Süleymanın qızıl məbədgahı Azərbaycandadır


Qədim dünyanın ən sirli abidələrindən biri, yerinin bu günə qədər təyin edilmədiyi Süleyman peyğəmbərin qızıldan tikdiyi 62 metrlik qüllə sayılır.
 
Yəhudilərin Talmud kitabı yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev Moria torpağındadır və məhz bu yerdə İbrahim peyğəmbər İsağın qollarını bağlamış və burada Nuh gəmidən düşüb qurban kəsmişdir. Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır («Talmud», V cild, S. Peterburq, 1903, səh.3). Məlumdur ki, Nuh gəmidən məhz Ararat, yəni Ağrı dağında düşmüşdür (düşməlidir!) və bu ərazidə Moria torpağı dedikdə marların, yəni Midiya maqlarının torpağı nəzərdə tutulur. Bu o deməkdir ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində olmalıdır.
 
Misirin Naq Hammadi ərazisində tapılmış «Həqiqətin şahidliyi» adlı mətnlərə görə Süleyman peyğəmbər qızıldan olan Allah evini məhz cinlərin köməyi ilə tikmişdir. Deməli, Süleymanın Allah evi adi ev yox, cinlər, yəni naməlum varlıqlar tərəfindən tikilmişdir. Digər mənbələrə görə bu ev elə Yerusəlim şəhəridir və bu yeri Allah özü seçmişdir. Yerusəlim şəhərinin digər adının Qüds olması onu göstərir ki, bu şəhəri həqiqətən Midiya maqları, yəni kaduslar tikmişlər. Çünki sufilikdə Qüds [QDS] və kadus [KDS] rəmzləri eyni mənalıdır və məhz bu rəmz İslamda və yəhudilərdə müqəddəsliyi (kuddus/əqdəs/kodeş) bildirir və müqəddəslər nəslinə aid edilir. Belə çıxır ki, Süleyman peyğəmbərin bu günə qədər aşkar olunmamış məşhur Allah evi Midiya adlanan kaduslar – müqəddəslər torpağında tikilmişdir.
 
Əhdi-Ətiqin (Şahlığın III-cü, Paralipomenonun II–ci kitabı) yazdığına görə Süleyman peyğəmbər bu 62 metrlik qülləni, onun içindəkiləri və onun ətrafında olanları təmiz qızıldan yaratmışdır və ən adi hesablamalara görə burada min tonlarla qızıl və bir o qədər də gümüş istifadə olunmuşdur. Lakin buranı daha qiymətsiz edən odur ki, yəhudilərin “müqəddəslər müqəddəsi” saydıqları məşhur «Əhd sandığı» və s. digər ağlasığmaz qiymətli əşyalar da burada saxlanılır.
 
Yəhudilərin Allaha həsr etdikləri bu var-dövlətin Azərbaycanda gizlədilməsini digər faktlar da təsdiqləyir. Belə ki, Toqarma şahı Aaronun oğlu Xəzər şahı İosifin - elmi cəmiyyətin rəhbəri olan İsağın oğlu, Ezranın oğlu Xasdaya məşhur məktubuna görə də «Allahın mövcudluğu olan çadır» Ərdəbil ərazisində yaradılmışdır və müqəddəs əşyalar olan sandıq, şamdan, masa, qurbangah və qablar məhz orada indiyədək qalmaqdadır.
 
Bildirmək istərdik ki, məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çıxan və sensasiyaya səbəb olmuş «Onüçüncü boy» kitabında onlarla sitatlar gətirərək sübut etmişdir ki, əsil yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Və ərəb mənbələrinə görə də əsl yəhudi deyəndə - Xəzər xaqanı və onun köməkçiləri olan bəglər nəzərdə tutulmalıdır. Sufilikdə isə Xəzər [XZR] rəmzi ölümsüzlük qazanmış Xızır [XZR] peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya, yəni «dirilik suyu» ilə bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufilikdə ilkin materiyanın rəmzi olan “X” (”G”/”H” və s.) səsi mənbələrdə bəzən yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni və s. mənbələrdə də Xəzər rəmzi digər yerlərdə Azər kimi qeyd olunur. Bütün bunlar o deməkdir ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi qızıl ev bilavasitə türklərin kadus bəglərinə, yəni müqəddəs seçilmiş bəglərə aiddir və bilavasitə Azərbaycan ərazisində gizlədilmişdir.
 
Lakin mənbələrdə qızıl və gümüşdən tikilən ev dedikdə Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikilmiş İrəm zat əl-Imad şəhəri yada düşür. Sanadan (Yəmən) olan «məcnun şair» - Əbdül Həzrətin «Tayna nekronomikona» (Əl-Əzif) kitabına görə «Sütunlar şəhəri olan» İrəm zat əl-İmad şəhəri müqəddəs və vacib yerdə tikilmişdir. O fiziki yerdə yox, digər ölçü məkanında, ilk yaradılmış varlıqlar tərəfindən yaradılmışdır. Bu yer Böyük Boşluğun gizli qapısı sayılır. Məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girərmişlər. Deməli, İrəm şəhəri yerdə yox, Göydə, yəni ilkin materiyada yaradılmışdır. Bu isə o deməkdir ki, yerdəki İrəm zat əl-İmad şəhəri bilavasitə göydə yaradılmış ruhlar dünyasının obrazıdır. Quranda İrəm rəmzi dünyada bərabəri olmayan «sütunlar şəhəri» adlandırılır. Əgər biz İmad [MD] rəmzinin Midiya [MD] rəmzi olmasının nəzərə alsaq razılaşarıq ki, A. Bakixanovun «Gülistani-Irəm» adlandırdığı cənnətin yolu, yəni İrəm sütunu bilavasitə Azərbaycanda yüksəldilmişdir. Digər tərəfdən mifologiyadan məlumdur ki, qədim mənbələrdə sütun dedikdə göydəki dünyanı (cənnəti) saxlayan sütun nəzərdə tutulur. Herodota görə, göyün sütunu atlantların yaşadığı Atlas dağıdır. Atlas [TLS] rəmzi isə Talas/Toles [TLS] rəmzləri ilə eynidir və bu rəmz ədəbiyyatda Talas türklərinin yaşadığı Talış (qədim Telos) dağları kimi qalmışdır. Belə çıxır ki, Süleymanın qızıl qülləsi qədim Midiya ərazisi olan Talış dağlarının birindədir.
 
Qurana görə, Allah Xud peyğəmbəri əl-Əhqaf, yəni Qaf dağında yaşayan Ad oğlu Şəddadın nəslinə göndərmişdir. Alimlərin fikrincə, Ad tayfası Əhdi-Ətiqdə «xettim» [xatti/xet] adı altında qeyd edilir. Xet rəmzi isə bizə Xuda/Kuti kimi məlumdur və bilirik ki, kutilər bilavasitə Azərbaycan ərazisində yaşamışlar. Əhdi-Ətiqdə Qaf rəmzi Qef kimi qeyd olunur və bu şəhərdəki Oved-Edomun evində bir müddət «Əhd sandığı» yerləşmişdir (2Çar.6:10-12). Məhz burada şah evinin bütün qızıl və gümüşləri və bütün qabları saxlanılmışdır (2Par.25:24). Əhdi-Ətiqdə Oved-Edom merarlı (mar) və levit hesab edilir ki, bu onun mar, yəni midiyalı olması deməkdir. Buradakı Oved rəmzi İslamda Beyt (Ev) kimi, Edom rəmzi isə Adəm kimi məlumdur. Digər tərəfdən, Tövrata görə Allah levitlər (əl-Beyt) üzərinə başçı və məbədgahın keşikçisi kimi Harun oğlu Elazarı (El-Azər) qoyur ki, bu da Adəm evinin bilavasitə Azər elində olması deməkdir.
 
Elazar [LZR] rəmzi kaduslar torpağında, yəni Vər-Gədüz (Yardımlı rayonu) ərazisində Ləzir [LZR] kənd adı kimi qalmışdır. Vər-Gədüz rəmzi Tövratda Kades-Varni kimi qeyd olunur və cənnət ərazisi hesab edilir. Məşhur araşdırıcı Devid Rol cənnəti Təbriz ətrafında axtarır ki, bu da təbii ki səhvdir. Çünki İordana görə İbrahim peyğəmbərin vətəni olan Xarranın Ur şəhəri Təbrizdən iki günlük yol məsafəsindədir. Azər oğlu İbrahim isə Qurana görə ilahi odun mövcud olduğu «binaya» atılmış və bura onun üçün «sərin və zərərsiz bir ölkə»yə, yəni cənnətə çevrilmişdir (Quran, 37:97, 21:69, 2:126-127). İbrahimin Ur-Xarran şəhəri isə Vər-Gədüz ərazisində Urağaran və Aur kənd adı kimi qalmışdır.
 
Qeyd etmək istərdik ki, qədim mənbələrdə qızıl rəmzi Qafqaz dağları kimi rəmzləndirilmiş Midiya dağlarına aparıb çıxarır. Mətnlərə görə Midiya şahlarının qızılları Ekbatanda, daha dəqiqi isə Midiyada olmuşdur. Assuriyada isə Nina oğlu Sardanapal şahın böyük xəzinəsi yerin altında gizlədilmişdir. Bütün bu və digər bütün rəmzlərin açılışı isə bizi bilavasitə Azərbaycanın cənub bölgəsinə aparıb çıxarır.
 
Süleyman peyğəmbərin tikdiyi Allah evinin mənbələrdə bilavasitə göylərlə əlaqələndirilməsi o deməkdir ki, bu evdə Prometeyin (Pir-Midiya) və Madiamlı (Midiyalı) Musa peyğəmbərin göydən gətirdiyi ilahi od, yəni ilkin materiya da mövcuddur. İ. Xarakskiyə görə ilahi od - «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılır. Əl Kufi isə Arşak, yəni Ar-sakın (Quranda Sok-ar) bu yerinin Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsində olmasını yazır. Deməli, göydə «ilahi od»dan yaradılmış cənnət bilavasitə Azərbaycanın cənub ərazisi ilə bağlıdır. Mənbələrdə bu yer Atropaten (Adərbayqan/Adərbadaqan) kimi də qeyd olunur ki, bu rəmz Atro, yəni Adər/Azər elindən və Paten kimi qeyd olunan Napat/Nifatu ərazisindən ibarətdir. Atro/Atar [TR] rəmzi mənbələrdə Troya [TR] kimi də qeyd olunur və bildirilir ki, Muvattalisin müqaviləsinə görə, Makedoniyalı İskəndər məhz Vilus [Troya] şahının götürülmə oğludur. Vilus rəmzinin Viləş/Vəliş yer və çay adları ilə eyniliyi onu göstərir ki, Troyanın qızılları elə Süleyman peyğəmbərin qızıllarıdır.
 
N. Gəncəvi Süleymanın xəzinəsini Key Xosrova aid edir və bildirir ki, Dərbənd yaxınlığında Sərirdəki (Sirr rəmzi) mağarada Key Xosrovun taxt-tacı yerləşir. Digər bir mənbədə isə nəzərə çatdırılır ki, Sasani sülaləsinin sonuncu şahı Yəzdəgird, ərəblərə məğlub olandan sonra Xorasana gedir, qızıl taxtını və çoxlu xəzinəsini özünün Bəhram-Çubin nəslindən olan əyanı ilə Qafqaz dağlarına göndərir və s.
 
Yazdıqlarımızdan belə çıxır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində yerləşir və qədim sirləri bilənin bu yeri tapması mümkündür. Lakin burada əsas məsələ odur ki, bura cənnətlə bağlı olduğu üçün bütün dinlərin də müqəddəs yeridir və buranın açılışı qədim dünyanın bütün sirlərinin açılışına səbəb olacaqdır. Biz yeni çapdan çıxmış «Batini-Quran» kitabında qədim yazıların gizli mənalarını açıb oxuculara çatdırmışıq. Bu qüllənin tapılması isə yazdığımızın doğruluğunu sübut edəcəkdir.