Ramazan haqqında bilmədiklərimiz


    

 

             İslamın vacib əməllərindən biri də orucluqdur. Orucluq haqqında müxtəlif fikirlər mövcuddur ki, biz bu əməlin batini, yəni gizli mənalarını araşdıracağıq.           

            Orucluğun əsas ideyası – günəşin çıxdığı zamandan batdığı zamanadək yeməkdən, içməkdən imtinadır. Qurana görə, orucluğun Qədr gecəsində Quran nazil olmuşdur. O gecə mələklər və Ruh yerə enər və O gecə dan yerinin ağarmasına qədər Salam vardır. Zahiri anlamda bu fikirlərin qeyri-adi heç bir mənası yoxdur və insanlar bunu Quran kitabının yerə göndərilməsi və s. kimi qəbul edirlər. Lakin batini anlamda bu fikirlər çox dərin Ledun elmin rəmzləridir. Ledun (Sufizm, Batin, Təvil və s.) elminin mürəkkəbliyini və çətin dərk olunmasını nəzərə alaraq oxucularımıza məsləhət görərdik ki, Mühiddin İbn Ərəbi, Əl Qəzali, Əşari, Nəsəfi və s. kimi sufilərin əsərlərindən xəbəri olmayanlar bu məqaləni müzakirə etməkdən çəkinsinlər.

               Bildiyimiz kimi, Qədr gecəsini “Əhya” gecəsi də adlandırırlar ki, sufilər bu rəmzi “həyya” - həyat vermək, yaratmaq, diriltmək və s. kimi qəbul edirlər. Qədr rəmzi də “qüdrət” kimi qəbul olunur və ümumilikdə bu rəmzlər – müəyyən bir şeyə həyat verilməsi, onun qüdrətli edilməsi mənasındadır.

               Hər bir samitin bir rəmz olduğu sufizmdə Qədr [QDR], Qüdrət [QDRT] rəmzləri həyatla bağlı olan Xıdır [XDR], Xadarat [XDRT] rəmzləri ilə eyni mənalıdır. Xıdır rəmzi ölümsüzlüyə qovuşmuş müqəddəs mənasındadır və mənbələrdə, həyat rəmzi olan yaşıl rəmzlə əlaqələndirilir. Eyni kökdən olan Xadarat (Xadra) rəmzini isə məşhur sufi Mühiddin İbn Ərəbi “Füsus ül Hikəm” kitabında “hazırlayan” kimi mənalandırıb, onu qadın rəmzində göstərir və Allahın, insan obrazında yaratdığı varlıq kimi qeyd edir. Başqa cür desək, İbn Ərəbi, Xadarat rəmzi altında, yer kürəsini əhatə edən kosmik insanın qadın obrazını nəzərdə tutur ki, qədim Misir mənbələrində bu rəmz Xator kimi qeyd olunurdu.

             Mənbələrdə Xator [XTR] İlahəsi - həyat ağacı və ölüm şahlığı ilə assosiasiya olunaraq, qadın obrazında göstərilir və rəsmlərdə o ölənlərin Ruhlarına yeməli şeylər verir. Ümumilikdə götürdükdə bu obraz, qədim Misirdə Atum adlandırılan kosmik insanın obrazıdır. Mətnlərdə Xator eyni zamanda Amit [MT] də adlandırılır ki, bu rəmz də onun Atum [TM] Allahı ilə eyniliyi deməkdir. Bu isə onu bildirir ki, Qədr gecəsi, qədim Misirdə, ümumilikdə Atum adlanan və doqquz törənişdən ibarət olan kosmik Sistemin yaradılışının gecəsidir.

            Qədim Misir yazılarına görə, Xatorun Qor adlı oğlu vardır və mənbələrdə Xator rəmzi “Qorun Evi” mənasını da verir («Древний Восток», сборник 2, M., 1980, səh.92). Rəvayətlərə görə, Günəş Allahı sayılan Qor axirətdə gəlib, ölmüş atası Oziri/Usiri, yəni Osiris Allahını diriltməlidir. Əgər nəzərə alsaq ki, Quran da Qərəə [QR], yəni Qor [QR] rəmzi ilə eyni mənalıdır, razılaşarıq ki, Quranın Qədr gecəsi endirilməsi, Xatorun oğlu Qorun gəlişi mənasında qəbul oluna bilər.

           Qor (Hor/Horos) rəmzi sufizmdə - “Hu” ilkin materiyasından yaradılmış Ra günəş diski” (H+R) fikrini ifadə edir. Məhşur sufi Əziz Əd-din Nəsəfi (XIII əsr), özünün “Zübdetül Hakaik” əsərində ilkin materiyanı eyni zamanda ruh, ağıl, kəlam, Lövhi-Məhfuz və s. adlandırır. Deməli, Qor rəmzi - ilkin ağıl, ilahi müdriklik və s. mənasındadır və Quranın nazil edilməsi də - “Danışan Quran” mənasında olan Əli obrazının, yəni Quran kitabının təcəssümü olan və qədim sirləri bilən Mehdinin gəlişi deməkdir. Qor rəmzinin mənbələrdə Xoros [XRS] kimi yazılışı, bu rəmzin isə Xris [XRS] rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, Qor Allahı eyni zamanda axirətdə gəlməli olan İisus Xristos, yəni İsa peyğəmbər mənasındadır. Mühiddin İbn Ərəbi, İmam Əlinin əvəzinə İsanı – “Mütləq Vilayətin Möhürü” adlandırır və bununla da, bu obrazların eyniliyinə işarə edir (Анри Корбен, «История исламской философии», Sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii). Bu isə o deməkdir ki, xristianların İsa, müsəlmanların isə on ikinci İmamı, axirətdə gəlməli olan Qor Allahının obrazlarıdır.

           Hədislərə görə, Quran - Qədr gecəsi Lövhi Məhfuzdan endirilmişdir. Lövhi Məhfuz – Qədim Misir Allahı olan Ra-Amonun əvvəlcədən olacaqları müəyyənləşdirdiyi yazıdır. Misir mətnlərinə görə, mühafizə olunan bu lövhə - İunu, yəni Geliopol şəhərindədir və onu Bennu adlı “Quş” (Ra-Amon Allahın Ruhu) qoruyur (Е.А.Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 379).

           Xristian mənbələrində İunu [N] adı Ani (On/No) [N] kimi, Gel [GL] şəhəri isə Gelarküni [GL-RKN] kimi məlumdur və bu şəhər türk bəylərinin Yafət-Ərən nəslinə aid edilir. Qədim Misir mənbələrində Yafət-Ərən [FT-RN] nəsli - İri-Pati [R-PT], An-rut-f [NR-TF] və s. kimi yazılırdı və Qor fironlarının nəsli hesab olunurdu (Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.388,389). Qədim Misir yazılarına görə, məhz bu Gel şəhərində firon Amon “Dünya”nı və Adəmi yaratmışdır. Tarixçi M. Xorenatsi isə Gel, Gelarküni rəmzini eyni zamanda Qarni [QRN] adlandırır və bu rəmzi biz Quran [QRN] kimi də oxuya bilərik (M. Xorenatsi, kitab 1, böl. 12). Bu isə o deməkdir ki, Lövhi Məhfizdan endirilmiş Quran, elə Qarni, yəni Gelar şəhərindən çıxmış Qor fironlarının nümayəndəsidir.

          Mən “Batini-Quran” kitabında göstərmişəm ki, Allahın iradəsinin materiallaşması Lövhi Məhfuzda yazılanlara uyğun baş verir və bu yaradılış ardıcıllığı qədim Misir mənbələrində, neoplatonçu Plotində və Əl Qəzalidə eyni formada göstərilir. Qəzaliyə görə də, Allahın əmri Mələkütlə (Mələklər aləmi – Cənnət), əmrin ruhla təması, yəni ağılın materiallaşması Cəbərut və orada olan Lövhi Məhfuzla, materiallaşmanın həyata keçməsi isə Mülklə (Ra-Amon Allahının mülkü – Geliopol) bağlıdır (Аль-Газали, «Эликсир Счастья», sayt: http://www.abkhazia-islam.ru/articles/knigi/alhimiya_schast_ya.html). Belə çıxır ki, Quranın Lövhi-Məhfuzdan endirilməsi dedikdə, Quran kitabının yox, bu kitabda yazılanların həqiqi mənasını bilənin, yəni insan simasında “Danışan Quranın” zühur etməsi başa düşünülməlidir. Bu Quran (Qərəə) isə, qədim Misirdə Mehdi obrazında göstərilən Qor Allahıdır və o gəldikdən sonra Oziri/Usiri (Osiris) Allahını dirildir və bununla da göydə ikinci Atum Sistemi yaranır.

           Qurani-Kərim isə peyğəmbərin ürəyinə Ruhul-Əmin tərəfindən, yəni qədim Misirin ilk piri olan Əminin (Amon) göydəki Ruhu tərəfindən vəhy kimi göndərilmişdir (Quran, 26:192-194). Bunun Lövhi Məhfuza aidiyyəti yoxdur. İkincisi, Quran-Kərim bir gündə yox, uzun müddətdə endirilmişdir və s.

            İslamda Atum [TM] rəmzi Adəm [DM] kimi məlumdur və Tövrata görə Adəm yaradılanda kosmik ölçülü, yəni  dünyanın o başından bu başına qədər olmuşdu (Библия, Втор. 4:32). Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə, Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbə - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır.

           Darüs-Səlam rəmzi – İslam ərazisi, İslam evi və s. mənasında dinclik evi, cənnəti bildirir. Beytül-Müqəddəs rəmzi isə Yerusəlim şəhəridir ki, mənbələrdə o Ur-Səlim kimi də yazılır. Buradakı Səlim [SLM] rəmzi isə İslam [SLM] rəmzi ilə eyni mənalıdır. Əziz Əd-din Nəsəfi, Şihabəddin Sühravərdi və s. kimi məşhur sufilərə və Əhdi-Cədidə görə, Yerusəlim, yəni Səlim şəhəri dedikdə, yerdəki və göydəki Səlim şəhəri nəzərdə tutulur (Библия, Откр.21-2,22,23, 3-12). Əgər nəzərə alsaq ki, Yerusəlim şəhərini cinlər tikmişlər, razılaşarıq ki, Səlim/İslam şəhəri - göydə yaradılmış cənnət mənasındadır. Bu isə o deməkdir ki, Quranda: “O gecə dan yerinin ağarmasına qədər Salam vardır” ifadəsi altında – “O gecə, dan yeri ağarana qədər göydə Səlim/İslam dünyası (Cənnət) yaradılmışdır” fikri nəzərdə tutulmalıdır.

           Sufizmdə “Şəhri Ramazan” dedikdə, eyni zamanda Ramazan şəhəri nəzərdə tutulur. Ramazan (Ramadan) sözünün kökü Ram [RM] kəlməsidir ki, bu da Quranda “sütunlar şəhəri” kimi qeyd olunan İrəm [RM] mənasındadır. Mənbələrə görə İrəm (İrəm Zat əl-İmad) şəhərini də cinlər tikmişlər və o göydə yerləşir. Qədim Misir mənbələrində isə göydə yaradılmış bu cənnət ümumilikdə Abtu (Beyt), Taur (Dairə/Deyr) və Qeb (Qeyb) kimi yazılır ki, bunlar da Atum adlı Sistemin hissələridir. Bu isə onu bildirir ki, Fəzlullah Astarabadinin Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbəni - Adəmin bədənində qeyd etməsi heç də təsadüfi deyildir və bu həqiqətən də belədir.

           Astarabadiyə görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan ”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Axirətdə Məhəmməd peyğəmbərin insanlara şəfaət edəcəyi, onlarla hovuz yanında görüşəcəyi və s. haqqında hədislərdə də məlumatlar var. On doqquzuncu əsrdə Polşa monastırında tapılmış “Yanıçarın yazıları”nda isə Məhəmməd peyğəmbər axirət günündə diriləcək insan kimi qeyd olunur. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər qədim Misirin “ölüb-dirilən” Oziri/Usiri, yəni Osiris Allahının obrazıdır.

          Batin (Ledun) elmində “Allahdan başqa İlahi yoxdur, Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və “Usiri-El”, yəni “Osiris Allahının eli” mənasındadır. Bu isə onu bildirir ki, “Rəsulullah” ifadəsi – “Allahın göydəki Osiris Eli” fikrini ifadə edir. Deməli, “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” ifadəsi Ledun elmində bu mənanı da verir: “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (Ruhlar dünyasıdır)”. Əhməd [H-MD] rəmzinin batinilikdə Adəm-Hu [DM-H] kimi oxunuşunu da nəzərə alsaq, bu ifadəni – “Allah-Adəm, ondan yaranmış Osiris Elidir” kimi də oxuya bilərik. Əgər nəzərə alsaq ki, Mühiddin İbn Ərəbi də Adəmi Allah adlandırır, razılaşarıq ki, Məhəmməd peyğəmbər Allahın obrazıdır. Müsəlmanların – “Ya Allah, ya Məhəmməd, ya Əli” deyimində Allahdan sonra Məhəmməd peyğəmbəri köməyə çağırması, onun həqiqətən Allah rolunda olması deməkdir.

         Bütün bunlar onu deməyə əsas verir ki, Astarabadinin Məhəmməd peyğəmbəri “Dünya” kimi təqdim etməsi heç də təsadüfi deyildir. Məhəmməd peyğəmbər – göydə yaradılmış Ruhlar dünyasının (El) obrazıdır və Qədr gecəsi də bu Ruhlar dünyasının yaranışının bayramıdır. İran mənbələrində ariləri (ərən) qüdrətli edən “Raman” [RMN] Dünyasından danışılır ki, bu da Ra-Amon [RMN] Allahının göydə yaratdığı Ruhlar (Mələküt) Dünyası mənasındadır («История Иранского государства и културы», М., 1971, səh. 305).

         Ramazan bayramı müddətində insanların oruc tutması da, Misir fironu (pir) Amonun, göydəki Günəş ulduzuna bənzər Ra diski yaratması üçün keçirdiyi teurqiya ayini ilə bağlıdır. Teurqiya, yəni Allahyatarma törəni zamanı teurq, Günəşin göründüyü zamandan batdığı zamanadak yemək qəbul etməmişdir və “qomeopatik maqiya”nın “bənzər bənzər yaradar” qanunu vasitəsilə, özünü göydəki Günəş ulduzuna bənzətmişdir. Beləliklə, pir Amon göydə Ra günəş diski yaratmış, özü fiziki öldükdən sonra, Ruhu göyə qalxaraq bu Ra diski ilə birləşmiş və Ra-Amon (İslamda Rəhman) Allahına çevrilmişdir. Ra Günəş rəmzinin Qor rəmzi ilə eyni məna verməsini nəzərə alsaq, qəbul edərik ki, axirətdə gələcək Qor Allahı, ilk yaranmış Ra Günəş Allahının (Ra-Amon) yolunu təkrarlayacaq. Bununla da göydə yeni Atum Sistemi və onu idarə edən Qor Günəş Allahı yaranacaqdır.

         Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Ramazan bayramı, göydə Cənnət mənasında olan Ruhlar dünyasının və bu dünyanı idarə edən Ra (Qor) Allahının yaradılışının bayramıdır. O gecə mələklərin və Ruhun da yerə enməsi onu deməyə əsas verir ki, burada söhbət məhz axirətdən gedir. Çünki yalnız axirətdə bütün mələklər və Ra-Amon Allahın Ruhu yerdə axirət məhkəməsi qurmaq üçün gələcəklər.   

           Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.

 

Firudin Gilar Bəg

www.gilarbeg.com

http://gilarbek.blogspot.com

http://gilarbeg.wordpress.com






Tarix:      www.gilarbeg.com Saytı