Assuriya – qədim Azərbaycan ölkəsidir


Kəlam [KLM] rəmzi sufizmdə mələk və malik [MLK], yəni şah rəmzi ilə eyni mənalıdır. Malik (məlik) rəmzi qədim mənbələrdə “malikum” (finikiya dilində “malk”, yəhud. “melek”, ərəb. “malikun” (şah), akkad. “malkum” – “hökmdar”, “knyaz”) kimi qeyd olunur və Ebla hökmdarlarının titulu kimi göstərilir. Araşdırıcılara görə, malikum rəmzi mətnlərdə “en” şumeraqramması ilə qeyd olunur ki, bu da Ebla malikumunun, şumerlərin “en”i kimi bərəkət İlahəsinin kahini olması deməkdir və onlar “nom”un sitayiş başçılarıdır. Onların, mənbələrdə “Allahın sərkərdələri” hesab edilən luqalları olmuşdur (30). Ebla [BL] rəmzi Bel/Balaat [BL/BLT] rəmzi ilə eyni mənalıdır və mən qeyd etdim ki, Balaat rəmzi, qadın İlahəsi mənasında, göyləri təşkil edən ilkin materiyanı bildirir. Bel/Balaat da kosmik insan simasında olan malikin, luqalın bədənini, yəni fəzadakı nəhəng Kamil İnsanı bildirir.

İslamda Malik rəmzi Allahın 99 şərəfli adından biri hesab olunur. Nəsəfi yazır: “Bil ki, [ilkin] materiya, obraz (suvar) və formalar (aşkal) alan cövhərdir (substansiya): ... Bu cövhəri Allahın evi, əbədi ev, müqəddəs ev, ilk ev, uzaqdakı məscid, Adəm, mələklər şahlığı və ya Ən Böyük Taxt adlandırsalar, düzgün olar”. Bu o deməkdir ki, göydəki El (Bel/Balaat), yəni Kamil İnsan eyni zamanda Allahın (Malikin) Evi, Ən Böyük Taxt və mələklər şahlığı – Mələküt (yəhud. Malxut) mənasındadır.

Kitabi-Dədə Qorqudda Gelam/Kalam [GLM/KLM] rəmzi - “İqlim” [QLM]  kimi yazılır və Aran rəmzinə aid edilərək, “İqlim Aran” kimi qeyd olunur. İqlim rəmzi fəzaya aid rəmzdir və havanı, təbiəti bildirir. M. Xorenatsi Aran rəmzini, əjdaha Murasen nəslinə aid edərək, bədəni göy dünyası olan nəhəng insan, yəni Kamil İnsan kimi təqdim edir və Sisaka nəsli adlandırır (31). Qədim Misir mənbələrində Aran [RN] rəmzi - Orion [RN] bürcü kimi göstərilir ki, burada ulduzlar, kəmərində qılınc, yeriyən nəhəng adam formasını verir. Ən qədim dövrlərdə insanlar bu antropomorf obrazda özlərinin Osiris, yəni Asar Allahını tanıyırdılar. Orion/Osiris ulduzunun şəxsləndirilmiş obrazı isə, Yuxarı Misirin tacında təsvir olunan ulduz şahı Saxudur. Deməli, Aran/Orion rəmzləri Sax/Sisaka nəsli ilə bağlıdır və onlar da Asar/Osiris Allahının nəslidir.

 Tarix-etnoqrafçı alim Q. Qeybullayevə görə, Aran adı Albaniyanın ikinci rəsmi adıdır. Onu  fars və suriyalılar Aran, ərəblər Arran, gürcülər isə Rani adlandırdılar (32). Albaniya isə Azərbaycanın digər adı hesab olunur. Belə çıxır ki, Aran/Arran və Azərbaycan – firon Amonun, öz ruhunda yaratdığı göy dünyasıdır.

İstəhri bildirir ki, “biz xəritədə Azərbaycan, Ermənistan və Arranı birləşdirib, onlara bir iqlim kimi baxırıq” (33). Bu fikri anlamaq üçün sufizmə müraciət etmək lazımdır. Əbu Həmid əl Qəzaliyə görə də dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan “aləm əl-Mülk və-Şəhad”, ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, “aləm əl qeyb vəl-Mələküt” adlanır. Qədimdə bu üç ölkəyə bir ölkə kimi baxılırdı (34). Əl Qəzalinin məntiqindən belə nəticə çıxarmaq olar ki, Azərbaycan burada mülk (yerdəki dünya), Ermənistan – Mələküt (göydəki dünya), Arran isə cəbərut, yəni yer altındakı dünya mənasındadır. İqlim [QLM], yəni Malik [MLK] obrazı da, sufizmdə Allah adlandırılan Kamil İnsanın obrazıdır. Digər tərəfdən, Ermənistan, yəni Ərmən rəmzi sufizmdə Ra-Amon, Azərbaycan isə - Azər/Asar/Assur/Aşşur, yəni Osiris Allahının ölkəsi mənasındadır. Belə çıxır ki, bu üç ölkə elə “Al libbi Ale”, yəni “El içində El” mənasındadır ki, bütövlükdə bu, göydəki aləmlə yerdəki aləmi öz bədənində birləşdirmiş Kamil İnsan – Allahdır.

Allah rəmzi sufizmdə El-İlahi kimi açılır ki, burada İlah rəmzi özü El-Hu (yəhud. Eloah), yəni “Hu ilkin materiyasının Eli” mənasını verir. Deməli, Allah rəmzi də “Al libbi Ale” rəmzi kimi, “Elin içində yaradılmış İlahi El” kimi oxuna bilər. Şumer-akkad mənbələrində Allah [L-LH], yəni “El-İlahi” rəmzi - Luqal kimi yazılır ki, bu da İlahi-El [LH-L] deməkdir. Burada Luqal böyük, yəni nəhəng insan mənasında işlənir. İslamda da Allah – Əkbər, yəni nəhəng (Kəbir) mənasında qeyd olunur. Əl Qəzali “böyük dünya”, yəni makro-kosmos mənasında “əl aləm əl Əkbər” rəmzindən istifadə edir ki, bu – “Əkbərin aləmi”, yəni Allahın böyük dünyası mənasındadır. Deməli, İslamın “Allah” rəmzi elə “Kamil İnsan” olan Adəmdir. Bunu Mühiddin ibn Ərəbi də xüsusi qeyd edir (35).

Əl Qəzali, Kamil İnsandan danışarkən, “Allah insanı Öz bənzəri kimi yaratdı” cümləsinə mistik məna verir. O yazır: “Onun obrazı mənasında Bütün böyük dünya nəzərdə tutulur. İnsan isə bu böyük dünyanın bənzəri kimi yaradılmışdır, lakin onun kiçildilmiş variantıdır. Əgər bilik vasitəsi ilə Böyük dünyanı və Adəmi hissələrə bölsək, onların hissələri şübhəsiz bir-birinə bənzər olacaq... Belə ki, Böyük dünya iki hissəyə bölünür ki, onlardan biri gözə görünən, hissiyyat orqanı ilə qəbul edilən, yəni mülk dünyası, digəri isə - daxili, ağıl vasitəsi ilə dərk edilən mələküt dünyası olacaq. İnsan da sümük, cisim, qan və hissiyat orqanının qəbul etdiyi görünənə və daxili (görünməz) olan, ruh, idrak, bilik, iradə, güc və buna bənzər hissələrdən ibarətdir. Digər tərəfdən: dünya – mülk..., mələküt... cəbəruta... bölünür. İnsan da bənzər hissələrə bölünür.  Mülk dünyasına aid olan – sənin bildiyin hissiyyat orqanları ilə qəbul edilənlərdir. Mələküt dünyasına aid edilənlər – ruh, ağıl, güc, iradə və bənzər şeylərdir. Cəbərut aləminə uyğun olanlar isə, misal üçün hissiyatda olan duyğu və onun hissələrində olan gücdür (36). Əl Qəzali irsinin araşdırıcısı V. V. Naumkin yazır: “Ortalıq ideyası - mahiyyəti Allah, insan və insanda İlahi elementin olması mənasında olan insan-mikrokosmos doktrinasında da vardır... Allah insanı yaratdı... elə bil ki, ikinci dünya kimi: Böyük daxilində kiçik”. Lakin, “cəbərut aləmi – bu, mülklə mələküt arasındakı ortaq variantın dünyasıdır və onda, insanla Allah arasında olan varlıqların mövcudluğu təcəssüm etmişdir. İnsanlarla Allah arasındakı ortaq varlıqlar mələklər və cinlərdir. Mələklər üç qrupda birləşir: “yer mələkləri, göy mələkləri və Taxtı daşıyanlar və s. (37). Əl Qəzalinin yazdıqlarından belə çıxır ki, yer mələklərinin, yəni maliklər, şahlar və peyğəmbərlər nəsli, Allahla insan arasında ortaq variantdır və Cəbərut dünyasının obrazıdırlar. M. Xorenatsi mələk (Anqelea) deyəndə Torku, yəni sufizmin tərikə yolunu keçmiş türkü nəzərdə tutur (38). İslamda və türk dilində “mələk” [MLK] rəmzi Kalam/Gelam [KLM/GLM] rəmzləri ilə eynidir.

 M. Xorenatsi “Ermənistan tarixi”ndə yazır ki, Gelam bir gölün yaxınlığına gəlib buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun Sisaka adlı uca, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. O, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar onu Sisakan kimi qeyd edirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (39). Deməli, Sisaka, Sisakan nəsli Gel, Gelarküni elindəndir. Digər yerdə isə M. Xorenatsi dəqiqləşdirir ki, Sisaka nəsli böyük və adlı-sanlı tayfadır və başqa adı Alu olan Alvan sahələri onlara vərəsəliklə verilmişdir (40). Bu o deməkdir ki, Alu, yəni Albaniya ölkəsi elə pir Amonun ruhunda (ağlında) və ürəyində yaratdığı Asar/Assur/Aşşur/Azər elidir. Sisaka nəsli də Aşşur şahları olan üşşakku (işşakku) nəslidir.

Sisaka rəmzi, üşşaku rəmzi kimi sufizmdə “issi-Aka” (Ağa-issi) mənasında “ilkin materiyanın ruhu” kimi izah olunur. İlkin materiyanın “K” və s. samitlərlə qeyd olunmasını mən qeyd etdim. Ruh mənasını verən “S” rəmzi (samiti) mənbələrdə “Ş” və “Z” samitləri ilə də qeyd olunurlar. Qədim Misir mənbələrində bənzər “saxu” (sahu) rəmzi – “İssi” ruhunun bədəndən çıxıb, “Hu” ilkin materiyasına daxil olmasını bildirir. İnsan ruhu ilkin materiyaya iki halda daxil ola bilir ki, bunun da biri ölüm zamanıdır. İkinci halda isə, teurqun, yəni tərikə yolunu gedən türkün ekstatik durumu zamanıdır ki, bu zaman onun ruhu ilkin materiyaya səyahət edir və sufizmdə bu səyahət “seyri suluq” adlanır. Sufizmdə “səyyah” sözünün “saxu” (sahu) rəmzi ilə eyni məna verməsi o deməkdir ki, Aşşur hakimləri olan üşşakkular – yerdəki həyatı zamanı, ruhlarını cənnətə səyahət etdirən və Allahla təmasda olan müqəddəslər nəslidir.

Mənbələrdən biz bilirik ki, Adəm yaradıldıqdan sonra, Allah onun üçün cənnət yaratmışdır. Lakin o günah işlətdikdən sonra Allah onu cənnətdən qovmuşdur. Deməli, Sisaka nəsli məhz o müqəddəslərin nəslidir ki, günah işlədənə qədər iki dünyada yaşayırdılar. Mənbələrdə iki dünyanın sakinləri midiyalılar  hesab olunur ki, yazılarda onlar - “Dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlandırılırlar. Burada “dağ və “səhra” dedikdə, yaşadıqları Midiya dağları və göydəki ilkin materiya səhraları nəzərdə tutulmalıdır. Qeyd etmək yerinə düşər ki, üşşakku/işşakku rəmzi bu gün Türkiyədə “Xəlvəti Üşşaki qardaşlığı”nın adında qalmışdır ki, onlar 12 şiə təriqətinin biri hesab olunur. Bu təriqət üzvləri digərlərindən onunla fərqlənirlər ki, onlar, insanı ekstaz vəziyyətinə gətirən xüsusi ayinlər keçirirlər. Onlar namazı da iki rükət artıq qılırlar ki, bu da “seyri-suluq” namazı adlanır.

Qədim Misir yazılarında iki dünyanın sakinləri, yəni üşşaki nəsli - “Qor yoluyla gedənlər” kimi məlumdur. Mətnlərə görə, Qor yoluyla gedənlər özlərində “İlahi mahiyyətli bilik” daşıyırlar və “iki ölkəni birləşdirənlər” adlanırdılar. İki ölkə dedikdə isə – Aşağı, yəni yerdəki və Yuxarı, yəni Göydəki Misir ölkələri nəzərdə tutulurdu. Mətnlərin birində deyilir: “Və Qor iki ölkənin başında durdu. O – iki ölkəni birləşdirəndir, Ta-tenen Böyük adını daşıyandır, “Kim - ki – Öz – Divarından – cənubdadır”, “Əbədilik Ağası”dır... O – Divar (ətrafındakı Memfisi) ölkələrini birləşdirən, o yerdə ki bu ölkələr birləşmişdir, oradakı Yuxarı və Aşağı Misirin şahı kimi yüksəlmiş Qordur” (41). Burada “divar” dedikdə, Etemenanki (Nun-Ki/Ki-Nun) məbədinin tikildiyi və gizlədildiyi Sokaris mağarasının qapısının ağzına qoyulmuş daş nəzərdə tutulur ki, bu daş iki dünyanın sərhəddi və divarı mənasındadır. Məhz bu daş – göydəki Ermənistan və yerdəki Azərbaycanı, yəni Mələkütlə Mülkü birləşdirən Arran keçid dünyası (Cəbərut) mənasındadır.

Mifologiyaya görə, çöl və səhraların qoruyucusu sayılan və Günəşin rəmzi olan Aragil, Ermənistana köçmək üçün qanad geyərmiş. Aragil rəmzi İriqal/Raxil/Raquil/Erakl və s. bənzər rəmzlər kimi, məna etibarilə Gelar (Gelarküni) rəmzi ilə eynidir ki, bunlar günəş Allahı olan Ra-Amon Allahının nəsli hesab olunurdular. Onların, ölüm qabağı qanad geyməsi də, ölüm zamanı Qor qızılquşuna çevrilib göydəki, yəni Yuxarı Misirə köçməsi deməkdir. Misir mifologiyasında, qızılquş simasında olan Qor (Xor/Kor) Allahı - Günəşin və göyün Allahı hesab olunurdu. Qədim Misir mətnlərinə görə, insan öləndən sonra, ruhu metamorfozaya uğrayaraq, quşa çevrilir və göy dünyasına uçur. Deməli, Qor yoluyla gedənlər o nəslin (mələklərin) nümayəndələri hesab olunur ki, ölüm zamanı onların da ruhları məhv olmur və cənnətə uçub, burada ölümsüzlük qazanırlar.

D. Rol, Qor yoluyla gedənlərdən yazarkən qeyd edir ki, qədim Misir mətnlərində xüsusi olan Patı nəslindən danışılır və bu zümrənin bütün nümayəndələri İri-Patu adlanırdı. Hələ ilk piramida mətnlərində Pat – Qor Allahının yerdəki təcəssümü olan fironla assosiasiya olunurdu. Özünün ilk Qor fironlarının nəslindən olmasını sübut edən hər bir insan ən yüksək vəzifələr tuturdu (42). İri-Pati rəmzi qədim Misirda Ra və Pta Allahlarını bildirirdi. Amon Allahına aid edilən alqışların birində deyilir: “Üç Allahlar – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” (43). Deməli, Qor yoluyla gedənlər elə İri-Pati nəslidir ki, onlar bütün qədim Misir Allahlarının mahiyyətidirlər.

İri-Pati rəmzi [R-PT] bizlərə Ər-İapet [R-PT], yəni Ər-Yafət kimi məlumdur. M. Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilər Ər-Yafət rəmzini Yafət-Ərən kimi qeyd edirlər və bildirirlər ki, Yafət-Ərən əsilli Sisaka nəslindən bir nəfərə Alban, yəni Alu dağları və sahələri vərəsəliklə verilmişdir (44). Belə çıxır ki, qədim Misir Allahları elə böyük və şöhrətli Sisaka, yəni Üşşaki/İşşakku nəslidir ki, Albaniya-Alu da ona vərəsəliklə verilmişdir. Dilimizdəki, şah/şıx/şeyx sözləri də (padişah – Pta/Yafət-Şah), Üşşaki/Sisaka rəmzindən yaranmışdır.

“Qor yoluyla gedənlər” rəmzinin araşdırıcısı Qrem Xenkok və Robert Byuvel “Sfinksin sirləri” kitabında yazır: “Müəmmalı “Şəmsu Qor” rəmzinə yeni məntiqlə baxaq və bu qrup insanları göstərən ieroqlifi analiz edək. Bu ieroqlif “qızılquş” (Qor) nişanından, “şəms”(“ardınca getmək”, “sitayiş etmək”) felindən və qəribə nişanlar dəstindən: tumbanın üstündə durmuş çaqqala bənzər itdən, kaman və nizədən ibarətdir. Sonuncu iki nişan silah mənasındadır və “qədim sirləri bilən astronomlar xalqı” adı ilə uyğunlaşmır”.

Sufizmdə it rəmzi, sadiqlik, yəni ölənə qədər öz Allahına sadiq olan insanların rəmzidir. Xristianlıqda müqəddəs Xristofor itbaşlı adamyeyən kimi məlumdur. Xristofor adı “Xaçı (Xristi) daşıyan” mənasını verir ki, burada Xrist deyəndə Xor, yəni Qor Allahı nəzərdə tutulur. Xor/Qor Allahı mənbələrdə Xorus/Xris/Xrist kimi də yazılır. “Adamyeyən” rəmzi isə sufizmdə, insanın canını alan, onun ruhunu bədənindən ayıran mənasındadır. Mənbələrdə məhz qədim Misir Allahları, insan ruhları ilə qidalanan varlıqlar kimi göstərilirlər (45). Məlumdur ki, çaqqal və kərkəslər (qartal kimilər) də ölülərlə qidalanırlar. Deməli, çaqqala bənzər it rəmzi – insanları öldürən və onların ruhları ilə qidalanan Misir Allahlarının rəmzidir. Lakin mətnlərdə Anubis çaqqalının ləqəblərindən biri də  “kim ki dağın başında dayanmışdır” rəmzi olmuşdur. Bundan başqa, sandıqlı Anubis - “sirlərin saxlanılması”nın rəmzi sayılırdı.

“Kim ki dağın başında dayanmışdır” rəmzi - Pta Allahının sözü ilə, ilkin Nun sularındakı dağın başına qalxmış Atum Allahının rəmzidir. Atum Allahı “Böyük Doqquzluq”dan (Enneada) ibarətdir ki, türk eposlarında bu rəmz “Toquzquz”, yəni “Doqquz Oğuz” kimi məlumdur. “Piramida mətnlərində” deyilir ki, şah-Oziris, çaqqal simasına girərək, iki Enneadanı idarə edəcəkdir: “Ra səni (Osirisi) çaqqal obrazında göylərin yüksəkliyinə çağırır, İki Enneadanın hökmranı... və sən, onun iradəsi ilə Qamış sahələrində Sübh ulduzu tək oturacaqsan, və göy üfüqünün qapıları taybatay açılacaq, və Allahlar sevinclə səni salamlayacaqlar” (46). Deməli, Anubis çaqqalının obrazı, ruhlarla qidalanan, məhkəmə gününə qədər və ondan sonra da dünyaları idarə edən Atum (Adəm) və Osiris Allahlarının  obrazıdır. Çünki, mənbələrə görə, məhkəmə gününə qədər dünyanı birinci Atum (Adam) idarə edəcək ki, məhkəmədən sonra onun yerinə ikinci Atum keçəcəkdir.

“Göy üfüqünün qapılarının taybatay açılması” rəmzi bizə deyir ki, bu elə, adının mənası “Bədəni açan” olan çaqqal başlı Tanrının rəmzidir. İeroqlif adı Upuat (yəni Pta/Yafət) - “Bədəni açan” mənasında olan bu Tanrı, axirətdə gələrək sirləri açan (İsidanın örpəyini qaldıran) və göy dünyasının qapılarını açacaq Osiris/Asar Tanrısının rəmzidir. Məlumdur ki, sandıqla təsvir olunan Anubis - “sirləri qoruyan” mənasındadır ki, burada sandıq özü, yeraltı cəbərut aləmi mənasında Osirisin olduğu mağaranın rəmzidir. Qədim misirlilərin “Ölülər kitabı”nda əmr edilir ki, İsida oğlu Osiris (Asar) gizlənsin və ona sirr açılanda, o atasının taxtında oturacaq və iki şahlığın (Yerdəki və Göydəki Dünya) Xek, yəni ən ali Haq vəzifəsini tutacaq (47). Deməli, mətnlərdəki çaqqal obrazı, axirətdə gələcək Mehdinin obrazıdır ki, o, öləndən sonra, yer və göydəki dünyaların şahı olacaq və ruhlarla qidalanan Haqqa, yəni Allaha çevriləcək.

Kitabi - Dədə Qorqudda adamyeyən obrazında Təpəgöz göstərilir ki, o, çobanla pərinin cütləşməsindən yaranmışdır. Rəmzi mənada bu, insanla, qadın obrazlı ilkin materiyanın vəhdətini bildirir. Kitabda: “Qara uran qopdı təpəgöz, ərş üzündə çevirdim alamadım” ifadəsi var ki, bu da təpəgözün ərşdə, göylərdə yaranması mənasındadır (48). Təpəgözün tək bir gözünün olması, onun Avropalıların Odin Allahı ilə eyniliyi deməkdir. “Edda” salnaməsinə görə Odin, göylərdə Asqard sarayını tikmişdir. Salnaməçi Snore isə saqalarda bildirir ki, vikinqlərin [VK-NQ] (inaq bəgləri) ilk şahı Odin öz xalqını Azər ölkəsindən çıxarmışdır. Şimal salnaməçilərə görə, Asiyanın Azər tayfasının başçısı olan Ziqqe, Avropanın şimalına onları Xəzər (Kaspi) dənizi ərazisindən gətirmişdir. O, Avropanı fəth etdikdən sonar, özünə Odin adını götürmüşdür. Deməli, “adamyeyən” rəmzi - Azər, yəni Ölüm şahlığının Allahı olan Asar/Osiris Allahının nəslinə aid rəmzdir.

Qor yoluyla gedənlərlə bağlı ieroqlifdə “yay” nişanı var ki, yay, nizə, qılınc və s. rəmzlər, insanlara həyat verən və onun canını alan ilkin materiyanın rəmzləridir. “Oğuznamə”nin Uyğur variantında qeyd olunur ki, Oğuz yuxuda üç gümüş ox və dünyanın bu başından o başına qədər olan qızıl yay görür (49). “Dünyanın bu başından o başına qədər” rəmzi o deməkdir ki, bu yay ilkin materiya mənasındadır. Deməli, Qor yoluyla gedənlər, insana həyat verən və onu öldürən ilkin materiyanın qüdrətinə sahib olmuşlar. Qeyd etmək lazımdır ki, mənbələrdə Gelam oğlu Sisaka da əla oxatan adlandırılır. Bütün bunlar isə o deməkdir ki, Qor yoluyla gedənlərin nəsli elə Gelarküni nəslidir və məhz burada, Azərbaycan ərazisində “Al libbi Ale”, yəni Alu-Albaniyanın göy dünyası yaradılmışdır. Assur və ya “Alum Aşşur”, yəni “Aşşur Aləmi” də - Azər (Asar/Osiris) Allahının ölkəsidir. Qor yoluyla gedənlərin özləri ilə “daşıdığı” İlahi biliklər isə, qədim müdriklərin (sofi) sufi elmidir. Ərəb mənbələrində bu elm sahibləri - “zamanı qabaqlamış və tam xoşbəxtliyə nail olmuş” Deyləm türkləri hesab olunur ki, “Deyləm” rəmzi mənbələrdə “Telami” kimi yazılaraq Gelarküniyə aid edilir (50).

 Mən qeyd etdim ki, mənbələrdə “lubb” (libbi) rəmzi həqiqi bilikləri daşıyanlara aiddir. Bu insanlar, sözdə daxili məna axtaranlar, sözlərin dərin mənalarını araşdırıb, arayanlardır. Sufizmdə bunlar, Quranın zahiri mənalarından başqa batini mənalarının olduğunu iddia edən batinilərdir. Məhz batini-ismaili seçilmişləri mənbələrdə - məlahi, əl-mülhid, əl-məlahid, yəni Mələküt (yəhud. Malxud) aləminin mələkləri adlandırılırlar (51). Azərbaycan tarixində onlar, Səfəvilər (sufilər) dövlətinin ilk şahı olan Şah İsmayıl Xətayinin döyüşçüləri olan qızılbaşlar (qazilər-oğuzlar) kimi məlumdurlar.

Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər” adlı əsərinə görə, axirətdə haqq-ədaləti bərpa etməli olan Mehdi, yəni Sahib əz-zəman - şahənşah Şah İsmail Xətaidir və o eyni zamanda “peyğəmbərlərin möhürüdür” (xətmi-ənbiya). Səfəvilər irsini araşdıran Oqtay Əfəndiyev, Şah İsmail haqqında yazır: “Xətainin “Divanı”nda öz əksini tapmış qızılbaş nəzəriyyəsinə görə, Xəlifə Əli Allahdır və kim bunu qəbul etmirsə o, kafirdir. Məhəmməd yalnız peyğəmbərdirsə, Əli – “Allah həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir) (52). Hədislərdə isə deyilir ki, Məhəmməd peyğəmbər bildirmişdir: “Mən müdriklik (Bilik) Evi, Əli isə onun qapısıdır. Kim bilik əldə etmək istəyirsə, bu qapıdan keçməlidir”. Burada “qapı” rəmzi bizə deyir ki, imam Əli – “lubb”, “libbi” rəmzləri ilə eyni mənada olan və “Allahın qapısı” mənasını verən Babilin obrazıdır. Əgər nəzərə alsaq ki, Şah İsmayıl Xətayi imam Əlini Allah hesab edirdi, razılaşarıq ki, İmam Əli, axirətdə gələcək və Osiris/Asar Allahını dirildəcək Mehdinin, yəni Qor Allahının obrazıdır. Bunu o fakt da təsdiq edir ki, inama görə, İmam Əli də Osiris Allahı kimi ölməmişdir və gizli vəziyyətdə mövcuddur və öz vaxtında zühur edəcəkdir.

Qeyd etmək lazımdır ki, Moskva Rusiyası ilə İran arasındakı diplomatik və ticarət əlaqələri yazışmalarında, İran dövləti əvəzinə Qızılbaş Dövləti qeyd olunur. Şah Abbasın və Gilanın Fərhat xanının, Rus çarı Fyodr İoanneviçə və boyar Qodunova ünvanlanmış məktubunda iranlıların danışdığı dil də fars dili yox, “Qızılbaş dili” adlandırılır. Boris Fyodorovdan Fərhad xana gələn cavab məktubu isə tatar, yəni türk dilində yazılmışdı (53).

Yazdıqlarımdan o nəticəni çıxarmaq olar ki, qədim Misirin pirlər (firon) nəsli olan “Qor yoluyla gedənlər” və Assur şahlarının Üşşakki (İşşakku/Sisaka) nəsli – Azərbaycan qızılbaşlarının nəslidir. Mənbələrdə qızılbaşların da adamyeyənlər kimi göstərilməsi, onların öləndən sonra da Allahlar kimi yaşamaları və ruhlarla qidalanmaları mənasındadır. Bu gün Qafqaz ərazisində yaşayan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləri iddia edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Seyidlər özləri haqda bildirirlər ki, - “əgər avam (adi insan) doyunca, molla ölüncə yeyirsə, seyid öləndən sonra da yeyir”. Seyidin öləndən sonra da yeməsi, onun qurban ruhları ilə qidalanması mənasındadır. “Oğuznamə”nin atalar sözlərində də nəzərə çatdırılır ki, “ölüm - pir üçün bayramdır”. Bu isə o deməkdir ki, Azəri pirlərinin (Osiris fironları) nəsli olan seyid-bəglər - ölümsüzlər, yəni Xızır/Azər/Asar/Osiris nəslinin törəmələridirlər.

Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır (54). Buradakı Azəriyyə rəmzi Assuriya rəmzi mənasında, pars rəmzi isə millət, xalq adı kimi yox, müqəddəs pir mənasında işlənmişdir ki, pars (fars) rəmzi də – “pir issi”, yəni “pir ruhu” fikrini ifadə edir. Deməli, qədim mənbələrdə Assur ölkəsi dedikdə, Osiris Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır ki, farslar, yəni pirlərin (fironların) ruhları da burada ölümsüzlük qazanmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Assur (Aşşur), yəni “Al ilbbi Ale” ölkəsi, bizim Azər adlandırdığımız Asar Allahının ölkəsidir. Asar/Azər Allahı isə, İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan tək Allahdır. Azərbaycan, qədim mənbələrdə “iki ölkəni birləşdirənlər” kimi qeyd olunan müqəddəslər ölkəsidir. Bu ölkə ölməz Allahlar, şahlar, mələklər elidir. Azərbaycan seyid-bəglərinin cəddi (əcdadı) olan Rəhman Allah, Özünə və nəslinə qulluq üçün adi insanları və əbədi yaşamaq üçün göydə ruhlar dünyası yaratmışdır. Bütün dinlərin də batini mənaları, Ra-Amon Allahının pak dinin hissələridir və Onun göydə yaratdığı Elə köçmək üçün yazdığı qanunlar toplusudur. Seyid İmadəddin Nəsimi, bu iki dünyanı özündə birləşdirənləri nəzərdə tutaraq yazır:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam...

 Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam və s.

Bütün bunlar haqqında daha geniş və təkzibolunmaz faktlar, “Batini-Quran” və digər kitab və məqalələrimdə göstərilmişdir.

                                     Ədəbiyyat

1.                     «История древнего Востока», Зарождение древнейших классовых обществ и первые очаги рабовладельческой цивилизации: Передняя Азия, Египет, часть 2, М., 1988, стр. 94

2.                     А. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, стр. 27,28

3.                     «Культура древнего Египта» М.,1976. стр. 301

4.                     A. Rəcəbov, Y. Məmmədov, «Orxon – Yenisey abidələri», B., 1993, стр. 104, 134

5.                     Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000. стр. 606

6.                     Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр. 125

7.                     Коран 13/19; 2/179; 13/20; 13/21; 13/22

8.                     «Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр.140

9.                     «Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр. 276

10.                “История древнего Востока”, М., 1988, часть 2, стр. 378

11.                “История древнего Востока”, М., 1988, часть 2, стр. 26

12.                BABIALİ, http://www.diyadinnet.com/YararliBilgiler-1774&Bilgi=babıali

13.                Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, стр. 537

14.                А. Даврижеци «Книга историй», М., 1973, стр.51

15.                Р. Фрай, «Наследие Ирана», М., 1972, стр.150

16.                Платон, «Политик», 269 С

17.                Б. А. Тураев, “История древнего Востока”, том 1. Л., 1935, стр. 135,126

18.                Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том II, стр. 91

19.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 248

20.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 459, 408

21.                М. А. Коростовцев, “Религия древнего Египта”, М., 1976. стр. 124

22.                И. Дьяконов, «История Мидии», М.Л.,1956, стр. 372.277

23.                Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130

24.                Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, «В преддверии философии», М., 1984, стр. 67-68

25.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 441

26.                Библия, Втор. 4:32

27.                Э. Э. Урбах, «Мудрецы Талмуда», Израэл, 1989, стр. 61

28.                У. Бадж, “Египетская религия. Египетская магия”, М., 2000. стр. 29

29.                Р. Шакуров, «Азиз-Ад-Дин Насафи и его трактат «Зубдат ал-хакаик», М., «Наука», 1989, http://www.upelsinka.com/Russian/text_zubdat.htm

30.                «История Древнего Востока», М., 1988, часть 2, стр. 216,220

31.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8

32.                Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, стр. 121,431

33.                Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, стр. 111

34.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 29

35.                Ибн Араби, «Геммы мудрости», гл 1, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm

36.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 302

37.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 61,183

38.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8

39.                М. Хоренаци, «История Армении», кн. I, гл. 12

40.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8

41.                Грэм Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,  http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55

42.                Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, стр.388,389

43.                «Культура древнего Египта», М.,1976, стр. 197

44.                Иованнес Драсханакертци, «Истории Армении», гл. 2

45.                Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр. 190,191

46.                Грэм Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,  http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55

47.                Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, стр. 125

48.                «Kitabi - Dədə Qorqud», B., 1988, səh. 100

49.                M. Seyidov, «Qam-şaman və onun qaynaqlarına ümumi baxış», B., 1994, стр. 27

50.                Ф.  М. Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б., 1993, səh.104-107

51.                «Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, стр. 187

52.                O. Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B., 1993, стр. 47

53.                В. Г. Вишнев, «Древняя Русь и Иран», сайт: http://artifact.org.ru/content/view/205/4

54.                Ал Ягуби, «Книга стран», СМОМПК», вып.38, 1908, səh. 59

                                  

                                                                              Фирудин Гилар Бек

www.gilarbeg.com

gilar@mail.ru

   




Tarix:      www.gilarbeg.com Saytı