Törə (Tövrat) sözü nə deməkdir?


            Tövrat, yəni Musa peyğəmbərin xəmsəsi olan Тörə (Tora) kitabı, bildiyimiz kimi seçilmişlərin, yəhudilərin müqəddəs kitabıdır. Bütün qədim mənbələrdə Allah tərəfindən seçilmiş, yəni yəhudi dedikdə Xəzər xaqanı və Xəzər türk bəyləri nəzərdə tutulur. Bu o deməkdir ki, bu günkü yəhudilərin də kökü məhz Xəzər ətrafı ilə bağlıdır və bunu Artur Kestler artıq sübut edib. Ərəb və s. mənbələrində Allah tərəfindən seçilmişlər dedikdə, sufi pirləri nəzərdə tutulurdu. Sufilərin isə xüsusi elmi - batin elmi var ki, bu da bütün dinlərin, fəlsəfələrin kökündə duran elmdir.

           Bu günkü yəhudilər "Törə" sözünü - "qanun, "təlim" və s. kimi mənalandırırlar və başqa heç bir izah verə bilmirlər. Lakin sufi-batinilərin elmində isə bu söz rəmzdir və çox dərin mənalar verir.

            Yalnız samitlərlə yazılan Törə/Tora kitabının adı mənbədə Torah (TRH) kimi yazılır. Torah, yəni "TRH" rəmzi sufilərdə - tarix, tərikə, türk, teurqiya və s. digər rəmzlərlə eyni mənalıdır. "Tərikə" rəmzi sufizmdə - Allahın dərkinə, onunla vəhdətə aparan yol deməkdir. Qədim Misir və Assurda bənzər teurq (teurqiya) sözü - qurban və magiya vasitəsi ilə göydə Allahyaratma mənasını verir. Qədim Misir yazılarındakı "Dünya" və Allahlar da məhz bu yolla yaradılmışlar. Tövratda (Törə) da 7 günə yaradılmış "Dünya" dedikdə məhz teurqların (türklərin) teurqiya ilə göydə yaratdığı bu dünya nəzərdə tutulur. Deməli, Törə/Torah (Tövrat) dedikdə, teurq-türklərin tərikə yolu ilə (teurqiya), yəni qurban və magiya vasitəsilə göydə "Dünya"(cənnət) və s. yaratması nəzərdə tutulur. Bu isə o deməkdir ki, Torah elə Tərikə, yəni Allahın dərkinə, onunla vəhdətə aparan yol deməkdir. Başqa sözlə Torah rəmzini biz Türk, Tərikə, Tarix  və s. kimi də oxuya bilərik.

            Digər tərəfdən, Torah rəmzi ilə eyni mənalı Terax rəmzi – Əhdi-Ətiqdə İbrahim peyğəmbərin atasının adıdır. Quranda İbrahim peyğəmbərin atasının adı Azər kimi keçir. Digər mənbələrdə İbrahimin atası Farra da adlandırılır.

            Qədim İran mənbələrində Farra rəmzini kahinlər İlahi od ilə ələqələndirirlər. Tanınmış alim Meri Boys bildirir ki, İran mifologiyasında Farra, Farn rəmzi – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. O, bu İlahi odu – Farbağın odu adlandırır ki, bu da Farr İlahi odunun bəglərə, yəni sufizmin tərikə yolunun Bəqa (İlahla/Allahla vəhdət) səviyyəsinə yüksəlmişlərinə aid olması deməkdir.

             Sufi-batinilərdə də Farra rəmzi “Efir-Ra” kimi izah olunur və İlkin materiyadan, yəni İlahi oddan yaradılmış Ra günəşini bildirir. Bu isə o deməkdir ki İbrahim peyğəmbərin atasının obrazı – göydə Ra günəş diskini yaratmış qədim Misirin ilk piri, fironu Amonun obrazıdır. İbrahimin atasının adlarının Terax, Farra və Azər olması onu göstərir ki, İbrahimin atasının obrazı – sufizmin tərikə yolu ilə göydə Ra günəşinə çevrilmiş Azər/Asar, yəni Osiris Allahının obrazıdır.

              Bütün bu yazılanlardan isə belə bir nəticə çıxara bilərik ki, Tora/Torah kitabı – Azəri türk bəglərinin, tərikə yolu ilə göydə Ra günəş Allahının, yəni Ra-Amonun (Rəhman) yaradılmasına həsr olunmuş kitabdır. Bu izah, sufi-batinilərin Torah/Tora (Tövrat) rəmzinə verdiyi batini izahdır.

                                                                         Firudin Gilar Bəg

  

    




Tarix:      www.gilarbeg.com Saytı