Əsl sələfilər kimlərdir? Tarixin sirləri


Qədim Misir mənbələrində “Qor yoluyla gedənlər” adlanan nəsil, ölümsüz Asar/Azər, yəni Osiris Allahının nəsli sayılır. “Şəmsu Qor”, yəni “Qor Allahının yolu ilə gedənlər” dedikdə, göydə Ra günəş diski yaratmış firon Amonun öləndən sonra, ruhunun göyə qalxaraq bu disk ilə birləşib Ra-Amon Allahına çevrilməsi nəzərdə tutulur. Şumer mənbələrində Ra-Amon-Qor rəmzi – Enmerkar kimi yazılır ki, sonradan şumerlilər bu Allahı Asar/Azər, yəni Osiris adlandırdılar. Deməli, “Qor Allahının yolu ilə gedənlər” dedikdə pirlər, yəni fironlar nəslinin göydə ölümsüzlük qazanmış ruhları nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki, göylərə mühacirət etmiş səhabələr elə Qor Allahının yolu ilə gedənlərdir.

Misir mətnlərinə görə insan öləndə, bədənindəki ruh “saxu”ya (sahu) çevrilir və çürüməyən bu yeni bədən göylərdə quş kimi həyat sürməyə başlayır (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Ölümsüzlük qazanmış bu ruh isə qədim Misirdə Ba adlanır və Benu quşu kimi qeyd olunur. Benu [BN] rəmzi isə Batin elmində Nəbi [NB], yəni peyğəmbər rəmzi ilə eynidir. Əgər nəzərə alsaq ki, səhabə (əshabə) rəmzi də Batin elmində “Sahu-Ba” kimi açıqlanır, razılaşarıq ki, peyğəmbərin yolu ilə gedən səhabələr elə göydəki cənnətə mühacirət etmiş və orada ölümsüzlük qazanmış Misir pirlərinin (firon) ruhlarıdır (Sahu). İslamda da Ba ruhu Allah hesab olunur və Vallah, Billah kimi qeyd olunur. Rəvayətlərdə peyğəmbərlər nəslinin quş rəmzində ölümsüzlük qazanması, Gel elində yaşayan günəş nəslinin, öləndə qanad geyərək göy cənnətinə uçması kimi göstərilir. Quranda da insan ruhu quş kimi təsəvvür olunur və hər bir insanın quşunun (ruhunun), öz boynunda bərkidilməsi nəzərə çatdırılır (Quran, 17:13). Bu isə o deməkdir ki, mənbələrdə qızılquş kimi təsvir edilən Qor Allahı və onun yolu ilə gedənlər, Assur mənbələrində İşşakku/Üşşakilər kimi qeyd olunan, bir bədəndə “iki dünyanı biləşdirən” Sisaka (Sahu-Səhabə) nəslidir ki, bunlar da mənbələrə görə Azəri türk bəgləridir (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).

Səhabə [SHB] rəmzi Batin elmində Bahus [BHS] rəmzi ilə eyni məna verir. Bahus/Baxus isə yunan mifologiyasında Vakh, yəni vəhy kimi insanın ekstatik durumunu, vəcdə gəlməni, cuşa gəlməni bildirir. Baxus, Vakh Allahları qədim mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir. Baxus rəmzi – “Bəqa-İssi”, yəni sufinin “Bəqa səviyyəsindəki ruhu” mənasını verir ki, bu da elə Xulul, yəni Allaha (İlah) qovuşma, Allahla vəhdət mənasında olan sufi rəmzdir. Xristianların Qaliley rəmzi də Xulul/Xəlil rəmzidir ki, Batin elmində Xulul/Hulul [XLL/HLL] rəmzi ilə Allah [LLH] sözü eyni mənalı sözlərdir. Bu isə o deməkdir ki, ilk səhabələr bilavasitə İlahla, yəni ilkin materiya ilə vəhdətdə olan müqəddəslər olmuşlar ki, onlar qüdrətinə görə Ra-Amon Allahından heç də fərqlənməmişlər. Buna görə də bu ilk Allahlar, D. Rolun yazdığına görə mənbələrdə – “İbtidai dövrün Böyük Ruhları”, “İnşaatçı Allahlar”, “Müdriklər Qardaşlığı”, “Yaradıcının Törəmələri” və s. adlandırılırlar.

Bütün bunlar o deməkdir ki, ilk səhabələr – tərikə yolunu keçmiş türklər olmuşlar ki, onlar sufizmin ən ali səviyyəsi olan Bəqa, yəni bəglik səviyyəsinə yüksələrək, Allahlara çevrilmişlər. Əflatun onları heç də təsadüfən Allahlar adlandırmır. Mənbələrdə səhabələrin Təbiin, Təbei-Təbiin adlandırılması da Təbiin rəmzinin kökündə duran Təb rəmzinin - təbə gəlmək, yəni cuşa gəlmək mənasında ekstatik durum ilə bağlılığı deməkdir.

Təb rəmzi mənbələrdə Tuba/Taba kimi də yazılır ki, bu da Mədinə şəhərinin digər adıdır. Mənbələrə görə peyğəmbər Mədinəyə çatanda: “Bu da Taba!” demişdir (Аль Бухари, «Ал-Джами ас-сахих», 1872). Əl-Əşari, hədislərin birində Təb rəmzini Tuba kimi qeyd edir və bu rəmzi - Allahın öz əlləri ilə yaratdığı insanla, Edem cənnəti ilə, Tövratla və ağacla (Tuba) əlaqələndirir (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 3). Məhşur sufi şeyxi Şihabəddin Yəhya Sührəvərdi isə işığı - Tuba ağacından axan xəzinə adlandırır və bildirir ki, bu ağac “Allahın nurunun yerləşdiyi çıraqdır” (Quran, 24:35). Hədislərdə bu ağac – çaparın, kölgəsində yüz il getdiyi nəhəng cənnət ağacı kimi qeyd olunur. Bu isə o deməkdir ki, Tuba ağacı burada cənnətin rəmzi mənasındadır ki, quş obrazında olan ruhlar bu ağacın budaqlarında ölümsüzlük qazanmışlar. Əgər biz nəzərə alsaq ki, Batin elmində Tuba [TB] rəmzi ilə Beyt [BT] rəmzi eyni mənalı rəmzlərdir, razılaşarıq ki, bu cənnət elə Allahın göydəki Beyti, yəni Evinin obrazıdır. Təbiin adlandırılan səhabələr də əhli-Beyt mənasındadır. Digər tərəfdən, Batin elmində Beyt dedikdə - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur ki, bu da Təbiin səhabələrinin - elm verilmiş İsrail oğulları olması deməkdir. Mən, “Qurandakı İsrail oğulları - Azəri bəgləridir” adlı məqaləmdə bu haqda yazmışam (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).

Təbiin [TBN] rəmzi ilə eyni mənalı Nəbati [NBT] rəmzi isə mənbələrdə Petra şəhərini tikmiş xalqa aid edilir ki, onların qayalıqda tikdiyi bu şəhərdə həm ölülər və həm də dirilər yaşayırmışlar. Nəbati Allahlarının yaşadığı ərazi isə Beytel (Betil daşı) adlanır ki, bu da elə əl-Beyt mənasında Allah Evinin əhli deməkdir. Nəbati [NBT] rəmzi Batin elmində “Nu-Beyt” [NBT] mənasını da verir ki, bu rəmz “Beyti-Nu” [BTN], yəni Batin [BTN]  kimi də oxunur. Deməli, nəbatilər elə Midiya dağlarınının göylərində cənnət yaratmış batini marlar (amoreylər), yəni əmir-seyidlərdir ki, əl-Beyt, əhli-Beyt dedikdə də məhz bu pirlər nəsli nəzərdə tutulmalıdır.

Təb/Tuba/Taba rəmzləri ən qədim rəmzlərdən hesab olunur. D. Rol bildirir ki, Taba - Nuhun gəmisi (kovçeq) mənasını verən “qutu” və ya “konteyner”dir və məhz bu “sandıq” rəmzli qutuda Musa peyğəmbər uşaq ikən Nil sularına atılmışdır. Misir rəvayətinə görə isə Osiris Allahının bu “qutu”sunu su Qubl (Bibl), yəni Qəbələdə (Qiblə) sahilə atmış və o burada “ağac”da “ucalmışdır”. Bu isə o deməkdir ki, Osiris Allahının bədəni elə ağac rəmzli Mədinə şəhəridir ki, o eyni zamanda ruhlar dünyasıdır. Qədim Misir yazılarında da Mehdi mənasında olan Nu-Asar, yəni Nu şəhərindəki Osiris (yəni Nasar/Nizar) Allahı bildirir ki, o məhz “gözəl sandıqda və ya gəmidə (kovçeq)” qidalanırmış (Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 720). Qutu, sandıq (kovçeq) rəmzinin eyni zamanda ruhlar dünyası mənasını verməsi o deməkdir ki, burada “sandıq” deyəndə, yerin altında gizlənmiş Cəbərut aləmi, “ağac” deyəndə isə, kökləri bu aləmlə bağlı olan Mələküt dünyası başa düşülməlidir. Nuhun gəmisi də “göy suları”nda (efirdə) ölümsüzlük qazanmış ruhların gəmisi mənasındadır.

Mədinə şəhəri, Musa peyğəmbərin vətəni olan Madiam mənasındadır ki, D. Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Ziqmund Freyd  Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir və Kadeş də Midiyanın kadus eli deməkdir. Tarixçi Turayev amoreylər (mar/əmir) ölkəsi olan Kadeşi – Aziru, yəni Azəri şahlığı kimi qeyd edir (Б.А.Тураев, «История древнего востока», 1935, Л., I cild, səh.304). Bu isə o deməkdir ki, Batin elmində Qiblə (Qeyb-eli) - Asar/Osiris Allahının cənnət ağacının rəmzidir və bu ağac da Azərbaycanın Kadus vilayətində yaradılmışdır. Allahın Beyti, yəni Evi də məhz burada mövcud olmuşdur və s.

Səhabə/əshab rəmzi mənbələrdə “əshab əl-hədis”, “əhli əl-hədis” kimi yazılaraq “hədis” rəmzinə aid edilir. Hədis dedikdə peyğəmbərlə bağlı deyimlər nəzərdə tutulur. Lakin bu rəmz eyni zamanda Kadus/Qüds rəmzi ilə də eyni mənalıdır ki, Batin elmində “əshab əl-hədis”, “əhli əl-hədis” dedikdə “Kadus səhabələri”, “Kadus əhli” və ya “Qüds səhabələri, Qüds əhli” başa düşülür. Bu rəmzlər isə onu göstərir ki, peyğəmbərin səhabələri məhz Kadus və ya Qüds rəmzi ilə bağlıdır.

Tarixçi M. Xorenatsi yazır ki, Qüds, yəni Yerusəlim şəhəri tikilib qurtarandan sonra Gel adlanmağa başlandı (М. Хоренаци, kitabI, böl. 60). Tarixçi İ. Əliyev bildirir ki, qədim yunan və s. müəlliflər gel və leq deyəndə kadusları nəzərdə tuturlar (И. Алиев «Очерки Истории Атропатены», Б., 1989, səh.140). Gel eli isə batini-nizarilərin elidir və biz bu eli Gelati-Şiə kimi tanıyırıq. Mənbələrdə Qulat da adlandırılan Gel şiələri batiniliyə həyat vermiş ifrat şiələr hesab olunurlar. Belə çıxır ki, “hədisi-Qüdsi” deyəndə – “Yerusəlim (Gel) əhli olan kadus müqəddəslərinin deyimləri” başa düşülməlidir ki, bunlar da Azərbaycanın Gel elinin (Gelarküni) sakinləri olan seyid-bəglərin elidir.

Məşhur sufi Qəzali, peyğəmbərin səhabələrinin və ardıcıllarının  rəvayətlərini hədis yox - əsər adlandırır. Əsər rəmzi isə mənbələrdə Asar/Assur/Aşşur və s. kimi yazılır və bilavasitə Azəri xalqının adıdır. Bu isə o deməkdir ki, İlahi xəbər gətirən xalq məhz Azəri müqəddəsləridir ki, onları mənbələr batinilər, ismaililər, nizarilər, qızılbaşlar, mülhidlər (mələklər) və s. adlandırırlar. Qədim Misir yazılarında məhz Asar, yəni Osiris Allahı və onun törəmələri adam yeyənlər kimi qeyd olunurlar ki, bu da Misir Allahlarının insan ruhları ilə qidalanması mənasındadır (Б. А. Тураев,  “История древнего востока”, I cild, Л., 1935, səh. 190, 191). Orta və sonrakı əsrlərdə isə adam yeyənlər kimi qızılbaş bidin mülhidləri (məlahi), yəni batini mələkləri göstərilir ki, bu da ölüm mələkləri nəslinin Osiris (Asar/Azər) Allahının törəmələri olması deməkdir. Belə çıxır ki, peyğəmbərin səhabələri, indi Azərbaycan ərazisində yaşayan batini seyid-bəglərin əcdadlarıdır.

Bütün bunlar o deməkdir ki, Batin, Ledun elmində peyğəmbərin səhabələri, sələfilər dedikdə Azərbaycan kadusları (kuddus), yəni müqəddəsləri nəzərdə tutulmalıdır və məhz onlar 5500 il bundan əvvəl Azərbaycan ərazisində Babil qülləsi tikmişlər. Sayı 120000 olan bu ilk varlıqlar,  göydəki cənnətin yerdəki qapısı mənasında olan bu qülləni tikib qurtardıqdan sonra, bu cənnətə mühacirət etmiş və ruhları orada ölümsüzlük qazanmışdır. Onların yerdə qalan nəsli isə nizarilər, ənsarilərdir ki, onlar da üç dinin müqəddəsləri hesab olunurlar. Bu haqda mən – “Ledun elminin əsasları” adlı məqaləmdə məlumatlar vermişəm (http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html). Yurdda qalan bu Təbiin seyid-bəgləri öləndə, yaradılış xüsusiyyətlərinə görə ruhları cənnətin qapısına qədər gedib çıxır və yalnız məhkəmə zalındakı sorğu-sualdan sonra hara gedəcəkləri bəlli olur.

Səhabələrin digər davamçıları olan Təbei-Təbiinlər isə qədim sirləri bilən adi insanlardır ki, onlar da qədimdə batini qanunları bildikləri üçün, dini qanunlara diqqətlə riayət edir və öləndə ruhları cənnətin qapısına qədər gedib çıxırdılar. Batini sirləri bilməyən insanın ruhu isə, cənnətin qapısına qədər olan yolu gedə bilmir və bədəndən çıxan kimi işıqda parçalanır. Çünki, İslamın zahiri mənalarının əsas götürüldüyü vaxtdan Adəm cənnətdən qovuldu və bu da 7-ci əsrə təsadüf edir. Allah, Ararat (Ağrı) dağında insanlarla müqavilə bağlayanda, onlara məsləhət görmüşdü ki, yaxşı-pisi dərk etmə ağacından meyvə yeməsinlər. Bu – qədim yazıların, yəni Quran, İncil, Tövrat və s. kitabların adi insan məntiqi ilə dərk edilməməsi mənasındadır. Lakin insanlar buna riayət etmədilər və sirləri bilmədikləri halda Qurana, Tövrata, İncilə və s. kitablara izah verməyə başladılar və səhv yola düşərək cənnəti itirdilər.

Bu gün peyğəmbərimizin dediyi kimi, yalnız pir, bəg, seyid, şıx, maxtum, ata və s. müqəddəslər nəslinin qarışığı olmayan nümayəndələri cənnətə düşür ki, bu da onların yaradılış xüsusiyətlərinə görədir. Adi insanların cənnətə düşmələri isə artıq yalnız axirətdən sonra mümkün olacaq ki, bu da axirətdə gələcək İsa peyğəmbərlə bağlıdır. Batin elmində İsa peyğəmbər Şiə imamıdır. Şiə (İsa) rəmzi qədim Misirdə - Şu (Sia) kimi yazılaraq “ruh” mənasını verirdi. Yəhudilər Şu rəmzini Yeşua kimi yazaraq İsa peyğəmbər adlandırdılar. İsanın, yəni Şiə imamının ölümündən sonra isə göydə yeni, ikinci ruhlar dünyası yaranacaq ki, Quranda bu dünyanın yaranması – torpaqların dəyişdirilməsi, əvəz olunması və s. kimi göstərilir (Quran,14:48, 21:104, 55:46,62). Göydəki bu dünya isə artıq yeni İslam Eli (Vilayəti) olacaq və yəhudilər bu Eli - Allah, müsəlmanlar isə Əli kimi qəbul edirlər. İsa peyğəmbər insanlarla yeni müqavilə bağlayaraq, onlara yenidən cənnətə düşmə şansı verəcək və bu zaman yalnız İsa peyğəmbəri qəbul edənlər əbədi xoşbəxt həyat qazanacaqlar. Bu haqda mənim – “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə məlumatlar vardır (http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html).

Bu yazılanlar qədim müdriklərin Batin, Ledun və s. adlandırılan elmidir. Daha geniş məlumatlar isə müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

 

                                                                                             Firudin Gilar Bəg

                                                                                      www.gilarbeg.com

   




Tarix:      www.gilarbeg.com Saytı