Həqiqi İslam Şumerdən başlanır


    

           İnsan həyatında mühüm rol oynayan meyarlardan biri dindir. Dinlərin nə məna kəsb etməsinin elmi izahı bu günə qədər verilməsə də, insanlar onu bütə çevirdiyi üçün o hələ də öz gücünü itirməmişdir. Lakin artıq hamıya aydındır ki, bir müddət sonra bütün dinlər tamamilə yox olmalıdır. Çünki, elmi izahı, məntiqi və insan həyatına təsiri olmayan bir şeyin uzun müddət yaşaması mümkün deyildir.

           İslam dinin əsas ideyası, “Allah birdir və Məhəmməd də onun Rəsuludur” şəhadətidir ki, bunu qəbul etmək, həyat uğrunda mübarizədə insana heç nə vermir. Bu gün istənilən bir kasıb adam bir tikə çörək müqabilində dinindən də, Allahından da peşimançılıq çəkmədən dönər və belə faktlar get-gedə artmaqdadır. Ortaya belə bir sual çıxır. Bəs nəyə görə müdrik babalarımız, mənası, məntiqi olmayan bir inancı bizlərə vəsiyyət etmişlər və hətta bu yolda ölümə belə getməyə hazır olmuşlar? Bu suala cavab vermək üçün, dinlərin əsl mahiyyətini, mənasını diqqətlə araşdırmaq lazımdır.

           Hamıya məlumdur ki, müqəddəs Quran kitabının adi, zahiri mənasından başqa, gizli, yəni batini mənası da var ki, bunu yalnız seçilmişlər, sufilər bilmişlər. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə bütün dinlərin batini mənaları birdir və Əflatun fəlsəfəsinə aparıb çıxarır. Əflatun fəlsəfəsi isə bütün fəlsəfələrin mahiyyətini özündə birləşdirən və rəmzlərlə, Allahın göydə və yerdə yaratdıqlarına elmi izah verən fəlsəfədir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə, bütün dinlərin, fəlsəfələrin bir olduğunu elmi cəhətdən izah etmişəm. Bu məqalədə isə “din” sözünün mənaları haqqında bəzi məlumatları verəcəm.

          Batin (sufizm) elmində hər bir samit - bir rəmz kimi qəbul edilərək, xüsusi məna ifadə edir. Bu elmdə “din” [DN] rəmzi Qurandakı  Ədn (Eden) [DN] cənnətinin rəmzi ilə eyni məna daşıyır ki, bu da dinin “cənnət” fikrini ifadə etməsi deməkdir. Cənnət haqqında ilk məlumat Şumer yazılarında verilir. Bu yazılara görə, “dirilər ölkəsi”, yəni ölümsüz Allahların bağı olan Dilmun cənnəti - İran ərazisində, Zaqros dağ təpələrinin arxasında yerləşir. Məşhur şumerşünas Kramer, Dilmunu «təmiz», «nurlu» və «şəfəq saçan» torpaq kimi təsvir edir və bildirir ki, buranın sakinləri xəstəliyin, ölümün nə olduğunu bilmirlər. Bura, ölmüşlərin ruhlarının xoşbəxtliyi daddığı yerdir və bura köçmək, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Deməli, din dedikdə, Allahın qoyduğu qanunlara riayət edən insanın, öləndən sonra da, ruhunun yaşadığı yer başa düşülməlidir. Məşhur sufi Mühiddin ibn Ərəbinin yazdığına görə də, İslam dini - Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. İbn Ərəbi xüsusi qeyd edir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “din” rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin göydəki El mənasında olması anlamındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Bu isə o deməkdir ki, “din” sözü “Dünya” mənasındadır və bu İslam dünyasını da Allah, İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. 

           Bildiyimiz kimi Xarrandan (Arran) olan Azər oğlu İbrahim peyğəmbər yəhudi peyğəmbəridir və məlumdur ki, mənbələrdə yəhudi dedikdə Xəzər (Azər) türk bəgləri nəzərdə tutulur. “Kitabi-Dədə Qorqud”da da əvrən, yəni yəhudi sözü türk ərənlərinə aid edilir. Xəzər türklərinin X əsrə aid dualar kitabında Allah - “Adonay” [DNY] adlandırılır ki, bu da Batin elmində “Dünya” [DNY] sözü ilə eyni mənalıdır. Deməli, Xəzər türkləri Adonay deyəndə İran dağlarının üstündəki Dilmun Dünyasını, Dilmun Elini nəzərdə tuturlar. Orxon Yenisey türk abidələrindəki türk xanı Tolis (Toliş) isə iddia edir ki, məhz O, Tanrıtək Göydə El yaratmışdır. El rəmzinin yəhudi dilində Allah mənasını verməsi də bu Elin, sufilərin Hu adlandırdığı İlahu nurdan, yəni ilkin materiyadan yaradılması anlamındadır.

           Tolis rəmzi sufizmdə Tilos kimi də oxunur ki, araşdırıcı Piter Kornuelə görə, Tilos - Dilmun cənnətinin digər adıdır. Tolis/Toliş rəmzi isə Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı dağların adıdır və bura Azəri türklərinin torpağıdır. Deməli, İslam dini mənasında olan göydəki Tilos Eli elə Adonay Allahıdır.

         Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə Adəmin bədənindədir. Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı Adəm kimi təqdim edir və onu Allah adlandırır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbərlə Adonay Allahı eyni məna kəsb edirlər.

           Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti -“İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - göydə ondan yaranmış ruhlar Elidir  (Osiris/Asar/Azər dünyasıdır)” fikrini ifadə edir ki, bu da Adonay Allahın elə Məhəmməd peyğəmbər olması deməkdir. Göründüyü kimi, İslamın batini mənası çox dərin mənaları olan elmdir və bu elm – göydə yaradılmış İslam Aləminin elmidir.

           Din rəmzi Batin elmində El-Din (Din-Eli) mənasını verir və bu rəmzdən Ledun, Aldan rəmzləri yaranmışdır. Ledun elmi Batin elminin digər adıdır. Aldan rəmzi isə mənbələrdə Albaniyaya aid edilir və xristian mənbələrində bu rəmz Alu kimi də yazılır. Alu rəmzi isə Batinilikdə El/Əli mənasında göydə yaradılmış Vilayəti, Eli bildirir. Sufizmdə Alban rəmzi – El-Benu mənasında, qədim Misirdə, göydəki ruhlar aləmində  quş obrazında ölümsüzlük qazanmış Allahların ruhlarını bildirir. “Kitabi - Dədə Qorqud” abidəsində də türk ərənləri haqqında danışarkən onlar quş kimi təsvir edilirlər və onların bir yerə yığışması «qondu» sözü ilə ifadə olunur. Alban/El-Benu rəmzi sufizmdə eyni zamanda Nəbi-Eli kimi də oxunur ki, bu da peyğəmbərlər məmləkəti deməkdir. Deməli, “din” rəmzi həqiqətən də göydə yaradılmış Elin rəmzidir və bu Din dünyası Azər oğlu İbrahim peyğəmbərin nəslinə verilmişdir.

          Akkadların Alu/İlu kimi qeyd etdiyi El rəmzi, şumerlilərdə Dinqir kimi tərcümə olunur və Allah mənasını verir. Bu rəmz Din və Qor sözlərindən yaranmışdır. Qor rəmzi qədim Misirdə pirin (firon) ruhunun göydə qızılquş obrazında yaşamasını bildirir. Lakin bu quş (pirin ruhu) eyni zamanda göy cənnətinin ruhu (ağlı/beyni) olduğu üçün mənbələrdə Qor (Kor/Kur və s.) dedikdə, eyni zamanda göy aləmi də başa düşülür.

          Din sözü qədim Misir mətnlərində doqquz yaranışdan ibarət yaradılmış Atum (Adəm) Allahının adlarından biridir və mətnlərdə Nut kimi qeyd olunur. Doqquz yaranışdan ibarət olan Allah (“Enneadanın Doqquz Allahı”) bizlərə “Doqquz Oğuz” kimi məlumdur ki, Oğuz [ĞZ] rəmzi batinilikdə Xaos [XS] rəmzi kimi ilkin materiyanı bildirir. Rəvayətlərdə Oğuzun göylərlə əlaqəsi də bu yaranışla bağlıdır. Bu doqquz yaranış hər biri ayrılıqda da Allah mənasını verir. Çünki, sufilər İlah (Allah) dedikdə məhz Oğuz mənasında olan ilkin materiyanı, yəni İlahi nuru nəzərdə tuturlar.

           Bütün bunlar o deməkdir ki, Dinqir, Tenqri, Tanrı və s. dedikdə Nut göyündə yaradılmış Qor Allahının dünyası başa düşülməlidir. Qor Allahı isə - firon Amonun (pir Əman) ruhu ilə Ra günəş diskinin vəhdətindən yaranmışdır. Şumer mənbələrində Amon-Ra-Qor rəmzi - Enmerkar kimi yazılır və bildirilir ki, bu Allah özünə yüksək status olan Asar adını götürdü. Deməli, Asar/Azər Allahı dedikdə, ərşə yüksələrək göylərə hakim olmuş Ra-Amon, yəni Rəhman Allah nəzərdə tutulmalıdır.

           Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürür və qanunlar toplusu, gizli ayinlər keçirən, Ezir (Azər) adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır. Odin adını götürdükdən sonra qanunlar toplusu yaradılması o deməkdir ki, Azər Allahı, 12 imamla Din və onun qanunlarını yaratmışdır. Odin Allahının skandinav və german mifologiyasında eyni zamanda Votan (Vodan) adlandırılması, əsl dinin Batin elmi olması deməkdir. Çünki batinilikdə “B” və “V” rəmzləri eyni mənalı rəmzlərdir. Bunu Odin sözünün mənası da sübut edir. Yazılanlara görə, Odin sözü şamanın ekstazını, qamlamanı, magiyanı, müdrikliyi bildirir. Batin elmi də sufinin ekstatik vəziyyətində, silsilənin ən ali məqamında üzə çıxan elmdir ki, bu da İlahdan, yəni ilkin materiyadan alınmış informasiyadır. Sufizmə görə, Bəqa (Bəglik) səviyyəsində qəbul olunan bu elm vasitəsi ilə insan bir saata bütün elmlərə tam və kamil şəkildə sahib olur. O hətta Allah yaratma qüdrətini də qazanır ki, türk (teurq) xanı da məhz bu vəziyyətdə (teurqiya) göydə El Allahını yaratmışdır.

           Odin rəmzi Finikiya mifologiyasında Adon, Adonis kimi yazılır və ölüb dirilən Allah kimi məlumdur. Təbiətin ölüb dirilməsi ilə əlaqələndirilən bu Allah qədim Misirdə Asar/Osiris/Oziri, yəni Azər adı ilə tanınırdı. Mən, “Aşura haqqında əsl həqiqətlər”adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm.

            Adon/Adonis Allahının ləqəblərindən biri də Liey - “azad olmaq”dır ki, bu da sufinin ruhunun ekstatik durumda bədəndən azad olaraq İlahi nura, yəni ilkin materiyaya qovuşması və ondan istədiyi informasiyanı alması mənasındadır. Liey rəmzi isə “L” samitindən yaranmışdır ki, bu da göydə yaradılmış Eli bildirir. Deməli, Adon/Adonis Allahı, yəni Din rəmzi -  göydə yaradılmış Elin rəmzidir və bu El, ilkin materiyadan ibarətdir. Məhəmməd peyğəmbər də hədislərdə “Həqiqət mənim daxili vəziyyətimdir” deyir ki, bu da peyğəmbərimizin bədəninin ilkin materiyadan ibarət olması mənasındadır. Belə çıxır ki, Məhəmməd peyğəmbər elə Odin (Din) və ya Azər Allahıdır.

            Bütün bunlar o deməkdir ki, əsl İslam dini – Batin elmidir və bu elm yeddinci əsrdə yox, Adəmin yarandığı dövrdə, yəni 5500 il bundan əvvəl Azərbaycanda yaranmışdır. Yeddinci əsrdən başlayaraq insanlar qədim yazıların əsl, yəni batini mənalarını yaddan çıxararaq, zahiri mənalarını əsas tutdular və müqəddəs elmi bəsitləşdirdilər. Məhz bu dövr mənbələrdə Adəmin cənnətdən qovulması dövrü sayılmalıdır.

            Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi dərk etmə ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi Batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Nəticədə, peyğəmbərimizin dediyi kimi, İslamın 73 təriqətindən yalnız biri - cənnətə, qalanları isə cəhənnəmə düşürlər. Bu isə o deməkdir ki, yeddinci əsrdən bu yana yalnız bir təriqət üzvləri cənnətə gedir ki, bu da mənim - “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır” adlı məqaləmdə yazdığım kimi, pir, bəg, seyid, və s. ismaili-nizarilərinin batini təriqətidir.

            Yazdıqlarımdan çıxan nəticə odur ki, bu dünyada bir həqiqi din var ki, bu din də Rəhman Allahın göydə yaratdığı cənnətlə bağlı elmdir. Bütün dinlərin batini mənaları da bu vahid dinin tarixi ilə bağlıdır. Həqiqi İslam olan bu vahid din, Azərbaycanda - pir, bəg, seyid, şıx adlandırdığımız Azəri müqəddəslərinin əcdadları tərəfindən yaradılmışdır.

             Qədim Misir rəvayətinə görə, Allahın ilkini olan Azər (Asar/Osiris) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Axirətdə Azərin arvadı İsida və oğlu Qor, Azəri yenidən dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır.

           Azər Allahının ölümü məhz yeddinci əsrdən - insanların qədim yazıların gizli, batini mənalarını yox, birbaşa - zahiri mənalarına üstünlük verdiyi dövrdən başlanır. Məhz bu dövrdən başlayaraq adi insanlar öldükdə, onların ruhları cənnətə yolu itirirlər və milyonlarla İslam qanununa əməl edən möminin ruhu, arzuladığı cənnətə daxil ola bilmir. Lakin yazılanlara görə, axirətdə bütün sirlər açılacaq və insanlar həqiqəti dərk edərək yenidən Din, yəni Ədn cənnətini qazanacaqlar.

 

Firudin Gilar Bəg

                                                                                                                                              www.gilarbeg.com

 

  




Tarix:      www.gilarbeg.com Saytı