Azər – Rəhman Allahın Ali Məqamıdır


      

          Əhdi-Cədiddə İbrahimin atası Azər yox, Lazar adlandırılır və İbrahim özü, «İbrahim qucağı» adlanan yerlə assosiasiya olunur ki, burada insanlar mühakimə olunurlar. Luka peyğəmbərə görə, o dünyanın məhkəməsinin sorğu-sualını İbrahim özü verir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, İbrahim peyğəmbər burada Ra-Amon (Rəhman) Allahı rolunda göstərilir.

          İbrahim peyğəmbərin atası Azərin mənbələrdə Lazar (El-Azər) adlandırılması, Azər rəmzinin göydə yaradılmış Elə, yəni ruhlar dünyasına (Azər-Eli) aid olması deməkdir. Təbrizli Arakel, özünün tarix kitabında Lazar rəmzini – “Lazarın monastırı” kimi qeyd edir və buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə görə, ruhlar bu səhradan çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə düşür, boğulmağa başlayırlar və yalnız qayıdanda yenidən canlanırlar. Bu isə o deməkdir ki, «Lazarın monastırı» deyəndə, göydəki ruhlar dünyası təsəvvür olunmalıdır.

          Sünikdə tikilmiş səhra, yunan mənbələrində Ereb adlandırılır ki, biz bu rəmzi Ərəb çölləri kimi tanıyırıq. E. ə. VIII əsrə aid Assuriya yazılarında «Şərqin ərəbləri» ölkəsi dedikdə, Midiya ərazisindəki ölkə nəzərdə tutulur ki, burada “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” yaşayırlar. “Dağ və səhralarda dolaşan qüdrətli midiyalı” rəmzi altında isə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar təsəvvür olunmalıdır. Bu isə onu göstərir ki, Lazarın monastırı – ölümsüzlük qazanmış Azəri nəslinin ruhlar dünyasıdır.

             Quranda Lazar, yəni El-Azər rəmzi Azər-Eli (Asar-Eli), yəni İzrail/İsrail kimi qeyd olunur və bildirilir ki, Allah İsrail oğullarını haqq yurdunda yerləşdirmiş və onlara böyük Mülk vermişdir. Qurana görə, Allah İsrail oğullarını elmlərinə görə adi insanlardan üstün yaratmış, onlara kitab, müdriklik və peyğəmbərlik vermişdir. Onlara təmiz nemətlərdən ruzi vermiş Allah, onlara on iki başçı göndərmiş və onları varislər etmişdir. Allah, qoyduğu qanunlara əməl edənin günahlarının bağışlanması haqda onlarla müqavilə bağlamış və onları cənnətdə əbədi yaşadacağına söz vermişdir. Quran kitabı da bilavasitə onlar üçün, əvvəlki kitabların təsdiqi kimi, orada yazılanlara daha geniş şərh vermək üçün göndərilmişdir. Bu isə o deməkdir ki, Azər-Eli - peyğəmbər yurdudur.

             İbrahim peyğəmbərin atası Azərin adı digər mənbələrdə Tarik və Farra kimi də qeyd olunur. Tarik rəmzi sufizmdə “tərikə yolu ilə gedən türük” mənasındadır ki, bu - silsilənin son mənzili olan Bəqa, yəni bəglik fazasına çatanlara deyilir. Bu səviyyədə insan ilkin materiyadan istədiyi informasiyanı alır və istədiyi varlığı yaratma qüdrətinə sahib olar. Qədim Misirdə bu yolu gedənlər teurq adlanırdı. Xalkidli Yamvlix “Misir sirləri haqqında” kitabında, göydə “Dünya” yaratmış teurqları, qurban vasitəsi ilə Allah yaradan kahinlər kimi təqdim edir. O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Teurqiya – ilkin materiya ilə vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və bu rəmz “Allah yaratma” kimi də tərcümə edilir. Bu isə o deməkdir ki, Qurandakı bütləri İlahlara çevirən Azər - Bəqa səviyyəsində göydə Allah yaratmış teurqdur, yəni türkdür. Orxon-Yenisey mətnlərində türk xanının, Allah kimi göydə Allah yaratması açıq yazılır.

            İbrahim peyğəmbərin atası Azərin adı digər yerdə Farra kimi qeyd olunur ki, bu rəmz də Pir-Ra (Efir-Ra) mənasında, Misir fironunun efirdə Ra günəş diskini yaratması deməkdir. Belə çıxır ki, İbrahim peyğəmbərin obrazı – teurqiya, yəni qurban mərasimi vasitəsi ilə göy efirində yaradılmış Ra günəşi ilə birləşən pir (firon) Amonun obrazıdır.

            Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir. Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl yəhudilər (seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Deməli, Quranda seçilmişlər mənasında olan İsrail oğulları – tərikə yolu ilə Bəqa səviyyəsinə yüksələrək Allaha çevrilmiş Azəri türk bəgləridir. 

            Batin elmində İsrail, yəni AsarEli rəmzi - Rəsul rəmzi ilə eyni məna daşıyır və bilirik ki, Allahın Rəsulu - Məhəmməd peyğəmbərdir. Ledun, yəni Batin elmində Rəsul rəmzi – “Asar Allahın göydəki ruhlar Eli” mənasını verir. Bu o deməkdir ki, “Allah birdir, Məhəmməd Onun Rəsuludur” ifadəsinin batini mənası – “Bəşəriyyətə həyat vermiş ilkin materiya birdir, Məhəmməd isə ondan yaranmış ruhlar dünyası, yəni Azər Elidir” deməkdir.

           Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Kainatdakı qayda-qanun ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı - Adəm kimi təqdim edir və Allah adlandırır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Müqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya”, El mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Xristian mənbələrində də Məhəmməd peyğəmbər - axirətdə diriləcək müqəddəs kimi göstərilir. İfrat şiələrin “Əli-İlahi” təlimində, Məhəmməd peyğəmbərin Əli şəxsiyyətində təzahür etmiş carçı, xəbərçi sayılması isə onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də göydə yaradılmış ruhlar Elinin obrazıdır.

            Hədislərdə Məhəmməd peyğəmbərin – “Həqiqət mənim daxili vəziyyətimdir” deməsi, onun bədəninin ilkin materiyadan, yəni İlahi nurdan ibarət olması deməkdir ki, qədim Misirdə bu obraz Maat Allahı (İslamda əl Maad rəmzi) adlanırdı. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı, qədim Misirdə Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə edən kosmik İnsanın obrazıdır. Tövrata görə bu kosmik İnsanın bədəni, dünyanın bu başından o başına qədərdir. İbn Ərəbinin Allah adlandırdığı bu Adəmin bədənində isə, ruhlar aləmi, yəni Edem (Eden/Din) cənnəti yerləşir.

            Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi vərəsəliklə Aqilə, yəni Gelə çatmışdır. Deməli, ifrat şiələrin Gel (Gelat/Qulat) Evi elə Məhəmməd peyğəmbərin evidir və vərəsəliklə Abu Talibin oğlu Aqilə qalmışdır. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bədəni cənnət kimi təsəvvür olunan Məhəmməd peyğəmbər Gel şəhərində bərqərar olmuşdur. Başqa sözlə Rəsulullah (Azər-Eli) – Gel Evində mövcuddur.

           Qədim Misir mənbələrində cənnət deyəndə göydəki, yəni Yuxarıdakı Misir (Yuxarı Geliopol) nəzərdə tutulur. Aşağı Misir (Aşagı Geliopol) isə bu cənnətin altındakı, yəni yerdəki Allahlar yurdudur. Amon Allahı ilə bağlı yazıda üç ərazidən danışılır ki, bu da Allahın göydəki, yerdəki və keçid şəhəri mənasındadır. Əl Qəzali bu üç şəhəri Mülk, Mələküt və Cəbərut adlandırır ki, burada Mülk - Amon Allahının yerdəki yurdudur. Mələküt - bu yurdun göylərində yaradılmış mələklər aləmi olan cənnət, Cəbərut isə Mülkün altında yaradılmış mağara mənasındadır ki, hər şeyin əvvəlcədən yazıldığı Lövhi-Məhfuz burada saxlanılır. İstəhri bu üç ölkəni Azərbaycan, Ermənistan, Arran adlandırır və bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Burada Azərbaycan – Mülk, Ermənistan – Mələküt, Arran isə Cəbərut anlamındadır.

            “İqlim” rəmzi sufizmdə Gelam və Kəlam rəmzləri ilə eynidir və Gel Evində, İlahi Kəlam vasitəsi ilə yaradılmış “Dünya” mənasındadır. Kəlam – Şumer ölkəsinin adıdır və şumerlər də Şu Allahının amoreylər nəsli hesab olunurlar. Biz bunları şiə əmirləri kimi, yəni pir, seyid, bəg, şıx və s. batiniləri kimi tanıyırıq ki, onlar mənbələrdə Gelati-Şiə adlandırılırlar.

           Gelat rəmzi digər yazılarda Xilat kimi də yazılır. Mənbələrə görə türk xanı Nəsir əd-din Mühəmməd Sökmən, Xilatda özünü Şahi Ərmən, yəni qədim Misirin Ra-Amon Allahı adlandırmışdı. Deməli, Xilat/Gelat - pir Amonun, göydə Günəş Allahı Ra-Amona çevrildiyi yerdir. Xüsusi qeyd etmək istəyirəm ki, Ərmən rəmzinin indi özünü erməni adlandırılan topluma qətiyyən aidiyyəti yoxdur. Onlar Azəri pirlərindən fərqli olaraq qullar nəslidir və yəhudi, sufi mənbələrində “heyvani insan” kimi göstərilirlər.

           Quranda Xilat rəmzi Xüld kimi yazılır və cənnətin adlarından biri kimi qəbul edilmişdir. Lakin Xilat/Xüld rəmzi mənbələrdə eyni zamanda Xalda və ya Xaldeya kimi də qeyd olunur ki, bura da İbrahim peyğəmbərin vətənidir. Yazılanlara görə, İbrahim peyğəmbər Xaldeyanın Ur şəhəri ilə bağlı olmuşdur və burada onun böyük qardaşı olan Aran ölmüşdür.

           Aran/Arran - Albaniyanın digər adıdır. Qədim Misir mənbələrində Alban rəmzi El-Benu, yəni pir-seyidlərin ruhlarının Ba/Benu quşu obrazında ölümsüzlük qazandığı El deməkdir. İslamda Benu rəmzi Nəbi kimi yazılır ki, sufizmdə bu eyni mənalıdır. Qədim Misir yazılarında isə bildirilir ki, peyğəmbər rəmzi – Allaha çevrilmiş pirin ruhu, yəni Benu mənasındadır. Deməli, Albaniya – Benu quşu rəmzində olan və ölümsüzlük qazanmış peyğəmbərlərin Elidir. Qədim yazılarda Allahın - Alban dağlarının üstündə qərar tutması açıq yazılmışdır.

          Tövrata görə, Allah and içərək Kənan və Alban torpaqlarını İbrahim oğullarına verilmişdir. Mühiddin ibn Ərəbi, İbrahim oğullarına verilmiş bu Eli - Din adlandırır ki, bu da yazdığımız kimi, İslamın göydəki ruhlar dünyasına aid olması deməkdir. Belə çıxır ki, əsl İslam dini, yəni göy cənnəti İbrahim nəslinə verilmişdir. Tarixçi M. Xorenatsiyə görə isə, Albaniya əbədi olaraq Gel, yəni Gelarküni nəslindən bir nəfərə əbədi verilmişdir. Gel nəsli dedikdə isə Quranın gizli mənalarını bilən batini-ismaililəri nəzərdə tutulur və mənbələrdə onlar nizarilər də adlandırılır. Bu gün azərbaycanlıların adlarının bir hissəsini təşkil edən Gül, Qulu sözləri, yəni Gülməmməd, Gülhüseyin, Güləli, Qurbanqulu, Cəfərqulu, Əliqulu və s. adları - Azəri oğullarının Gel Elinin törəmələri olmasına işarədir.

            Əhdi-Ətiqdə nizarilər - öz həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar. Xristian mənbələrində isə nizarilər - nazaretli və ya nasaralı kimi yazılırlar və məlumdur ki, xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. İsa peyğəmbəri yəhudilər Yeşua adlandırırlar və bu da sufizmdə Ya-Şiə kimi mənalandırılır. Mühiddin İbn Ərəbiyə görə, xristianlıq və şiəlik eyni mənbədən qaynaqlanır və mən kitab və məqalələrimdə bunu xüsusi qeyd etmişəm. İfrat şiələrin Gel Eli xristian mənbələrində Qaliley kimi yazılır və bu rəmz sufizmdə Xulul (Xəlilullah) mənasında - ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir.

             İslamda Şiə adlanan rəmz qədim Misirdə Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Bu o deməkdir ki, nizari, yəni Azəri şiələri - ürəyində Allah ruhu olan insanlardır. Məhəmməd peyğəmbər ənsariləri, yəni nizariləri də seyidlər kimi öz nəsli sayır və onlara hörmətlə yanaşmağı tövsiyə edir. Ərəblərlə bağlı isə peyğəmbərimiz - “Mən ərəbəm, ərəblər məndən deyil” deyə bildirir. Belə çıxır ki, peyğəmbərimiz Azəri Elini öz Eli sayır.

            İsmailiyyə fəlsəfəsində Nizar - “Gel (Nu/İunu) şəhərindəki Azər” Allahı kimi mənalandırılır və yazılanlara görə o, bu gün də yaşayır. Nizarın (Həsən İbn Sabbah obrazı) Ələmut qalasında cənnət yaratması və axirətdə yenidən dirilməsi mətnlərdə xüsusi qeyd olunur. Mənbələrdə Şah İsmail Xətainin Mehdi rolunda göstərilməsi və onun döyüşçülərinin “sorxsər bidin mülhidləri”, yəni “ölümsüz Azərin batini mələkləri” adlandırılması o deməkdir ki, axirətdə məhz bu ölüm mələkləri yer üzündə məhkəmə quracaqlar.

            İslamda ölüm mələkləri Əzrail adlandırılır və bu da İzrail rəmzi kimi Azər-Eli deməkdir. Təbii ki, söhbət yuxarı Azərbaycanın, yəni Mələküt aləminin mələklərindən gedir. Aşağı Azərbaycanın da pir-seyidləri bir zamanlar söz və fikirlə insan öldürmək və ya həyat vermək, varlıqlara fiziki təsir etmək qüdrətinə malik idilər. Lakin axirətə yaxın onlar Allahla müqaviləni pozaraq, haqq-ədaləti itirdilər və bununla da öz cəddlərinin gücünə son qoydular. Dünya malına görə cənnəti qurban verən bu Adəm övladlarına Quranda “lənətlənmiş” rəmzi şamil edilir. Qurana görə onlar – bütlərə pərəstiş etdiklərinə, Allahla bağlı yalan danışdıqlarına, yazılanları təhrif etdiklərinə, həqiqəti bildikləri halda dandıqlarına görə lənətlənmişlər. Bütlərə sitayiş dedikdə, Quranın zahiri anlamı, yəni İslamın indiki mənası nəzərdə tutulur ki, bu da cəfəngiyyatdır.

             Sonda onu bildirmək istəyirəm ki, Şah İsmayıl Xətai – “Həqiqət bir gizli sirdir” dedikdə, bu günə qədər sirr qalan Azərbaycan həqiqətlərini və onun fəsəfəsini nəzərdə tutur. Əsl İslam da azərilərin bu batini fəlsəfəsidir.

              Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

                                                                   

                                                                                                                                             Firudin Gilar Bəg 

                                                                                                                                             www.gilarbeg.com

 

 






Tarix:      www.gilarbeg.com Saytı