [L-DN], yəni “Din-Eli” mənasındadır. Kartirin (III əsr) yazılarında Aldan rəmzi Albaniya adlanır və bu da Azərbaycan ərazisində mövcud olmuş ölkədir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh. 58). Tövratda Albaniya [LBN] rəmzi Lbnun [LBNN] kimi məlumdur və burada bildirilir ki, Allah and içərək Knun (Xanaan) və Lbnun torpaqlarını İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vermişdir (Библия, Втор.1:6-8). Alban [LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir.

Knun [K-NN] rəmzi isə İslamda Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Knun [K-NN] rəmzinin Nun-Ki [NN-K] variantı Şumer və Akkadlarda “Qüdrət yeri” adlandırılaraq Babil qülləsi ilə əlaqələndirilir. Digər mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və Yerin təməl Evi” hesab olunur və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat tikmişdilər.

Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л., 1935, səh.91). Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir. Deməli, Knun rəmzi altında Allahın yerdə yaratdığı məbəd və onun göydəki obrazı olan Albaniya başa düşülməlidir. Bu isə onu göstərir ki, Allah, İbrahim və Yaqub nəslinə, yerdəki Evini və onun göydəki cənnəti vəsiyyət etmişdir.

Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” (I Kitab,böl.12) kitabına görə Albaniya ölkəsi vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Belə çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəgləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.

Albaniyanın Allahla əlaqəsini məşhur tədqiqatçı C. Frezer də xüsusi vurğulayır. Onun yazdığına görə, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur  (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu hadisə qədim Misir yazılarında Misir piri (fironu) Amona aid edilir. Mətnlərə görə Amon, göydə Ra günəş diski yaratmış, özü fiziki öldükdə, ruhu göyə qalxaraq bu Ra disklə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. Firdovsi “Şahnamə”sində bu hadisəni Cəmşidlə bağlayır və qeyd edir ki, o göyə ilk ayaq açaraq, Göydə Kəyan taxtı qurmuşdur. Divin çiynində taxta çıxan Cəmşid, fəzada günəş tək qərar tutur (Firdovsi, “Şahnamə”, B.1987, səh.33). Quranda bu hadisə Rəhman Allaha aid edilir və bildirilir ki, Allah göyləri dirəksiz ucaltdıqdan sonra öz taxtında qərar tutur və günəşi, ayı özünə tabe edərək ərşə hakim olur (Quran, 2:29, 13:2, 20:5). Bu isə o deməkdir ki, İslamın Rəhman adlandırdığı Allah, elə qədim Misirin Ra-Amon Allahıdır. Əgər nəzərə alsaq ki, məhz türk xanı Göydə Allah yaratmasını iddia edir, razılaşarıq ki, Ra-Amon elə Osman şahdır.

Təbrizli Arakel “ilandan doğulmuş” (“əjdahadan doğulmuş”) Midiya maqlarını – “Osman şahlarının nəsli” adlandırır (А.Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Osman rəmzi sufizmdə “İssi-Amon” kimi izah olunur ki, bu da “Amon Ruhu” (Əman Ruhu) mənasındadır. Deməli, Osman rəmzi altında bütün mənbələrdə, Göydə bu günə qədər sağ qalmış pir Amonunun Ruhu nəzərdə tutulmalıdır. Bu Ruh qədim Misir mənbələrində Qor Allahı kimi də qeyd olunur və qızılquş simasında təsəvvür edilir.

Göy-Türk abidəsində Türk Bodununun “Qara-Bodun” adlandırılması da bu tayfanın Qor Allahının törəmələri olması deməkdir. Məşhur tədqiqatçı Devid Rol bildirir ki, qədim Misirin əfsanəvi “Qor ardıcılları” nəslinin soykökü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır. Mən, “Batini-Quran” kitabında və məqalələrimdə çoxlu sayda təkzibolunmaz faktlarla, bütün dünya ədəbiyyatının bilavasitə türk bəglərindən başlamasını sübut etmişəm. Buna görə də burada əlavə sübutlara ehtiyac görmürəm.

Sonda onu qeyd etmək istəyirəm ki, bu gün türk adlandırdığımız millət, ən qədim mənbələrdə teurqlar, Əflatunun isə Allahlar adlandırdığı Midiya maqlarının nəslidir. Qədim mənbələrdəki Türkiyə adı da Xəzər ətrafında yaşayan türk bəglərinin göydəki və yerdəki Elinə aid edilməlidir. Dünyanın bütün peyğəmbərləri və şahları məhz türk bəglərindən olmuşdur. “Rəhman Allahın ağlasığmaz sirləri”, “Ledun elminin əsasları”, “Bütün dunlər birdir” və s. adlı məqalələrimdə də mən bütün dinlərin batini mənalarının bir olmasını və bilavasitə türklərin Göydə yaratdığı El ilə bağlı olmasını nəzəri cəhətdən sübut etmişəm. Yazdıqlarımın tam sübutu isə, mənbələrdə Babil qülləsi, Etemenanki məbədi, Midiya və Ələmut qalaları, Süleyman peyğəmbərin Allah üçün tikdiyi Ev kimi qeyd olunan dünyanın ilk məbədinin açılışı zamanı olacaqdır. Orada saxlanılan Əhd sandığı, Lövhi-Məhfuz və Allahın digər əşyalarının üzə çıxması, bəg-ərənlərin qədim dünyanın sahibləri olmasını tam sübut edəcəkdir. Bu abidənin açılışı isə ay məsələsidir.

 

Firudin Gilar Bəg






Tarix:      www.gilarbeg.com Saytı