Azərbaycan – Azər odunun yaradıldığı yerdir


   

 

Azərbaycan haqqında çox kitablar, məqalələr yazılıb və mənim də bu haqda məqalələrim var. Bu məqalədə isə mən, Azər adının bağlı olduğu İlahi od və ondan yaradılmış Cənnət haqqında bəzi məlumatları çatdıracam.

Yaqut əl-Həməviyə görə, Azər - pəhləvicə od deməkdir və Azərbaycan ədəbiyyatındakı “Nuri Azər” ifadəsi - “Azər odu” (İlahi nur) mənasındadır. Quranda Azər - İbrahim peyğəmbərin atası kimi qeyd olunur və bu kitabda O, büt düzəldib onları İlahlara, yəni Allahlara çevirən Tanrı kimi göstərilir (Quran, 6:74). Quranda açıq yazılır ki, Azər oğlu İbrahim peyğəmbər ilahi oddan (nurdan) Bina tikmişdir və ora Cənnətə çevrilmişdir (Quran, 37:97, 21:69, 2:126-128). Kitabi - Dədə Qorquda görə də İbrahim peyğəmbərə xilas kimi verilən bu od – bustana, yəni Cənnəti-gülüstana çevrilmişdir (Kitabi - Dədə Qorqud, B., 1988, səh.109). Məşhur sufi Mühiddin ibn Ərəbiyə görə də bu od, peyğəmbərlərin yaşadığı Cənnətdir (İbn Ərəbi, “Füsusül Hikəm”, böl.14). İbn Ərəbi, İbrahim peyğəmbərin İlahi oddan yaranmış cənnətini, ölmüş insanın ruhunun əbədi xoşbəxt yaşayacağı yer kimi göstərir. O, bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini xüsusi qeyd edir. İbn Ərəbi bildirir ki, Allah - ölüm zamanı, insan ruhunun, göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır. Bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. Deməli, qədim mənbələrdə Azər adı - Cənnətlə bağlıdır və bu cənnəti də Azər oğlu İbrahim peyğəmbər yaratmışdır.  

Lakin ibn Ərəbiyə görə adi insanlar bunları dərk etmək iqtidarında deyillər. Çünki onları təbiət və şəhvət idarə edir və onlar zəif ağılda olan məntiqsiz insanlardır (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.25). İbn Ərəbi bildirir ki, bu sirləri yalnız seçilmişlər dərk edə bilər. Seçilmişlər dedikdə isə, mənbələrdə “biliyinə görə seçilmişlər“, yəni “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur. İbn Ərəbi bu seçilmişləri - Məhəmməd peyğəmbərin xalqı adlandırır və nəzərə çatdırır ki, onlara Süleyman pilləsi verildiyi üçün hamıdan üstündürlər (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.16). Süleyman pilləsi - Süleyman peyğəmbərin bildiyi “quş dili” mənasındadır. Seçilmişlərin bu “quş dili” - rəmzlər dilidir və bizlərə bu dil sufizm, batin, ledun, təvil və s. elmlər kimi məlumdur. Bu rəmzlər dilində, mənanı yalnız samitlər daşıyır, saitlər isə bağlayıcı rol oynayır. Sağa və ya sola oxunuşundan asılı olmayaraq bütün dillərdə bu samitlər eyni fikri bildirir və s.

Bütün bunlar o deməkdir ki, Azər adı ilə bağlı olan sirlər, adi insanlar üçün çətin dərk olunandır. Buna baxmayaraq biz daha qədimlərə gedib, Azər adının haradan başladığının izahını verəcəyik.

Ərəb mənbələrinə görə (İbn əl-Fəqih, Yaqut, əd-Diməşqi və b.) azərbaycanlı və ya Azəri adı, Nuh peyğəmbərin törəməsi olan Azərbaz ibn əl İranın adından götürülmüşdür (N. Vəlixanlı, “Ərəb xilafəti və Azərbaycan”, B.1993, səh. 47). Azərbaz rəmzi ən qədim Şumer mənbələrində Asar və Abzu kimi qeyd olunur. Batin elmində Asar-Abzu elə Azərbaz deməkdir. Şumer mənbələrində isə Abzu (Baz) - Enmerkar şahın Aratta ölkəsində Böyük Allahlar üçün yaratdığı müqəddəs məbədgah, yəni cənnət mənasındadır. Məhz bu Abzunun “ürəyində” Asar, yəni Azər Allahı yaranmışdır. Məşhur alim Devid Rolun yazdığına görə, şumerlilər,  Zaqros dağları ətrafından gəlmiş Enmerkarı - İlahilik statusu olan Enki oğlu Asara qədər ucaltdılar. Mənbələrdə Asar Allahı eyni zamanda Asar-Luhi kimi də yazılır ki, bu da sufizmdə elə Azər-İlahi, yəni Azər-Allahı deməkdir (Devid Rol, “İtirilmiş Əhd”). Devid Rol xüsusi qeyd edir ki, Misir mədəniyyətini də, Mesopotamiyadan köçüb gəlmiş bu Asar (Asər) oğulları yaratmışlar və onlar Qor (Xor) fironlarının nəslidirlər. Rola görə, Misir adı da – “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Asar oğulları) mənasındadır. Deməli, Azər adı qədim Misirdə Asar, yəni Osiris kimi tanıdığımız Allahın adıdır.

Batin elmində Enmerkar rəmzi Ra-Amon-Qor kimi açıqlanır və bu da qədim Misirin Ra-Amon və Qor Allahı deməkdir. Mənbələrə görə qədim Misirin ilk fironu (piri) olan Amon (Əman) - İlahi nurdan, yəni ilkin materiyadan göydə Ra günəş diskini yaratmışdır. Özü öləndən sonra, onun ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. İslamda bu yaranış, Rəhman (Ra-Əman) Allahın ərşə yüksəlməsi kimi qeyd olunur. Ra diski ilə pir Amonun ruhunun vəhdəti islamda “Vəhdət əl Vücud” adlanır. Bu birləşmədən, yəni Ra-nın Amonun ruhu ilə vəhdətindən isə göydə qızılquş kimi uçan Qor Allahı yaranır. Deməli, Asar/Azər Allahı dedikdə, qədim Misirdə Ra-Amon-Qor, Şumerdə isə Enmerkar adlanan Allah nəzərdə tutulmalıdır.

Enmerkar Allahı, Aratta ölkəsi olan Eriduda Allahlar üçün Abzu cənnətini yaradır və bu rəmz də firon Amonun Ba ruhu (Ba-İssi) mənasındadır. Bu cənnət firon (pir) Amonun Ba ruhunun, yəni ürəyinin məhsulu olduğu üçün, qədim Misir mənbələrində cənnət - “ürəklər evi” adlandırılır (Э. А. Уоллес Бадж, “Египетская книга мертвых”, М-СПб.. 2005, səh.647). Deməli, Abzu cənnəti qədim Allahların Ba adlanan ruhlarının evidir.

Xalkidli Yamvlix özünün  “Misir sirləri haqqında” kitabında, göydə cənnət yaratmış firon Amonu və onun köməkçilərini teurq adlandırır. Teurq sözü isə “türk” (tərikə yolunu gedən) deməkdir. Yamvlix teurqları - Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri, ruhlarının Allahla vəhdətidir (А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinlər - “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Türkiyə ölkəsinin adı da məhz Teurqiya sözündən yaranmışdır və mən “Türk, Türkiyə nə deməkdir. Ağlasığmaz həqiqətlər” adlı məqaləmdə buna izah vermişəm.

Eriduda (Aratta) Allahlar evinin, yəni cənnətin yaradılması Babil mənbələrində Marduk Allahına aid edilir və D. Rol da Asar/Assur adının, Marduk Allahının digər adi olmasını yazır. Şumer mifologiyasına görə, Marduk Allahı Tiamata, yəni Göy okeanına qalib gələndən sonra, onun bir hissəsini, Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı Göy və Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (Б. А. Тураев, «Историю Древнего Востока», II cild, Л., 1935, səh.91). Deməli, Etemenanki adlanan Göy və Yerin təməl evi elə Abzu, yəni Baz cənnətidir. 

Göy əjdahası Tiamata qalib gəldiyi üçün, Marduk Allahı mənbələrdə əjdaha ilə bir yerdə qeyd edilir və Marduk adındakı “mar” rəmzi də əjdaha, ilan mənasını verir. Mənbələrdə “mar”, yəni ilanla (əjdaha) bağlı olan xalq - Midiya xalqıdır ki, onlar da Azərbaycanın Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Rəvayətə görə, Herakl Gileyaya gələrək, buradakı mağarada, yarıqadın-yarıilan Yexidna ilə cütləşir. Bu izdivacdan skif/sak - şahlar və mələklər nəsli yaranır ki, mənbələrdə onlar “ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır. Ezoterik xristianlıqda, Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır. Bu isə o deməkdir ki, Mardukun, Heraklın nəsli olan ilandan doğulmuş midiyalılar - mələklər nəslidir.

Tarixçi Moisey Xorenskiy “Ermənistan tarixi” kitabında, ilandan doğulmuş midiyalıları “əjdahadan doğulmuşlar” adlandırır. Onun yazdığına görə, əjdahalar nəsli olan Sisaka, yəni saklar nəsli - “qədim şah toxumu” olan, tacqoyan Baqaratın ərənlər nəslidir. Baqarat rəmzi – Bəg-Arat kimi izah olunur ki, bu da Aratta bəgi fikrini ifadə edir. M. Xorenatsi, bəglərin bu əjdaha nəslini Yafət-Ərən nəsli hesab edərək, Gel eli, yəni Gelarküni ilə əlaqələndirir. Gel eli isə elə Heraklın Yexidna ilə cütləşdiyi Gileya mağarasının olduğu yerdır.

Qədim Misir mənbələrinə görə, Gel eli, yəni Geliopol şəhəri – Allahın, göydəki ruhlar dünyasını yaratmağa başladığı yerdir və buradan çıxmış Ptah (Yafət/Fateh rəmzləri) Allahı indi də yaşayır. Burada Osiris, yəni Asar/Azər Allahının bədəni uyuyur və axirətdə də buradan zühur edəcəkdir. Bu isə o deməkdir ki, Abzu, yəni Baz evi elə Midiyanın Gel şəhəridir ki, Azər/Asar Allahının bədəni də burada uyuyur. Belə çıxır ki, ərəb mənbələrində İran oğlu Azərbaz deyəndə, ərənlərin Azərbaycandakı Gel eli, yəni Gelarküni nəzərdə tutulur.

Baz, yəni Abzu məbədgahı Azərbaycanda Bəzz qalası kimi məlumdur və bu qala xürrəmilərin qalası hesab olunur. Babək burada çıxış etmişdir və Mehdinin də zühuru buradan gözlənilir (“Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh.119). Mənbələrə görə, Bəzz vilayəti Azərbaycanla Arran arasında yerləşir və bu rəmz altında ölkə, torpaq, şəhər, kənd, dağ, qayalıq və daşlıq yer nəzərdə tutulur (Z. Bünyadov «Azərbaycan VII-IX əsrlərdə», B.1989; səh. 229-230). Bu isə o deməkdir ki, Bəzz qalası Enmerkar Allahının Arattada, Allahlar üçün tikdiyi ruhlar dünyasıdır və Azər/Asar Allahı da məhz burada yaranmışdır. 

Gelarküni adındakı “Küni” rəmzi - Quranda “Kün!”, yəni Allahın “Ol!” əmrini bildirir və Allah, istədiyini bu əmrlə yaradır. Şumer mənbələrində Kün rəmzi – Ki-Nun, Nun-ki, Enki, və s. kimi yazılaraq, Etemenanki məbədinə aid edilir və buranın digər adı da Esagil, yəni Gel məbədidir. Belə çıxır ki, qədim Misirin Gel şəhəri olan Geliopol, şumerlilərin Etemenanki məbədindən başlanır.

Mənbələrdə Kün rəmzi Kənan (Ki-nun) kimi də yazılaraq yəhudilərə, yəni Azər oğlu İbrahim peyğəmbərin nəslinə aid edilir. Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə, Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir. Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl yəhudilər (seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Kitabi - Dədə Qorqudda da bəg-ərənlər  – “ərənlər əvrəni”, “Adəmilər əvrəni”, yəni “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” adlandırılır ki, bu da türk bəglərinin seçilmişlər nəsli olması deməkdir.

Mənbələrə görə, Azər oğlu İbrahim peyğəmbərin vətəni Mesopotamiyanın Xarran şəhəridir. Xarran rəmzi mənbələrdə Arran kimi, Xəzər rəmzi isə Azər kimi də qeyd olunur. Xarranın Arran kimi yazılışı onunla bağlıdır ki, sufilərin Allah mənasında qəbul etdikləri ”Hu” rəmzi, gözə görünməyən İlahi Nuru, yəni ilkin materiyanı bildirir və onu yalnız ekstatik vəziyyətdə görmək mümkündür. Buna görə də “H” samiti bəzən yazılmır. Arran isə Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər ölkəsi də adlandırırlar. Bu isə o deməkdir ki, Azər oğlu İbrahim peyğəmbər Azərbaycan ərazisində yaşamışdır.

Buxariyə görə, müsəlmanların ibadət yeri, İbrahim peyğəmbərin dayandığı yerdir, yəni Xarrandır (Arran) və iki dünyanın səddi də buradadır. Mesopotamiya mənbələrində, Xarrandan çıxan və İslamın rəmzi olan Ay rəmzi - El Allahına aid edilir və İl-Amurru adlandırılır. İl-Amurru rəmzini biz Əli-Əmir, yəni Əli Əmir əl möminin kimi tanıyırıq. El Allahı isə Səlim şəhərinin Allahı hesab olunur və Batin elmində Səlim rəmzi - İslam rəmzi ilə eyni mənalıdır.

El Allahı, türklərin “Moyun Çor” abidəsinə görə türk xanı tərəfindən yaradılmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Burada türk xanı iddia edir ki, məhz O - Tanrıda, yəni ilkin materiyada olmuş və orada El yaratmışdır (oranı İl etmişdir). Bu isə o deməkdir ki, İslam dini də göydə yaradılmış cənnət mənasındadır. Mühiddin ibn Ərəbinin yazdığına görə də, din - göydə yaradılmış “dünya” mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin göydəki El mənasında olmasını bildirir. İbn Ərəbiyə görə, İslam dini Allahdadır və bu dinə tabe olaraq ölmək, Allahın qoyduğu qanuna tabe olub, onun göydə yaratdığı dünyada əbədi yaşamaq mənasındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Deməli, İbn Ərəbiyə görə din rəmzi - göydəki El anlamındadır və müsəlman olaraq ölmək də, Allahın yaratdığı dində, yəni İslam Elində əbədi həyat qazanmaq mənasını bildirir. Bu isə o deməkdir ki, İslam aləmi, yəni Darüssəlam - göydə yaradılmış cənnət olan Azəri elidir, yəni Osiris Allahının şahlığıdır.

Mühiddin İbn Ərəbi bildirir ki, ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim peyğəmbərlərdir. Ümumiyyətlə, İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Bu isə o deməkdir ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.

Batin elmində, “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti - “İlkin materiyadan (İlahi Nur) başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Azər (Asar/Osiris) Elidir” mənasındadır. Belə çıxır ki, əsl İslam dini Azərbaycandan və Azərilərdən başlanır.

Mən “Batini-Quran” kitabında və məqalələrimdə göstərmişəm ki, sufilərə görə Məhəmməd peyğəmbər kosmik insandır və peyğəmbərlər nəsli də bu insanın bənzəri kimi yaradılmışdır. Mənbələrdə bu nəsil ənsarilər, nizarilər kimi qeyd olunur və biz bunları seyidlər və ya batinilər kimi tanıyırıq. Ənsar/Nizar rəmzi qədim Misir mənbələrində Nu-Asar/Nu-Oziri (Osiris/Usiri və s.) kimi yazılırdı və “Nu/İunu şəhərində yaşayan Asar/Azər Allahı” mənasını verirdi. Nu/İunu şəhəri isə elə Gel şəhəri, yəni Geliopoldur. Yəhudi mənbələrində Ənsar/Nizar rəmzi - Nazorey, xristian mənbələrində isə Nasara/Nazaret kimi qeyd olunur.

Bildiyimiz kimi, Nizar rəmzi, Ələmut qalasında cənnət yaratmış Həsən ibn Sabbaha aid edilir və mənbələrə görə Nizar indi də yaşayır. Bu isə o deməkdir ki, Azər Allahının nəsli elə ismaili-nizari şiələri olan seyidlərin nəslidir. Şiə rəmzi ən qədim Misir yazılarında Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Yəhudilər Şu rəmzini -  Yeşua, xristianlar isə İsa peyğəmbər adlandırdılar. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri - “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (Анри Корбэн, История Исламской  философии, səh.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii ). Deməli, bütün dinlər birdir və onlar bilavasitə Azər Allahı ilə bağlıdır.

Tarixçi Robert Makkoy bildirir ki, şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe, öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürərək, burada qanunlar toplusu və gizli ayinlər keçirən, Ezir (Azər) adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır (Sayt: http://www.proza.ru/2012/08/03/702). Onlar, insanlar üzərində ədalət məhkəməsi qurur və gələcəkdən xəbərlər verirdilər. Gizli ayinlərdə onlar ölüm Allahının uca şəninə təriflər söyləyir və onun ölümü ilə bağlı matəm mərasimi keçirirdilər.

Son dövrün araşdırmalarından da məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar “quş dili” bilən Qulyardlar adlandırılırlar. Bütün Avropa şahları, zadəganları bu Gel oğullarının törəmələridir. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar (Sayt:  http://www.proza.ru/2012/08/03/702). İslamın rəmzi olan Ay rəmzinə sitayiş edən bu Gel oğulları, ərəb mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat) adlandırılan ifrat şiələrdir ki, biz onları Azəri bəgləri, seyidləri və s. kimi tanıyırıq. Belə çıxır ki, Gel oğulları elə əjdahalar nəsli olan Sisaka, yəni Gelarküninin şahlar nəslidir.

Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi, vərəsəliklə Aqilə, yəni Gelə çatmış evidir. Deməli, ifrat şiələrin Gel (Gelat/Qulat) evi elə Məhəmməd peyğəmbərin Əbu Talibin oğlu Aqilə qalmış evidir. Əhdi-Ətiqdə, Gel/Gelat şəhəri – Qalaad kimi qeyd olunur və Allah üçün xüsusi yer sayılır. Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır ki, bu Gel evinin elə Allahın Mülkü olması mənasındadır. Allahın Mülkünda yaşayan ismaili nizariləri də mənbələrdə Mələküt əhli, yəni mülhidlər, məlahilər adlandırılır ki, bu da onların mələklər nəsli olması deməkdir.

Mələk rəmzi Azəri kaduslarına (kuddus), yəni müqəddəslərinə ona görə aid edilir ki, onlar öləndə, ruhları Qor qızılquşuna çevrilərək Azər dünyasına köçürlər və burada ölümsüzlük qazanırlar. Məhəmməd peyğəmbərin dediyinə görə müsəlman, xristian və yəhudilərin hərəsinin yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedir ki, bu da peyğəmbərin və onun sahabələrinin yolu ilə gedənlərdir. Peyğəmbərin yolu ilə gedənlər dedikdə, qədim Misirin Qor fironlarının yolu ilə gedənlər nəzərdə tutulur ki, bu da elə Azəri türk bəgləri və seyidləridir.

Quranda Azər eli – İzrail/İsrail kimi yazılır və batin elmində bu elə Asar/Azər Allahının eli deməkdir. Quran açıq yazır ki, bu kitab, Allahın aləmlərdən üstün yaratdığı İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik, bərəkət və gözəl yurd vermiş, onlara cənnəti vəd etmişdir. Onlar elm və biliklərinə görə seçilib, varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 10:93, 5:12, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Qurana görə, Allah göydəki cənnətini də vərəsəliklə öz seçdiyi varisinə verəcəkdir (Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85). Tövrata görə də, Allah and içərək torpağı İbrahim, İsaq və Yaqub nəslinə vərəsəliklə verəcəyini bildirmişdir (Библия, Исход, 6:8). Burada torpaq deyəndə, Knun və Lbnun torpaqları nəzərdə tutulur ki, bu da Kənan (Ki-Nun/Nun-Ki), yəni yerin altında tikilmiş Etemenanki-Abzu məbədi və onun göylərində yaradılmış Alban ruhlar dünyasıdır (Библия, Втор.1:7-8). Alban [LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir. Mənbələrdə Alban ölkəsi - Arran (Xarran) kimi də qeyd olunur və Azərbaycana aid edilir.

Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya (Arran) ölkəsi vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir (I Kitab, böl.12). Belə çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Azəri türklərinin Gelar bəgləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.

Əflatun ilk Azəriləri – Allahlar nəsli kimi göstərir və adi, ölümlü insanları da məhz onların yaratdıqlarını bildirir (Əflatun, “Timey”, 41B,D,S). Bu dünyadakı bütün inkişaf məhz Azər oğullaının hesabına baş vermişdir. Çünki, sadəcə onlar İlahi nurla, yəni ilkin materiya ilə vəhdət təşkil edirlər və ondan informasiya almaq qabiliyyətinə malikdirlər. Bu gün bizim - pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəslərini, məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə, Allah Özü himayə edir. Mənbələrdə padişahlar və peyğəmbərlər nəsli dedikdə də məhz onlar nəzərdə tutulurlar. Bütün İran şahları - Alban şahı olan Aranın Sisaka nəslinə aiddir. Osman şahlarının da nəsli məhz «ilandan doğulmuş» («əjdahadan doğulmuş») bu Midiya maqlarının nəslidir (А. Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Çin, Yapon imperatorlarından tutmuş qədim dünyanın bütün sahibləri bu əjdahalar nəslinin törəmələri olmuşlar.

Bu gün Azərilərin bu səviyyəyə enmələri, Rəhman Allahın “Lövhi-Məhfuz”da yazdığına uyğun baş verir. Qədim Misir yazılarına görə də, dünyaya sahib kimi doğulmuş Azər (Osiris) Allahı axirətə yaxın Set tərəfindən öldürülür. Lakin sonradan Qor Allahı onu yenidən dirildir və o yenə dünyanın sahibinə çevrilir.

                                                                                 Firudin Gilar Bəg

                                                                                 www.gilarbeg.com

 

 

 

 

  




Tarix:      www.gilarbeg.com Saytı