Özümçün deyiləm – “Мне за державу обидно”


  

 

               Qarabağ müharibəsi başlayanda mən istehsalla məşğul idim və özümün daş karxanam var idi. Gələcək həyatımı da iş adamı kimi təsəvvür edirdim. Kitab oxumaqdan xoşum gəlmirdi. Buna baxmayaraq tez-tez kitab dükanlarına və bukinistlərə gedib, tarix, fəlsəfə və s. sahələrə aid kitablar alırdım. Bir xeyli kitab yığdıqdan sonra, məndə, bunları oxuyub xalqımız və millətimiz haqqında həqiqətləri bilmək marağı oyandı. Beləliklə 1990-cı illərin əvvəllərindən mən elmlə məşğul olmağa başladım.

                İlk dəfə kimmirlərin – qam ərləri, yəni şamanlar, maqlar olmasını anlayanda uçmağa qanadım yox idi. Sonra, qədim Misirin fironu Taktiz Amonun elə Kitabi-Dədə Qorquddakı Bəkdüz Əman olduğunu kəşf etdim və rəmzlər dünyasının sirlərini anlanmağa başladım. Bununla da qədim dünyanın sirləri mənim üçün açıldı. 1994-cü ildə ilk məqaləm, 1996-cı ildə isə ilk kitabım olan “Qor Əman” kitabı çapdan çıxdı. Bu kitabda, mənbələrin az olmasına baxmayaraq çox maraqlı faktlar üzə çıxarmışdım. Riyaziyyatçı üçün əsas məsələ düsturun düzgün tərtib edilməsidir və mənim də düsturum düzgün tərtib edilmişdi. Kitabları götürüb, müzakirə üçün institutlara müraciət etdim. Elə bilirdim ki, alimlər mənim açdığım həqiqətləri görüb, məni tərifləyəcəklər və elimiz haqqında həqiqətlərin üzə çıxmasında bu kitab böyük rol oynayacaq.

             Lakin gözlədiyimin əksinə olaraq, alimlər mənim kitabımda göstərilən faktlara münasibət bildirmək əvəzinə, mənim düzgün ideologiyaya qulluq etmədiyimi bildirdilər. Mən onların nə demək istədiklərini anlamırdım və yazdıqlarımın da düzgün olduğunu məqalələrimdə sübut edirdim. Yalnız iki-üç ildən sonra mən başa düşdüm ki, Azərbaycanda elm yox, kiminsə diktə etdiyi fikir elm kimi təqdim olunur. Təbii ki, riyazi məntiqə malik insan kimi mən bunları qəbul etmədim və o vaxtdan elm adamları ilə mübarizəyə başladım.

             Rusiyanın riyaziyyatçı akademiki Fomenko, öz “Yeni xronologiya” məntiqini irəli sürəndə, mən onun kitabını Moskvadan gətirtdim və indi AMEA-nın Tarix institunun direktoru olan Yaqub Mahmudova verdim. Üç ay “İmperiya” kitabı Yaqub müəllimdə qaldı. Bu kitab, qəbul olunmuş bütün tarixi, elmi faktlarla alt-üst edirdi. Fomenkonun gəldiyi nəticələr çox düzgün idi. Lakin o, bütün keçmişi Rusiya ilə bağlayırdı ki, bu da onun böyük səhvi idi. Mən o vaxt Yaqub Mahmudova, mərhum İqrar Əliyevə bildirdim ki, Fomenkonun cavabını vermək lazımdır. Onlar buna etiraz etdilər. Mən tək Fomenko və Nosovskinin cavabını verdim və bu cavabı da KİV-də yaydım.

            Sonralar elmi müzakirələr keçirmək üçün dəfələrlə Prezident aparatından tutmuş müxtəlif elm ocaqlarına, Dini elmi şuraya müraciətlər edirdim. Lakin bütün cəhdlərim uğursuzluqla nəticələnirdi. 2004-cü ildə, mənim elmi nəticələrimi kiminsə mənimsəmək istədiyini eşitdim və KİV-də “Azərbaycanda elm yox, plaqiatlıq inkişaf edir” adlı məqalə yazdım və bununla da “elm adamlarının” düşməninə çevrildim.

            2008-ci ildə son kitabım olan “Batini-Quran” kitabını çap etdirdim. Bu kitabda mən qədim dünyanın bu günə qədər açılmayan bütün sirlərinə elimi izah verdim. Qədim sirləri açan, həqiqətlərə tam işıq salan ikinci belə bir kitab yazılmamışdır və yazılmayacaqdır da. Çünki bütün sirlərin əsl mənasını mən artıq bu kitabda tam aydınlığı ilə göstərmişəm. Bu kitab eyni zamanda bütün dinlərin bir olduğunu və hamısının da Azərbaycanla bağlı olduğunu sübut edir. “Batini-Quran” kitabı - İlahi elmin giriş qapısıdır və yalnız onun vasitəsi ilə qədim mənbələri dərk etmək mümkündür. Çünki bütün qədim yazılar, kosmik səviyyəli çox böyük bir hadisənin axirətə qədər sirr qalması məqsədilə, rəmzlərlə, yəni “quş dilində” yazılmışdır və bu rəmzlərin də açarı “Batini-Quran” kitabıdır. Xoşbəxtlik ondadır ki, bu kosmik səviyyəli hadisə də məhz Azərbaycan və azərbaycanlılarla bağlıdır. Əgər bu həqiqət ortaya çıxsa, bütün insanların Azərbaycana və azərbaycanlılara münasibəti dəyişəcək və Azərilər, digər xalqların gözündə adi insanlardan müqəddəslər nəslinin törəmələrinə çevriləcək. Dünyanın bütün millət və xalqları bu xoşbəxtliyə nail olmaq üçün istənilən üsula əl atardı. Yalnız Azərbaycan alimləri bunu qəbul etmədilər və əksinə olaraq mənim KİV-ə çıxışımı da məhdudlaşdırdılar. Maraqlı haldır ki, bu istiqamətdə müxalifətlə bağlı olan KİV də onlarla həmrəyliyini büruzə verdi.

            Mənim istədiyim sadəcə müzakirələr keçirmək idi. Müzakirələr isə tarixlə bağlı olan bütün alimlərin bu günə qədər yazdıqlarının cəfəngiyyat olduğunu meydana çıxaracaqdı və buna görə də alimlər bu müzakirəyə getmədilər. Deməli, Azərbaycan xalqının gələcəyi, övladlarımızın xoşbəxtliyi kimlərinsə şəxsi maraqlarına qurban verildi. Mən, Azərbaycanın yenidən ən ali səviyyədə olması üçün, onun yenidən dirilib, qədimdəki şöhrətini qaytarması üçün çalışırdım. Bunun üçün nəzəri və praktik yolları da ən yuxarı təşkilatlara dəfələrlə bildirdim. Praktik variant – Əhd sandığının və Allahın Yaradılışla bağlı Əşyalarının tapılması idi ki, bu da bilən adam üçün zaman məsələsi idi. Bu halda, Azərbaycan bir ildə həm bütün torpaqlarını qaytaracaqdı və həm də dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcəkdi. Lakin mənim bütün müraciətlərim kimi bu müraciətim də cavabsız qaldı. Anladığım isə o oldu ki, xalqla ziyalı təbəqəsi arasında uçurum var və bunların həyatlarının əsas meyarları tam müxtəlifdir.

             Mən, həyatını ləyaqətlə yaşamış sufiyəm və özümü də dünyanın ən xoşbəxt insanı sayıram. Çünki dünyanın ən qədim və ən şöhrətli nəsli olan Gilar bəglərinin nümayəndəsiyəm. Bütün bəşəriyyət, düşünən insan kimi mövcudluğuna görə bizlərə – Azəri türk bəglərinə borcludur. Biz, Azəri bəgləri - insanları heyvan səviyyəsindən çıxarıb, onlara elm, mədəniyyət vermişik. Qədim dünyanın bütün qəhrəmanları, peyğəmbərləri məhz bu Gel elinin törəmələri olmuşlar. Mənbələrə görə Rəhman Allah buradan ərşə yüksəlmiş, İbrahim burada oda “atılmış”, Musa peyğəmbər burada İlahi oddan özünün “Vəhy çadırını”, yəni cənnət yaratmışdır. Axirətdə də Rəhman Allah - mənbələrdə Albaniya, Alu adlandırılan göydəki bu cənnəti, bizlərdən birinə əbədi verəcəyinə and içmişdir.

             Sufizmdə Albaniya – nəbilər, peyğəmbərlər eli deməkdir və bura bütün müqəddəslərin ölümsüzlük qazandığı yerdir. Quran, Tövrat, İncil və s. bütün qədim kitablar bilavasitə bu Dilmun cənnətinin yaradılmasına və axirətdə onun bir nəfərə verilməsinə həsr olunmuşdur. Bu bir nəfərsə Albanların öz nəslindən, lakin bütün sirləri bilənlərdən olacaqdır. Çünki ilkin materiya, yəni ilahi enerji - kamil sistemdir və yalnız bu kamil elmi bilən, bu sistemin sahibinə çevrilə bilər. Mənbələrdə seçilmiş dedikdə də “elminə görə seçilmə” nəzərdə tutulur. Batin elmində bu insan - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, İslamda bu “Əhli-Beyt” adlanır.

             Mən, Allahın “Dünya” yaratmaq fikrinə düşməsindən, axirətə qədər və axirətdən də 2200 il sonrakı prosesləri bilən yeganə sufiyəm. Bu o deməkdir ki, mənim Albaniyanın sahibinə çevrilmə şansım az deyil. Təbii ki, kimin kim olduğunu zaman göstərəcək. Ancaq fakt odur ki, mənim mübarizəm müqəddəs Azərin dirilməsi üçün idi.

              Qədim mənbələrə görə, dünyaya sahib kimi yaradılmış Azəri - qardaşı Set (Satana/Şet/Şeytan) tərəfindən öldürülür. Lakin oğlu Qor, anası İsida ilə əziyyətlə də olsa onu dirildir. Deməli, Azərin dirilməsi də zaman məsələsidir. Şeytani hisslərinin əsirinə çevrilmiş bütün insanların cəhdlərinə baxmayaraq, Allah, Azərin diriləcəyinə əvvəlcədən Lövhi-Məhfuzda qərar vermişdir. Allahın işi isə, əvvəlcədən yazdıqlarını həyata keçirməkdən ibarətdir.

               Azərlə Setin mübarizəsi - həqiqətlə yalanın, yaxşı ilə pisin - Mardukla Tiamatın, Allahla Xaosun mübarizəsidir. Bu Günəş oğulları ilə şeytani qüvvələrə qulluq edən insanların mübarizəsidir və bütün insanlar, istəsələr də istəməsələr də bu müqəddəs mübarizədə kimin yanında olacaqlarını seçim etmək məcburiyyətindədirlər. Məhz bu əsl cihadın sonunda, göydə yeni Azər şahlığı, Albaniya cənnəti yaranacaq ki, bununla da yalan, pislik, şeytan qovulacaqdır.

                Qurana görə, Allah insanı Özünə qulluq, itaət üçün yaratmışdır və itaət edənlərə öz Dilmun cənnətində yer söz vermişdir. Kimliyindən aslı olmayaraq itaət etməyənlər nə bu dünyada, nə də o dünyada xoşbəxtlik görməyəcəklər. Çox təəsüfləndirici haldır ki, bu müqəddəs işdə müsəlmanlar, əsasən də şiələr öz borclarını yerinə yetirmədilər. Çünki şiəliyə görə Vilayət elə Əlidir, yəni Alu adlandırılan Albaniyadır. Hər bir şiənin həyatının mənası da, zamanı gələndə öz imamını axtarmaq və ona mütləq itaət etməkdən ibarət olmalı idi.

 

                                                                                     Firudin Gilar Bəg

                                                                                     www.gilarbeg.com

 

 

 

 

 

 

   




Tarix:      www.gilarbeg.com Saytı